Müharibəyə hazır olmalıyıq, çünki… – Komitə sədri açıqladı

Müharibəyə hazır olmalıyıq, çünki… – Komitə sədri açıqladı

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Ziyafət müəllim, Avropa İttifaqının missiyası artıq Ermənistanda fəaliyyətə başlayıb. Sizcə, birtərəfli qaydada hansısa monitorinq aparmaqla konstruktiv mövqe sərgiləmək nə dərəcədə məntiqlidir?

– Hazırda Avropa İttifaqının Ermənistana sülh missiyası adı altında kəşfiyyatçılar, hərbçilər, polislərin əraziyə gətirilməsi başqa mətləblərdən xəbər verir. Əslində Ermənistanın burada niyyətinin tamamilə başqa cür olduğu aşkara çıxdı. Yəni, bu missiyanın Azərbaycanla razılaşdırılmadan Ermənistan gəlməsi bir daha göstərdi ki, bu ölkənin sülhün əldə edilməsində zərrə qədər də marağı yoxdur. Ermənistan təmsilçiləri beynəlxalq platformalarda özünü yazıq, məzlum kimi göstərir. Amma ölkəyə qayıdan kimi başqa bəyanatlar verirlər. Çünki Ermənistanın niyyəti odur ki, sülh prosesini manipulyasiya etsin. Onların bu davranışları indi də davam edir.

– Aİ-nin missiyasının Ermənistana gəlişindən bir gün sonra Azərbaycana qarşı hərbi təxribat baş verdi. 5 istiqamətdə Azərbaycan əraziləri atəşə tutuldu. Missiyanın gəlişi ilə təxribatin baş verməsi təsadüfdür?

– Əslində son hərbi təxribatlarla bu missiyanın da məqsədinin nədən ibarət olduğu aşkara çıxdı. Çünki onlar bura xüsusi bir tapşırıqla gəlib. Məqsəd də mümkün sülh prosesinə mane olmaqdır. Azərbaycan qalib dövlət olmasına baxmayaraq Ermənistana sülh əlini uzadıb. Bir il öncə Azərbaycanın 5 bənddən ibarət sülh konsepsiyası Ermənistana təqdim olunub. Erməni tərəfi ilk dövrdə bu sülh konsepsiyasına razı olduğunu bildirmişdi. Görünür Ermənistana kənardan məsləhət verənlər sülh müqaviləsinin imzalanmasına əngəl törətdilər. İndi də Ermənistan da bu yolla gedir. Lakin erməni tərəfi anlamalıdır ki, bu uğursuz bir yoldur və sonu yoxdur. Çünki bu cür xətti tutmaqla Ermənistan yalnız özünün çətin vəziyyətini daha da ağırlaşdırır.

– Rusiyanın həm missiyanın göndərilməsi, həm də Ermənistanın ABŞ-ın və Qərbin diqtəsi ilə atdığı addımlara reaksiyası necə olacaq?

– Rusiya Xarici İşlər Nazirliyi ilə ilk gündən buna etiraz etmişdi. Onlar bildirmişdi ki, Avropa İttifaqının Ermənistana göndərilən missiyası Azərbaycanla razılaşdırılmış formada olmalı idi. Rusiya tərəfi də buna tərəfdar olmadığı açıqlamışdı. Vurğulanırdı ki, bu addım regionda vəziyyəti daha da gərginləşdirəcək. Faktiki olaraq indiki proses də məhz gərginliyə doğru gedir. Çünki Azərbaycanın ərazilərinin digər bölgələri ilə yanaşı rus sülhməramlılarının məsuliyyət zonasına daxil olan hissəsi də qanunsuz erməni silahlıları tərəfindən atəşə tutulub.

– Sülh prosesi qeyri-müəyyən vaxta qədər uzanıb. Belə olduğu halda müharibə təhlükəsi daha real görünür. Bu təhlükəni necə dəyərləndirirsiniz?

– Sözsüz ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Amma sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq. Çünki bizim Ermənistan kimi qonşumuz var. Onlara isə heç vaxt etibar etmək olmaz. Azərbaycanın istəyi o idi ki, prosesi siyasi-diplomatik yolla həll etsin. Amma bu yolu onlar anlamırsa, başa düşdükləri dildə yəni, Dəmir Yumruqla danışılacaq. Bu gün Fransa kimi ölkələrin onlara hansısa bir dəstək verməsi heç nəyi həll etmir. Emannuel Makron isə özünü Napaleon Bonapart kimi aparmaq niyyətinə düşüb. Amma hamı bilir ki, ondan Napaleon olmaz. Eyni zamanda Fransa keçmiş Minsk qrupunun olduğu dövrdə belə Ermənistana açıq-aşkar tərəfkeşlik edib. Amma bu fəaliyyət heç bir nəticə verməyib.

– Ermənistanın himayəçisi İranın bu məsələlərə susqun yanaşması nədən qaynaqlanır? İranın rəqibi olan Qərbin Ermənistanda mövqe tutmasına bu ölkənin heç bir reaksiya verməməsinə səbəb nədir?

– Bu çox maraqlı məqamdır. İranın susqunluğu məlum deyil. Çünki Ermənistan ərazisinə dəvət edilmiş həmin missiyanın tək Azərbaycanla serhəd xətti boyunca işlər aparmayacağı bəllidir. Qərb missiyasının tərkibində olan kəşfiyyatçılar Ermənistanın İranla olan sərhədinə də nəzarət edəcək. Ermənistanda olan Rusiyanın hərbi bazası da mütləq ki bu missiyanın diqqətindən kənarda qalmayacaq. İran da nəhayət ki bunları başa düşməlidir. Maraqlısı isə odur ki, İran bu bölgəyə kənar qüvvələrin gəlməməsi üçün bəyanatlar verirdi. İndi Ermənistana Avropa İttifaqının uzunmüddətli hərbi kontingenti gəlib. Sual olunur ki, İran niyə buna etiraz etmir? Azərbaycanı az qala gündə bu məsələ ilə bağlı təhdid edən İranın Ermənistana Fransa jandarmasının, Almaniya polisinin və digər kəşfiyyat orqanlarının gəlişinə etirazını hələ heç kəs eşitməyib. Nəhayət, İran görməlidir ki, Ermənistandan dost olmaz. Çünki indi Ermənistan ona da xəyanət etmiş oldu. Ümumilikdə isə bu dünya var olandan qorxu, güc üzərində bərqərar olub. Gücün varsa haqlısan, gücün yoxdursa haqqın yoxdur. Ona görə də, biz ölkə olaraq həmişə güclü olmalıyıq və güclü də olacağıq.

DOSYE.ORG

COMMENTS