Müəllimlər günü pul yığımı və nazirliyin sədaqət andı…

“Həyat yoldaşım vəfat edib, iki uşağı tək böyüdürəm. Xəstəxanada xadimə işləyirəm.

 

Məktəbdən zəng vurub deyirlər ki, Müəllimlər Günü ilə bağlı 25 manat pul göndər. İki uşaq üçün 50 manat verməliyəm. Bəs neyləyim? Verməyəndə uşaqlarım boynubükük gəzir. Müəllimə varlı ailələrin uşaqlarını “Aytəncik”, “Əhmədcik” deyə boynunu qucaqlayır, mənim uşaqarım da sınır. Məktəbdə tədbir keçirəndə mənim uşaqlarımı dəvət etmirlər. Kasıbdan hamı bezib…”

Bunu virtualaz.org saytının əməkdaşı ilə söhbətində valideyn Vəfa Məmmədova deyib.

…Keçmiş təhsil naziri Misir Mərdanovun rəhbərliyi dövründə məktəblərdə şagirdlərdən pul yığılması ənənə halını aldı. Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür və hər il olduğu kimi bu il də məktəblərdə pul yığımına başlanılıb.

Doğrudur, yeni təhsil naziri Mikayıl Cabbarov təhsildə “al gülüm, ver gülüm” ənənəsi ilə mübarizə aparmağa çalışır. Amma bu mübarizə müəllimlərin sədaqət andından və direktorlara xəbərdarlıqdan kənara çıxmır.

Elə bu mübarizə tədbirlərinin biri də nazirliyin Müəllimlər Günü açıqlamasıdır. Təhsil Nazirliyi mətbuat vasitəsilə direktorlara xəbərdarlıq etdi ki, bayramla bağlı pul alan müəllim və direktorlar cəzalandırılacaq, onlar işdən çıxarılacaq. Lakin nazirlik onu da deməyi unutmadı ki, yalnız ünvanlı müraciətlərə, yəni etdiyi şikayətlərin ardında dayanmağı bacaran valideynlərin şikayətinə baxılacaq.

“Qaynar xətt”ə müraciət edənlər adlarını, məktəbin adını dəqiq söyləməlidir. Yoxsa bu şikayət müəllimin nüfuzuna xələl gətirən yalan, iftira kimi bir kənara atılacaq.

Doğrudur, nazirliyin məlum xoşniyyətli açıqlaması bir çoxları tərəfindən müxtəlif cür yozuldu. Hətta Təhsil Nazirliyinin facebook səhifəsində “Siz nə işlə məşğulsunuz, niyə araşdırma aparmırsınız?” sualını verənlər də oldu.

Nazirlik də belə cavab verdi ki, bizim bütün müraciətləri araşdırmağa vaxtımız yoxdur, direktorların sayı çox, bizim sayımız azdır…

Virtualaz.org saytı Müəllimlər Günü və digər bəhanələrlə pul tələb edən məktəblərlə bağlı araşdırma aparıb.

Bəlli olub ki, valideynlərin ünvansız şikayətləri səbəbsiz deyil.

10 saylı məktəbdə “qaynar xətt” hədəsi…

İlk getdiyimiz yer Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov, 1 ünvanında yerləşən 10 saylı məktəb oldu. Mətbuatda ara-sıra tənqid olunan məktəbin girəcəyində elan vurulub. Elanda yazılıb ki, Müəllimlər Günü ilə bağlı pul yığılmır, valideynlər pul verməsinlər.

Direktorun bu addımını təqdir edib məktəbin qarşısına yığılmış valideynlərlə söhbətə başladıq. Bəlli oldu ki, elanda deyilənlərə əməl edilir, müəllimlərə pul verilmir, amma… Amma məlum oldu ki, valideynlər məktəbə gətirdikləri “bayrampulunu” geri də qaytarmırlar. Onu müəllimlərə də olmasa Valideyn Komitəsinin sədrlərinə verirlər.

Valideyn Asif Babayev dedi ki, Valideyn Komitəsindən evə zəng vurub 25 manat istəyiblər: “Mənim qızım ibtidai sinifdə oxuyur. 25 manat istədilər, verdim. Dedi ki, pul yığılmasa, sinif rəhbərinin maaşından çıxacaqlar. Sinif rəhbəri də yığılan pulu dərs hissə müdiri və direktorla bölür”.

Valideynlərin sözlərinə görə, Təhsil Nazirliyinin tapşırığından sonra məktəbə elan verulub, müəllimlərin dilindən izahat alınıb. Amma sinif rəhbərlərinə pul yığılması üçün tapşırıq veriblər: “Sinif rəhbərləri direktorun icazəsi olmadan pul yığa bilməz. Ən azından şikayət edilən müəllimlərə qarşı tədbir görülərdi. Direktor qabaqlayıcı tədbirlərlə sığortalanıb”.

Amma valideynlərin şikayətləri Müəllimlər Günü ilə yekunlaşmır. Adının açıqlanmasını istəməyən valideyn deyir ki, gələn il 1-ci sinifə gedəcək övladını məktəbdə açılan kursa yazdırmalıdır: “Birinci sinifə hazırlıq kursları açılıb. Deyilənə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tapşırıq verib ki, hərf tanımayan uşaqlar məktəbə götürülməsin. Keçən illərdə də kurslar vardı, amma uşaqları pulsuz öyrədirdilər. Amma indi aya 40 manat ödəməliyəm. Mən güclə dolanıram. 40 manat necə verim? O biri övladım burada oxuyur, bunu da bura qoymağa məcburam. Məktəbin mühafizəsi üçün ayda 5 manat yığılır – veririk. Xadimələr siniflərin pəncərəsini silir, deyirlər pul yığıb hörmət edin – veririk. Uşaqlar ibtidaini bitirir, deyirlər yaxşı müəllimləri bron edin – edirik. Ver, ver, ver… Amma hardan?”

“Bəs niyə şikayət etmirsiniz” sualına valideynlərin cavabı isə təhsil sistemində baş verən daha bir biabırçılığı üzə çıxardı: “Əvvəllər “qaynar xətt”ə şikayət edirdik. Dərhal da müəllimə və ya direktor “dünən “qaynar xətt”ə şikayət etmisiniz” deyə iclasda bizi məzəmmət edirdi. Etdiyimiz şikayətləri araşdırmaq əvəzinə direktora məlumat verirdilər, müəllimlər də uşaqlarımızı sıxışdırırdı. Bəzən narazılıq edəndə digər valideynlər “5-10 manatın söhbətini edirsiniz” deyə bizə irad bildirir. Belə çıxır ki, “qaynar xətt” anonimliyi qorumur, direktora işləyir. Biz də artıq onlara etibar etmirik”.

Məktəbdə olarkən bir məsələni də öyrənirik. Ötən il virtualaz.org saytında bu məktəbdəki şəhidin adını daşıyan lövhənin götürülməsi ilə bağlı məlumat verilmişdi. Məlumatın kim tərəfindən ötürüldüyünü öyrənə bilməyən direktor qapıçını işdən çıxarıb. Bununla da müəllim və digər işçilərə belə mesaj verilib ki, şikayətçinin axırı qovulmaqla nəticələnəcək.

Məktəbin direktoru jurnalistlər məsələsini də “həll edib”. Sinif rəhbərləri iclaslarda valideynlərə çatdırıblar ki, baş verən narazılıqları mətbuata ötürmək lazım deyil, çünki məktəbə jurnalistlərin biri gəlir, biri gedir və direktor narazılıqları elə yerindəcə “həll edir”.

Məktəbin direktoru Leyla Məmmədova yerində olmadığından deyilənlərə münasibət öyrənə bilmədik. Amma onu münasibətini vermək haqqını xatırlatmaqla digər məktəbə keçirik.

Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 1 ünvanında yerləşən 65 saylı məktəbdə də vəziyyət fərqli deyil. Amma Təhsil Nazirliyinin xəbərdarlığı “işini görüb”. Burada valideynlərə deyiblər ki, kimin nəyə gücü çatırsa, o qədər də versin.

Valideyn Zəminə Əhmədova deyir ki, məktəb açılandan bəri burada pul yığılır: “Nəvəm burada oxuyur. Müəllimlər Günü, 8 mart bayramlarında pul verilməlidir. Biz bu dəfə 20 manat göndərdik. Yenə də peşə bayramını başa düşürük, keçən il 8 martda direktor pul yığırdı. Direktora dedilər ki, 8 mart axı qadınların bayramıdır, siz isə kişisiniz. Direktor da qayıdıb belə cavab verdi ki, evdə yoldaşıma aparacam. Bu sistem düzəlməyəcəksə, başımızı niyə ağrıdaq?!”

Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2 ünvanında yerləşən 257 saylı tam orta məktəbdə də Müəllimlər Gününə şıdırığı “hazırlıq” gedir.

Valideyn Rəhman Əliyev deyir ki, Müəllimlər Günüə görə məktəbə 20 manat verib: “Mən 20 manat verdim. Dedilər ki, direktorun tapşırığıdır”.

“Bəs niyə verirsiniz” sualına maraqlı cavab alırıq: “Mənim uşağım kimdən əskikdir?! Başqaları müəllimin gözünə girmək üçün evinə qonaq çağırır, sonra da şəkilləri sosial şəbəkədə yayıb bir-birlərini qıcıqlandırırlar. Pul verməyəndə müəllimlər övladımla yaxşı məşğul olmazlar”.

“Məndən pul istədilər, dedim vermirəm. Dedilər ki, sənin əvəzinə sinif rəhbəriu verməlidir, o yazıq da 200 manat maaş ala, ya almaya, maaşından niyə versin ki…” – bunu isə övladı həmin məktəbdə oxuyan valideyn Nəzakət xanım söylədi…

Təhsil Nazirliyinin bu deyilənlərə etiraz və ya iradı ola bilər. Amma nəzərə çatdırırıq ki, təhsil məmurları adıçəkilən məktəblərin qarşısına getməklə vəziyyəti özləri də görə bilərlər. Bunun üçün valideynlərə yaxınlaşıb bir kəlmə soruşmaq kifayət edir…

Səbayel rayonu, Badamdar qəsəbəsi, 239 saylı məktəbdə də tədris mövsümü boyu müxtəlif bəhanələrlə pul yığılır. Bunu da övladları həmin məktəbdə oxuyan valideynlər deyir.

Ümumiyyətlə isə pul yığımı ilə razılaşmayan sinif rəhbərləri direktorların ciddi təpkisi ilə üzləşirlər. Yığılan pullar “nərdivan üsulu” ilə müəllimdən direktora, direktordan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qədər yol qət edir.

Nazirliyin facebook səhifəsinə ünvanlanan şikayətləri və bu sosial şəbəkədə paylaşılan açıqlamaları da nəzərinizə çatdırırıq:

“Oğlum 49 saylı məktəbdə oxuyur. Müəllimlər günü ilə bağlı 20 manat yığıldı”.

Səriyyə Bayramova: “Qızım Səbayel rayonu 163 saylı məktəbdə oxuyur. 30 manat verdik”.

“Məktəbdə xadimələr şərt qoyub, pul verməyən valideyn gəlib sinfi süpürsün. Bizə ancaq koridoru təmizləməyə pul verirlər”.

Məmməd Məmmədov: “Fond puluna hər ay 10 manat istənilir. Uşaqları dərsdə incidirlər. Mikayıl Cabbarov, 175 saylı məktəbdən xəbəriniz var”.

Daha bir istifadəçi yazır ki, Nərimanov rayonunda yerləşən Pişəvəri adına məktəbdə ibtidai siniflərdən 20 manat, yuxarı siniflərdən isə 50 manat yığılır.

“Xətai rayonundakı 138 saylı məktəb şitin-şorun çıxarıb”.

“245 saylı məktəb yaddan çıxıb. Pul verməkdən bezmişik”.

“Sumqayıt şəhərindəki 35 saylı məktəbdə Müəllimlər Günündə 15 manat istənilir. Amma təhsilin keyfiyyəti aşağıdır”.

“Gəlin 251 saylı məktəbdə sorğu keçirin. Deyirlər ki, direktor pul yığıb ziyarətə gedəcək”.

“138 saylı məktəbdə vəziyyət lap pisdir. Müəllimpulu, fondpulu, xadiməpulu, kserokopiya pulu… Direktor isə guya seyiddir”.

“12 saylı məktəbdə Müəllimlər Gününə pul yığılır”…

Biz təbii ki, bütün məsuliyyəti sinif rəhbərlərinin və ya məktəb direktorlarının üzərinə atmaq istəmirik. Valideynlər də pul verməklə, “uşağım kimdən əskikdir axı…” deyə sanki pul yarışına çıxmaqla günahkardır.

Amma Təhsil Nazirliyi də bilməmiş deyil ki, 17 ildə formalaşan sistemlə mübarizə aparmaq üçün xəbərdarlıq işə yaramayacaq. Təhsil sistemindəki rüşvətin kökünü kəsmək üçün Makedoniyalı İsgəndərsayağı düyünü qılıncla kəsməkdən başqa çarə yoxdur. Necə deyərlər, bu düyün, bu da qılınc… Sadəcə istək və iradə lazımdır.

COMMENTS