Toplantıda 2015-ci ilin birinci yarısında Müdafiə Nazirliyinin tibb xidmətinin fəaliyyəti təhlil edilib.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qış tədris dövrünün yekunlarına həsr olunmuş toplantı keçirilib.
ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantı Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb. Daha sonra Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək 2015-ci ilin birinci yarısında tibb xidmətinin fəaliyyətini təhlil edib. O, tapşırıqların yerinə yetirilməsi, aparılan profilaktik tədbirlər sayəsində hərbi qulluqçular arasında xəstələnmə səviyyəsinin xeyli azalmasını diqqətə çatdırıb.
Natiq Əliyev bildirib ki, hərbi qulluqçular bu gün müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunmuş hərbi tibb müəssisələrində müayinə və müalicə olunurlar.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində toplantı
Toplantıda Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına, stasionar və səhra hospitallarının rəhbərliyinə ehtimal olunan döyüş fəaliyyətlərinə hər an hazır olmaları barədə və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib.
Tibb hərbi hissə və müəssisələrin rəhbərləri qış tədris dövründə görülən işlər haqqında, tapşırıqların hər an yerinə yetirilməsinə hazır olmaları barədə məruzə ediblər. Sonda 2015-ci ilin ikinci yarısı üçün tapşırıqlar dəqiqləşdirilib, xidmətdə fərqlənən hərbi qulluqçular təltif olub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
COMMENTS