Sovet İttifaqı qəhrəmanının nəvəsi: “Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan kitabları mənimsəyib, vəsaiti ciblərinə qoyurlar”
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında kitabxanaçı işləyən Zoya Süleymanova bu günlərdə redaksiyamıza müraciət edib. O, İnstituda baş verən özbaşınalıqlardan danışıb: “Aylar öncə AMİ Mingəçevir filialında ixtisar adı ilə işdən azad olma təhdidindən sonra ölkə başçısına video ilə müraciət etdim. Müraciətimdən sonra filialda ixtisar söhbəti dayandı. Lakin İnstitutun Mingəçevir filialının sabiq, Zaqatala filialının indiki direktoru Orucəli Rzayev məni məhkəməyə verib, 500 000 manat təzminat qoyub. Haqqını tələb etməyin bədəli 500 000-dirmi? Məndən ixtisar adı ilə 4000 manat istəyib, mən isə borc-xərc edib 1000 manat vermişəm. Tək mən yox, filialın bütün əməkdaşları verib.. Lakin heç kəs ixtisara düşməyib. İndi ayda 120 manat əmək haqqı alan bu ayın əvvəlindən ayın sonuna zorla çatdıran adamdan haqsız ikən 500 000 manat tələb edir. Şahidlərim məhkəməyə gələrək bildirdilər ki, ixtisara düşməmək üçün pul veriblər. Məhkəməyə daha çox adam gələrdi, lakin hamı işdən azad olmaqdan qorxur”.
Zoya Süleymanova bildirdi ki, məlum məhkəmə zamanı onun şahidlərinə təzyiqlər olunub: “Şahidə proses zamanı bildiriş verdilər ki, “sizi də Orucəli müəllim məhkəməyə verib”. Mənim etirazımdan sonra şahid dinlənildi. Audit aktının əslinin gətirilməsi ilə bağlı vəsatət yazmışam. Məhkəmə prosesində katib mənə deyir ki, burda verə bilməzsiniz, vəsatət poçt ilə göndərilməlidir, indi isə gecikmisiniz. Bu hansı qanunvericiliyə sığır? Mən ali təhsilli işçisiyəm, 8 il dəftərxana müdiri işləmişəm. Ərizə yazıb iş materialları və protokollarla tanış olmaq istəyirəm lakin icazə vermirlər. Qərar vermək üçün vaxt təyin etdilər. Gedəndə katib dedi ki, “qaralama yazmışam, vaxtım yoxdu köçürməyə”. Məhkəmə zalında filialın əməkdaşı, şahidim Sevinc Məmmədova ixtisarla bağlı pul verdiyini və mənim də borc axtardığımın şahidi olduğunu qeyd etdi. Bu halda hakim sual verdi: “Zoya xanım sizin yanınızda pul verib?”. Sevinc xanım bildirdi ki, hamı təklikdə verib. Axı kim başqasının yanında rüşvət verər? Mən dəfələrlə tələb etdim ki, Orucəli Rzayevin özü məhkəməyə gəlsin amma o gəlmədi. Şahid Sevinc Məmmədova qeyd edir ki, “adıma 500 vərəqədən ibarət kağıza yerimə imza atılıb, bəzi sənədlərdə sıfırlar qeyd edilib, audit aktında hamısı var”. Hakim məhkəmədə belə bir sual verdi: ”…elə audit aktı varsa bəs Orucəli Rzayev niyə indiyənə kimi Zaqatala filialnda direktor işləyir, niyə Korrupsiyaya qarşı mübarizə idarəsi ona cinayət işi açmayıb?”. Mən hələ də bu sualın nə məqsədlə verildiyini anlamıram…
Orucəli müəllimin vəkili Ruhiyyə xanım məhkəmə prosesi zamanı bildirdi ki, biz Maliyyə Nazirliyindən komissiya gətirmişik, o, audit aktını ləğv edib. Mən inanıram ki, Orucəli Rzayev komissiya gətizdirib, amma anlaya bilmirəm ki, audit aktını necə ləğv etmək olar? Hal-hazırda filialın kitabxanasında işləyirəm. Onlarla ciddi maliyyə pozuntusundan qeyd edib deyirəm ki, Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan kitabları mənimsəyib, vəsaiti ciblərinə qoyublar. Dəftərxanada aparılan yoxlama zamanı bilindi ki, köhnə möhürün vaxtında təzə, təzənin vaxtında köhnə möhürlü əmrlər var, əmr kitabları dəyişdirilib. O.Rzayev baş mühasiblə əlbir olub işçilərin adına mal-material yazaraq yerinə imza edib, dövlətin pulunu oğurlayıb. İxtisar adı ilə millətin pulunub yığıb, ah-nalə yiyəsi olub, gələn-gedənin cibinə pul basıb əməllərini ört-basdır edir. Rusiya Federasiyyasında olan tələbədən rüşvət alıb aylığa buraxaraq kursdan kursa keçirib. Onun təhsilə olan ləkəli əməllərini bütün şəhər bilir”.
Kitabxanaçı ölkə rəhbərliyinə müraciət edərək qeyd etdiyi qanunsuzluğa son qoyulmasını xahiş edib: “Mən Böyük Vətən müharibəsində 1945-ci ildə Polşada vətən uğrunda igidliklə həlak olan Sovet İttifaqı qəhrəmanı Qolovçenko Qavrilovun nəvəsiyəm. Atam Süleymanov Cuma Cümşüd oğlu Bakı Metropoliteninin tikintisində gördüyü işlərə görə Heydər Əliyev tərəfindən medalla təltif olunub. Lakin, Orucəli Rzayev iddia ərizəsində mənim ləyaqətimi, mənliyimi alçaldıb. O, öz qanunsuz əməlləri ilə məni intihara təhrik edir. Ölkə başçısına, möhtərəm prezidentə, Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Təhsil Nazirliyinə müraciət edirəm. Mənim harayıma səs verərək kömək etsinlər. Bu qanunsuzluğa, özbaşınalığa son qoyulmasını təmin etsinlər”.
Qeyd edək ki, qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Musavat.com
COMMENTS