Müslümovun işi: vətəndaşlardan evləri ucuz alıb, baha sənədləşdirib

Müslümovun işi: vətəndaşlardan evləri ucuz alıb, baha sənədləşdirib

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun cinayət  işi üzrə məhkəmə prosesi davam edir.

“Nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev pulu geri tələb etməməyim üçün zəng vurub məni hədələyirdi. Mən də elə verdikləri 10 min manatla kifayətləndim, 40 min manatı tələb etməyə qorxdum. Sonradan eşidəndə ki, Əjdər Cəbiyev tutulub, DTX-ya gedib ərizə verdim, məni də istintaqa çağırıb zərərçəkmiş kimi tanıdılar”.

Bu sözləri prosesdə şahid kimi dindirilmiş Elmar Səmədov deyib. Bu şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, bir sıra cinayət əməllərində təqsirləndirilərək bu ilin mayında məhkum edilmiş Əjdər Cəbiyevin işində zərərçəkmiş kimi tanınıb. Səlim Müslümovun işində isə şahid kimi dindirilir.

Şahidin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan, Masazırdakı duz gölü ətrafında yerləşən 65 sot torpaq sahəsini üzərindəki tikiliylə almaq üçün qurumun aparat rəhbəri Əjdər Cəbiyevlə danışıb. Əjdər Cəbiyev buna görə ondan 50 min manat alıb. Ərazinin tezliklə onun adına özəlləşdiriləcəyinə söz verib. Sonradan sahəni özəlləşdirmək mümkün olmayıb və o, pulunu geri istəyib:

“Gah dedilər, torpağın üstünü özəlləşdirmək mümkündür, altını yox, gah başqa səbəb gətirdilər. Məhkəməyə də müraciət etdim, Əjdər Cəbiyev çağırıb dedi ki, tut bu 10 min manatı, get, ərizə yaz ki, şikayətçi deyilsən, bir neçə günə 40 min manatını da qaytaracağıq. Mən də inandım, yazdım. Ancaq sabahı gün nazirliyə gedib Əjdər Cəbiyevlə görüşmək istəyəndə, polislər qapıdan içəri buraxmadı”.

Elmar Səmədov deyib ki, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev onu hədələdiyi üçün ikinci dəfə şikayət etməyə qorxub:

Şahid: – Yol gedirdim, zəng elədi, məni hədələdi ki, yerdə qalan 40 min manatı tələb etməyim.

Hakim: – Sosial Müdafiə Nazirliyidir də, niyə qorxurdunuz ki?

Şahid: – Nə bilim, dedim, vəzifə, səlahiyyət sahibidilər, sabah nə desən olar. Ailəm var, qohumlarım var, qardaşım var… Nəsə, qorxdum.

Hakim: – Sonra qərara gəldiniz ki, şikayət edəsiniz?

Şahid: – Hə, eşitdim ki, DTX tutub, getdim, ərizə verdim, məni dindirdilər.

Şahidin sözlərinə görə, Əjdər Cəbiyev məhkum edilsə də, ona dəymiş 40 min manat zərər ödənilməyib.

Məhkəmə şahid qismində daha bir neçə nəfəri də dindirib. Bu şahidlər müharibə əlilləri və şəhid ailələri üçün Gəncədə və Mingəçevirdə mənzillərin vətəndaşlardan alınması epizodunda keçən həmin vətəndaşlardır. Şahid Taleh Ələkbərov ifadəsində göstərib ki, Nazirlik əməkdaşı ilə bağlanmış alqı-satqı müqaviləsində mənzilin 51 min 600 manata alındığı göstərilsə də, ona mənzilə görə cəmi 33 min 500 manat verilib. Şahid Ulduz Verdiyevadansa 3 otaqlı mənzil sənəd üzərində 52 min manata alınsa da, ona 36 min manat ödənilib.

“Bizə maklerlə evi 35 minə danışdıq, sonra yekun olaraq 31 min manatla razılaşdıq. Sənədləşməyə gedəndə bizə dedilər ki, sənəddə 46 min 500 yazırıq amma sənə 31 min manat verəcəyik. Dedilər ki, bu ev əlillərə veriləcək”. Bunu da şahid Samir İsmayılov deyib.

Daha bir neçə şahid də mənzillərinin sənəd üzərində baha, gerçəkdə ucuz alındığını deyiblər. Hakim şahidlərdən pulun ödənilməyən hissəsini niyə tələb etmədiklərini soruşduqda, şahidlərin cavabı eyni olub: “Nazirlik işçiləri dedilər ki, evləriniz təmirsizdir, qeyd olunan məbləğin sizə verilməyən hissəsi evlərin təmirinə xərclənəcək”.

Şahidlərin dindirilməsi sentyabrın 19-da davam edəcək.

Keçmiş nazir Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edib. Deyib ki, özünü təqsirli bilmir, əməllərini isə səhlənkarlıqdan ibarətdir.

Elşən Məmmədəliyev

COMMENTS