“Qarabağ”ın və millimizin hücumçusu Musa Qurbanlı karyerasını İtaliyada davam etdirə bilər.
Qol.az “Tutto Mercato”ya istinadən xəbər verir ki, gənc istedad axtarışında olan A seriyası təmsilçisi “Torino”da diqqətlər Qurbanlıya yönəlib.
Məlumata görə, bu işlə Turin klubunun idman direktoru və skaut şöbəsinin rəhbəri Davide Vaqnati özü məşğul olur.
“Torino”nun xorvat baş məşqçisi İvan Yuriçin komandaya Balkan ölkərindən bir neçə istedadlı oyunçu gətirdiyi və yeni kəşflər axtarışında olduğu bildirilib.
Musa Qurbanlının bu mövsüm Premyer Liqada 20 qol vuraraq komandasını çempionluğa doğru aparması, “Torino”nun sabiq çalışdırıcısı Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan millisində də debüt etməsi və qol vurması qeyd olunub.
Xəbərdə 21 yaşlı hücumçu ilə Türkiyə klublarının da maraqlandığı vurğulanıb.
Qeyd edək ki, millimizin italiyalı baş məşqçisi Canni De Byazi ötən ay İctimai TV-də yayımlanan “Bol İdman” verilişində “Torino”ya Azərbaycandan bir futbolçu məsləhət gördüyünü və hələ də onu izlədiklərini demişdi.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm Misli Premyer Liqasında 26 oyuna 20 qol vurub, 7 qol ötürməsi edib.
COMMENTS