Tofiq Yaqublu danışıqlara başlayıb; “Əvvəlki kimi davam eləyə bilməz”
Ötən həftənin sonunda Müsavat Partiyası və AXCP-nin rəhbərliyinə daxil olan şəxslər arasında ard-arda iki görüş keçirilib. Milli Parkda çay süfrəsi arxasında keçirilən görüşün təşəbbüskarı Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu olub.
Çay süfrəsi arxasında baş tutan görüşdə Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Elman Fəttah, Divan üzvləri Alya Yaqublu və Nemət Kərimli, AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP İdarə Heyətinin üzvləri Nemət Əliyev və İlham Hüseynli iştirak ediblər. Görüş barədə facebook səhifəsində məlumat yayan Tofiq Yaqublu zarafatla bildirib: “Müsavatçılar deyirlər ki, ən böyük AXCP, cəbhəçilər deyirlər ki, ən böyük Müsavat. Çayın pulunu ödəmək lazımdır axı. Bulvarda da hər şey od qiymətinə…”
Bu statusa sosial şəbəkədə zarafatla rəy bildirən müsavatçılar cəbhəçiləri, cəbhəçilər isə müsavatçıları haqlı sayıblar. Bir sıra tanınmış insanlar isə “təki belə görüşlər olsun, çaypulunu biz verərik”, -deyə rəy bildiriblər.
Qeyd edək ki, Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra AXCP-Müsavat münasibətlərində yaranan “soyuqluğu” aradan qaldırmaq üçün təşəbbüs göstərəcəyini bəyan etmişdi. Ötən həftənin sonlarında Müsavat və AXCP rəhbərliyinə daxil olan şəxslərin görüşü barədə sosial şəbəkədə Müsavat Partiyasının başqanı Arif Hacılı fikirlər qeyd edib.
A.Hacılı bildirib ki, müxalifətin birliyi cəmiyyətin maraqlarına uyğundur, ona görə də bu istiqamətdə iş aparmaq üçün müavini Tofiq Yaqublunu görəvləndirib: “Rejimin müxalifəti ümumiyyətlə siyasi sistemin tərkib hissəsi hesab etmədiyi, faktiki olaraq birpartiyalı sistem qurmağa çalışdığı indiki məqamda müxalifətdaxili çəkişmələr xüsusilə zərərlidir. Bu vəziyyəti dəyişmək, ”mübarizə xəttini müxalifətin daxilindən çıxarmaq”, ilk mərhələdə müxalifətin funksional əməkdaşlığına nail olmaq üçün çalışırıq. Fikrimizcə, Müsavat və AXCP-nın əməkdaşlığı ölkə müxalifətinin birliyinin təməli ola bilər. Bu istiqamətdə çalışmaları davam etdirmək üçün yeni həbsdən çıxmış müavinim Tofiq Yaqublunu görəvləndirdim”.
Tofiq Yaqublu isə təşəbbüskarı olduğu görüşlər və Müsavat başqanının onu görəvləndirdiyi barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, A.Hacılının addımı Müsavat rəhbərliyinin başqan səviyyəsində birliyə maraqlı olduğunu, sübutudur: “Arif bəyi çox sağ olsun ki, bu addımı atdı və ortaya mövqe qoydu. Bununla həm də Arif Hacılı mənim təşəbbüsümə dəstəyini ifadə etmiş oldu. Buna görə təşəkkür edirəm. Müsavat Partiyası müxalifətdaxili qarşıdurmanın əleyhinə olduğunu, mübarizəni bir-birimizə qarşı yox, iqtidara qarşı birgə aparmağın tərəfdarı olduğunu bir daha vacib saydığını ortaya qoydu. Hərə yaxasını kənara çəkib bir-birinə atmaca atmaqla heç nə dəyişəsi deyil. Azərbaycanı xilas etmək üçün birləşməliyik. Həm Müsavatda, həm AXCP-də hər kəs bilir ki, indiki hakimiyyət Azərbaycan üçün fəlakətli vəziyyət yaradıb və bu vəziyyət getdikcə ağırlaşır. Ölkəni, xalqı bu fəlakətdən xilas etməyin yollarından biri real müxalifət qüvvələrinin birliyindən keçir. Sağ olsunlar ki, həm AXCP-də, həm Müsavatda olanlar bu zərurəti dərk ediblər. Başa düşüblər ki, bu qarşılıqlı ittihamlar, yersiz polemikalar, birlikdən uzaq olmaq əslində iqtidarın işinə yarayır. İndiyə qədər olanlar artıq olub keçib. Bundan sonraya baxmaq lazımdır. Əvvəlki kimi davam eləyə bilməz. Bizim görüşlərimizdən sonra məndə ümid bir qədər artıb. Əməkdaşlıq münasibətlərini bərpa etməyə nail olmalıyıq. Sonrakı mərhələni isə zaman göstərəcək. İlk iki görüş göstərdi ki, biz düz yoldayıq. Burada söhbət iki partiyanın mexaniki birləşdirilməsi və ya bir blokda təmsil olunmasından getmir. Əlbəttə, gələcəkdə bunlar istisna edilmir. Ancaq indilikdə məsələnin vacibliyi ondadır ki, biz səylərimizi birləşdirməli, səmərəli fəaliyyət göstərməliyik. Bunun üçün də təmaslar başlayıb. Çox dərinə getmədən müzakirələr, fikir mübadiləsi aparırıq. Mənə elə gəlir ki, bu proses daha da dərinləşəcək. Müsbət nəticələr gözləməyə dəyər”.
Nəzərə çatdıraq ki, 23 illik müxalifətçilikdə Müsavat və AXCP dəfələrlə əməkdaşlıq sazişi bağlayıblar. Lakin bir müddət sonra dostluq münasibətləri korlanıb və qarşılıqlı ittihamlar başlayıb. Son olaraq Müsavatla AXCP 2013-cü ilin prezident seçkilərində Milli Şura çərçivəsində əməkdaşlığa başladılar. Lakin qısa müddət sonra münasibətlər pozulmuşdu.
COMMENTS