Son vaxtlar erməni kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri hünər və şücaət ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır.
Cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri şəhidlərimizin dəfn mərasimlərində yaxından iştirak edir, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin xatirələrinə öz ehtiramlarını bildirirlər. Bir həqiqəti qeyd etmək vacibdir ki, ordumuzun ön xətdəki uğurları vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb. Müdafiə Nazirliyinin ünvanına gələn saysız-hesabsız məktublarda, müraciətlərdə vətənpərvərlik hissləri, ordumuzun şəxsi heyətinə rəğbət və dəstək ifadə olunur.
Modern.az-ın məlumatına görə, bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.
Nazirlik bildirib ki, Azərbaycanın müxtəlif bölgələrindən və ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılardan, bir sıra xarici ölkələrdən, o cümlədən, Türkiyə Respublikası vətəndaşlarından Müdafiə Nazirliyinə gələn məktub və elektron müraciətlərin sayı gündən-günə artır. Onlar Azərbaycan əsgəri ilə həmrəy olduqlarını bildirir və torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini ifadə edirlər.
Müdafiə Nazirliyi Azərbaycanın müxtəlif yerlərindən Türkiyədən daxil olan müraciətlərdən bəzilərini təqdim edib.
Ehtiyatda olan hərbi qulluqçu Abbas Məstəliyevin müraciətində vətənpərvərlik duyğuları ifadə olunub. O, yazır ki, bu gün ehtiyatda olsa da, müharibə başlayacağı anda könüllü döyüşçülər sırasına qəbul edilnməyini xahiş edir.
Başqa bir məktubun müəllifi isə, paytaxt sakinlərindən biri – Emin Hafiz oğlu Tarverdiyevdir. O, müraciətində qeyd edir: “Cənab nazir, minlərlə ölkə vətəndaşı kimi, mən də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazıram. Silaha sarılıb döyüşlərə başlamaq üçün Sizin əmrinizi gözləyirəm!”.
15 ildən artıq Azərbaycanda ailə həyatı qurub yaşayan Türkiyə vətəndaşı Erhan Erdok da nazirimizə ünvanladığı müraciətdə Azərbaycan torpaqlarının müdafiəsi üçün savaşa hər an hazır olduğunu bildirir.
Yenə də qardaş Türkiyədən Yıldırım Necdət Əhməd soyadlı vətəndaş ürək yanğısı ilə Azərbaycandakı son olaylara münasibətini bildirir və könüllü olaraq döyüşçülərimizlə çiyin-çiyinə savaşa atılmağa hazır olduğunu arzulayır.
Arslan Volkan Tevfik adlı Türkiyə vətəndaşı müdafiə nazirinə yazdığı müraciətində ürək yanğısı ilə bildirir ki, 12 ildir Azərbaycanda yaşayır, həyatının xeyli hissəsi burada keçib. “Məhz burada ailə həyatı qurmuşam, övladlarımı böyütmüşəm. Müharibəyə səfərbərlik olarsa, məni də nəzərə almağınızı xahiş edirəm. Bu Vətən üçün, Azərbaycan üçün canımı fəda etməyə hazıram.”
Ümran Həsrət Nuri deyir: “Möhtac olduğun qüdrət, damarlarımda axan qanda mövcud isə, qardaşıma fəda olsun. İki Dövlət Tək Millət!”.
Ehtiyatda olan türk hərbçiləri Arıbaş Hasan və Kılıç Kadir də nazirliyin ünvanına göndərdikləri müraciətlərində ən səmimi duyğularını ifadə edərək Vətənimizin dar günündə bizə yaxından dəstək olacaqlarını bildiriblər.
17 yaşlı Elvin Daşdəmirovun müraciətində isə deyilir: “Hazırda Rusiyada yaşayıram. Sizə müraciət etməkdə məqsədim odur ki, səfərbərlik olsa, Vətən uğrunda müharibə olsa məni də çağırmağınızı xahiş edirəm, hətta yalvarıram. Valideynlərim buna icazə verməsələr belə mən könüllü olaraq getmək istəyirəm. Xahiş edirəm, yalvarıram məni də aparın!”
COMMENTS