Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub. Nəticədə, Azərbaycan ordusu 3 şəhid verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıb. “Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhədində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb. Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var. Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyir! Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir”, – deyə məlumatda bildirilir. Həmçinin MN-dən verilən məlumata görə, keçən gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kənlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Mərzili, Şuraabad, Qaraqaşlı, Novruzlu, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub.
COMMENTS