“Müstəqilliyi qorumaq, gələcək nəsillərə ötürmək milli qeyrət borcumuzdur”

“Müstəqilliyi qorumaq, gələcək nəsillərə ötürmək milli qeyrət borcumuzdur”

Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev, Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar fikirlərini bölüşüblər.

Millət vəkili Adil Əliyev müstəqilliyin böyük xoşbəxtlik olduğunu bildirib: “Dünyanın xoşbəxt insanlarıyıq ki,müstəqil və güclü dövlətimiz var. Bu müstəqilliyi qorumaq, gələcək nəsillərə ötürmək bizim milli qeyrət borcumuzdur. Gənclərimiz milli dövlətçilik şüurunu ciddi qavramalı və onu dərindən sevməlidirlər. Dövlətimizin gələcəyi onların əlindədir. Bu gün bayramlarımızı işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda qeyd edə bilmirik. İnanıram ki,gec-tez orada bayramlarımızı qeyd edəcəyik. Buna tam gücümüz və potensialımız imkan verir. Yaşasın müstəqil və güclü Azərbaycanımız!”.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev 26 mayda Gürcüstanın, 28 may isə Azərbaycanın müstəqilliyinin Tiflisdə elan olunmasının əlamətdar tarixi hadisə olduğunu qeyd edib.

“İki dövlət müstəqilliklərinin qorunması uğrunda ciddi mübarizə aparıblar. Hər iki ölkənin taleyində oxşarlıqlar var. Hər ikisinin 20 faiz torpaqları işğal olunub. Bu gün hər iki dövlət irəliyə doğru addımlayır. Gürcüstan baş naziri Giorgi Kvirikaşvili və Azərbaycan prezidenti İlham Əliyev arasında çox səmimi, mehriban münasibətlər var. Bu isə əlaqələrimizin inkişafında böyük rol oynayır. Bir daha hər iki ölkənin müstəqillik gününü təbrik edirəm”.

Millət vəkili Enes İbrahim Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay ərzində türk-müsəlman dünyasında gedən proseslərə müsbət təsirini göstərdiyini söyləyib: “AXC 23 ay ərzində böyük uğurlara imza atıb. O dövrdə aparılan islahatlar heç bəzi Avropa dövlətlərində aparılmırdı. Bu gün müasir Azərbaycan dövləti AXC-nin ənənələrini uğurla qoruyur. Azərbaycanın bölgənin lider dövlətidir. Mən öz və partiyamız adından Azərbaycan xalqını təbrik edirəm”.

Dosye.org

COMMENTS