İddiaçılar ciddi problemlərlə üzləşirlər; imzatoplama kampaniyası yekunlaşmaq üzrədir; Gülağa Aslanlı: “DSK-lar tapşırıq əsasında fəaliyyət göstərir…”
Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin imzatoplama və qeydə alınma prosesi davam edir. Oktyabrın 2-də imzatoplama kampaniyası başa çatacaq. İmza vərəqələrini dairə seçki komissiyalarına (DSK) təqdim edən namizədlərə bir həftə ərzində cavab veriləcək.
Hazırda müxalif namizədlərin qeydə alınmalarında ciddi problemlər var. Əsasən də Müsavatın iddiaçıları bu cür manelərlə üzləşiblər. İndiyədək təşkilatın yalnız bir namizədi, Masallı Təşkilatının sədri Xasay Fərzulla 71 saylı Masallı kənd Seçki Dairəsindən qeydə alınıb. Partiyanın sabiq Məclis sədri Arzu Səmədbəyli, Divan üzvü Vəfa Cümşüdlü və Ağcabədi Təşkilatının sədri Rəşid Nəcəflinin namizədliyi qeydə alınmayıb.
Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı bayram günləri olduğundan bu həftədən etibarən toplanmış imza vərəqələrinin dairə seçki komissiyalarına təqdim olunacağını bildirdi: “İndiyə qədər qeydə alınan namizəd bir nəfərdir. 14 namizəd sənədləri təqdim edib. Sənədlərin kütləvi şəkildə verilməsi bu həftəyə nəzərdə tutulub. Çünki 4 gün ərzində sənəd almaq mümkün deyildi. Bayram günləri sənəd verilməsi bir qədər dayanmışdı. Bu həftə 20-dən çox namizəd sənədlərini təqdim edəcək. Qeydə alınmaya, imza toplamaya ciddi manelər yaradılır.
Buna səbəb hakimiyyətin ədalətli seçki keçirmək istəməməsidir. Bütün qərarlardan görünür ki, qeydə alınmamaya səbəb kimi imzaların düzgün olmaması göstərilib. Halbuki imzaların düzgün olmamasını təsdiq edən bir sənəd belə təqdim etmirlər. Seçki Məcəlləsinə görə, həmin sənəd hökmən təqdim olunmalıdır. Namizəd istədiyi zaman verilməlidir. Bu onu göstərir ki, DSK-lar tapşırıq əsasında fəaliyyət göstərir. Hüququ müstəvidə bu məsələləri gündəmə gətirdik”.
Ümid Partiyasının səlahiyyətli nümayəndəsi, qurumun Ali Məclis və 125-lər Siyasi Klubunun sədr müavini, 95 saylı Tərtər Seçki Dairəsindən namizəd Tamilla Qulami 6 nəfərin namizədliyinin qeydə alındığını söylədi: “69 saylı dairədən Bəybala Əliyev, 19 saylıdan Ramin Hacılı, 21 saylıdan Günel Səfərova, 35-dən İqbal Ağazadə, 92-dən Günel İbadova, 100 saylıdan isə Tural Mustafayev qeydə alınıb. Oktyabrın 2-nə qədər imza vərəqələri təqdim olunacaq. Bunun üçün hələ qarşıdakı günlərdə digər namizədlərimiz də imza vərəqələrini təqdim edəcəklər. Cavab gözləyən namizədlərimiz də var”.
“Azadlıq-2015″ seçki blokunun Seçki Qərargahının rəhbəri Bəybala Əbil bir namizədlərinin qeydə alındığını diqqətimizə çatdırdı: ”60-dan çox dairədən namizəd irəli sürmüşük. Bir namizədimiz qeydə alınıb. Bu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir. Əksər yerlərdə imzatoplama kampaniyasını bitirmişik.
Yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Problemlər var. İmzaların yığılması mərhələsində daha çox manelər oldu. İndiyə qədər seçkilərdə baş verənlərə oxşar proseslər indi də yaşanır. Namizədlərin özlərinə, qohumlarına təzyiqlər edilir. Açıq şəkildə iddialarından geri çəkilmələri tələb olunur. DSK-lar sənədləri götürmürlər. Hətta insanlardan şəxsiyyət vərəqələrini topa-topa yığıb gizlədirlər. Ümid edirik ki, sonda hakimiyyət bu cür özbaşınalıqların qarşısını alacaq”.
VHP İcra Aparatının sədri Samir Əsədli 3 namizədlərinin qeydə alındığını bildirdi: “İmza vərəqələrini geri qaytaranlar da var, yəqin növbəti günlərdə qeydə alınma mərhələsindən keçərlər”.
COMMENTS