“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir…”

“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir…”

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev müharibə şəraitində təhlükəsizlik qaydalarıyla bağlı insanlara öz tövsiyələrini verib.
E.Nurəliyev açıqlamasında bildirib ki, insanların bu biliklərə malik olması çox vacibdir:
“Hərbi vəziyyət dövründə insanların davranışı, hərəkətləri, təhlükə riski olduqda nələrə diqqət etmələri, şübhəli əşya, yaxud insanlar gördükdə necə rəftar etməli olduğuna dair ilkin biliklərə sahib olması çox önəmlidir. Hər gün mətbuatı izləməklə gündəlik xəbərlərdən məlumatlı olmaq lazımdır. Bu, insanları yalan informasiyanın təsirinə düşməkdən qoruyar. Ciddi zərurət yoxdursa, harasa səfər etmək, bir yerdə toplaşmaq olmaz. Bu həm yollarda nəqliyyatın sıxlığına səbəb olar, həm də mövcud pandemiya ilə əlaqədar olaraq virusun geniş bir miqyasda yayılmasına səbəb ola bilər ki, müvafiq qurumlar üçün əlavə yük olar.
Sağlamlığımıza diqqət yetirək, özümüzü digər xəstəliklərdən və fiziki olaraq digər zədələrdən qorumalıyıq. Tanımadığımız şəxslərlə hər hansı informasiyanı bölüşmək olmaz. İş yerlərində, sənaye müəssələrində və digər istehsalat obyektlərində texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır ki, istehsalatda hər hansı bədbəxt hadisə baş verməsin. Nəzərə almalıyıq ki, ön cəbhədə gedən döyüşlərdə arxa cəbhənin iqtisadiyyatının rolu böyükdür. Strateji yerlərdə işləyən şəxslər öz iş yerlərində foto-video  çəkib sosial şəbəkələrdə və digər internet platformalarında paylaşmamalıdır. Xarici ölkənin jurnalistləri, blogerlərinin keçirdiyi sorğuda iştirak etmək təklifi olarsa, diqqətli olmaq lazımdır, hərbi məlumatlar bölüşmək olmaz.
Tanımadığınız şəxslərin sizə yaxınlaşaraq hər hansı dövlər qurumunun yerini, hər hansı strateji obyektin ünvanını və yaxud qonaq olduğunu bildirib sizin adınıza mobil nömrə qeydiyyata almaq kimi təkliflərinə qəbul etməyərək, dərhal hüquq mühafizə orqanlarına məlumat vermək lazımdır. Ümumiyyətlə,  isə hər kəs, iş yerlərində, evlərdə fövqəladə vəziyyətdə necə davranmaq, təhlüksiz toplanış yerlərini necə seçmək lazımdır kimi ilkin biliklərə sahibdir, onları bir daha nəzərdən keçirmək lazımdır. İnsanlar hər zaman olduğundan daha çox ayıq-sayıq olmalı, şübhəli əşya, qurğu və çanta gördükdə ona toxunmasınlar, digər şəxslərin də toxunmamasını təmin etsinlər və hüquq mühafizə orqanlarına məlumat versinlər. Həmçinin özünü şübhəli aparan insanlar gördükdə onların üz gizgilərini, əlində üzündə olan xal, ləkəni yadda saxlasın, geyiminə və üzərində olan aksesuarlara diqqət etsinlər. Qocalara, yaşlılara və tənha yaşayan şəxslərə qarşı diqqətli olmaq lazımdır, onlara ordumuzun uğurları barədə məlumatları vermək, ehtiyyacları varsa, kömək etmək lazımdır. Uşaqlara bu tarixi günlərdə ordumuzun şücaətindən danışmaqla vətənpərvərlik hisslərini aşılamağın gözəl zamanıdır.
Ekspert komendant saatının tələbinə ciddi riayət etməyin vacib olduğunu bildirib:
“Diqqət yetirməli olan əsas məqamlar bunlardır ki, insanlar şaiyələrə, rəsmi olmayan xəbərlərə inanmasınlar, onları sosial şəbəkələrdə paylaşmasınlar, hərbi məlumatları ancaq rəsmi mənbələrdən alsınlar və bölüşsünlər, hərbi texnikaları, hərbiçilərin foto-videosunu paylaşmamalı, komendat saatının tələblərinə əməl etsinlər, strateji yerlərdə işləyənlər öz iş yerlərindən foto-video çəkib paylaşmasınlar, özləri və digərlərini də məsuliyyətli olmağa sövq etsinlər. Ona görə insanlar tam əminliklə Ali Baş Komandana güvənir, inanır və bir yumruq kimi onun ətrafında birləşib”.
DOSYE.ORG

COMMENTS