Noyabrın 11-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Divanın iclasında rayon təşkilatlarının iştirakı ilə keçirilən zona müşavirələri barədə hesabatlar dinlənilib. Hesabatlarda deyilib ki, zona müşavirələrində partiyanın VIII Qurultayından sonrakı ictimai diskussiyalar, Müsavat Məclisinin bu barədə bəyanatı və digər məsələlər müzakirə olunub. “Müşavirələrdə bir qrup seçkinin nəticələrindən narazı qalanların pozuculuq, fraksiya və başqa adlar altında partiyada ikitirəlik yaratmaq cəhdləri kəskin şəkildə pislənilərək bəyanat və müracilətlər qəbul olunub. Müşavirə iştirakçıları bütün partiya üzvlərini VIII Qurultayın, partiyanın seçkili orqanlarının və digər rəhbər strukturlarının qərarlarına uyğun olaraq vahid ideoloji-siyasi xətt əsasında fəaliyyət göstərməyə çağırıb. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətlə bağlı müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Müsavat Partiyası Divanının 17.11.2014-cü il tarixli növbəti iclasına dəvət olunsun”, – deyə məlumatda bildirilir.
Divan partiyada yaranmış ikitirəliklə bağlı bəyanat da qəbul edib. Bəyanatda deyilir:
“Müsavat Partiyasının VIII Qurultayından sonra seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyəti göstərir. Belə fəaliyyət son zamanlar daha da güclənib. Müsavat Partiyasına qarşı bu kampaniyada Azərbaycan hakimiyyətinin və Müsavatı özünə rəqib hesab edən müəyyən siyasi qüvvələrin də iştirakı haqda məlumatlar daxil olmaqdadır. Müsavat Partiyasının rəhbərliyi məlum prosesi diqqətlə izləyir.
Respublikanın rayonlarında keçirilən zona müşavirələrində Müsavatın əleyhinə olan bu fəaliyyətlərin kəskin pislənilməsini də nəzərə alaraq, Divan bu şəxslərdən Müsavat Partiyasının əleyhinə yönəlmiş pozuculuq hərəkətlərıinə və partiyada paralel strukturlar yaratmaq cəhdlərinə son qoymağı, davranışlarını partiyanın Nizamnaməsinə uyğunlaşdırmağı tələb edir.
Müsavat Partiyasının Divanı qeyd edir ki, partiya üzvlərinin, rayon təşkilatlarının belə fəaliyyəti durdurmaq, partiyanın Qurultayının, Məclisinin, Divanının qərarlarına uyğun fəaliyyət göstərmək tələblərinin bundan sonra da nəzərə alınmayacağı təqdirdə Nizamnamə tələblərinə uyğun qərarların qəbul edilməsi qaçılmaz olacaq”.
COMMENTS