Arif Hacılı: “Hökumət etiraf etdi ki, enerji daşıyıcılarının dünya bazarında qiymətinin dəyişməsi Azərbaycan iqtisadiyyatına həlledici təsir edir”
İqbal Ağazadə: “Hökumət ilk dəfə açıq etiraf etdi ki, Azərbaycanın büdcəsi neftdən asılıdır”
Sərdar Cəlaloğlu: “Manatın devalvasiyası hələ normal həddə deyil, 1 dollar 2-3 manat həddinə qədər bahalanacaq”
Milli Məclisin martın 17-də keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov ilk dəfə olaraq, devalvasiyanın səbəblərini açıqlayıb və bunun dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar olduğunu vurğulayıb: “Həm ekspertlərin, həm beynəlxalq investisiya banklarının proqnozuna görə, neftin ucuzlaşması hələ davam edəcək”.
AMB rəhbəri neftin qiymətinin uzun müddət ərzində artmayacağı barədə proqnozların verildiyini xatırladıb: “Neftin qiymətinin 50 dollar olacağı təqdirdə, ölkənin xarici balans profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə, mənfi zonaya keçəcək”.
E.Rüstəmov onu da deyib ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur: “Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlaşardı. Buna görə də, bu proseslərə reaksiya verməliyik”.
Musavat.com baş bankirin açıqlaması və baş nazir Artur Rəsizadənin təqdim etdiyi hesabatla bağlı müxalifət liderlərinin rəyini öyrənib.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, Azərbaycan hakimiyyəti düşünülmüş iqtisadi siyasət yeritmir: “Bunun nəticəsidir ki, bütövlükdə iqtisadiyyat, o cümlədən, dövlət büdcəsi neft gəlirlərindən asılıdır. Uzun illər ərzində ölkədə qeyri-neft sektorunun inkişaf edəcəyi ilə bağlı bəyanatlar verilsə də, faktiki olaraq, iqtisadiyyat tamamilə enerji daşıyıcılarından asılı vəziyyətdədir. Enerji daşıyıcılarının dünya bazarında qiymətinin dəyişməsi Azərbaycan iqtisadiyyatına həlledici təsir edir. Dünənki çıxışlardan da aydın göründü ki, hakimiyyət dairələri artıq daxil olduğumuz və daha da dərinləşəcək iqtisadi böhrandan çıxış yolları axtarmaq əvəzinə, faktiki olaraq, əhalini sakitləşdirməklə, ölkədə yarana biləcək gərginliyin qarşısını almağa cəhd göstərməklə məşğuldurlar. Hökumətin hesabatı yalnız ümumi sözlərdən, ümumi fikirlərdən ibarət oldu. Konkret olaraq, ölkənin sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun inkişafı, dövlət büdcəsinin neft gəlirlərindən asılılığını aradan qaldırmaq istiqamətində atılan addımlar barədə isə heç nə deyilmədi. Bu hesabat tamamilə formal xarakter daşıyırdı və hazırda ölkə iqtisadiyyatında yaranmış vəziyyəti əks etdirmir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, manatın devalvasiyasından sonra ilk dəfə idi ki, Milli Bankın rəhbəri tam açıq və şəffaf mövqe ortaya qoydu: “İlk dəfə hökumət açıq etiraf etdi ki, Azərbaycanın büdcəsi neftdən, o cümlədən, bizim əlaqədə olduğumuz dövlətlərin pul siyasətindən asılıdır: Bildirildi ki, manatın stabil saxlanılmasında bu faktorlar ciddi rol oynayacaq. Ona görə də, hesab edirəm ki, həm neftin satış kursunun dəyişməsinin Azərbaycan manatına təsir etməsi faktoru ortada olacaq. Həm də idxal və ixrac prosesi ilə əlaqədar Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin valyuta siyasətindən asılılıq qalacaq. Bu baxımdan, düşünürəm ki, Mərkəzi Bank, eləcə də, hökumət ilk dəfə olaraq, açıq münasibət bildirdi”.
Baş nazirin hesabatına gəlincə, İqbal Ağazadə hökumətin hesabatının əleyhinə səs verdiyini bildirdi.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, manatın saxlanması əvvəlcədən yanlış addım idi və siyasi motiv daşıyırdı: “Çünki manatın kursu sabit qaldıqca, hökumət hadisələrə daha yaxşı təsir edə bilirdi. Uzun illər Azərbaycandakı sabitlik manatın saxlanması ilə əlaqədar idi. Çünki bu yolla gəlirlərə nəzarət etmək mümkün idi. Bu, bazar iqtisadiyyatına ziddir. Dünyada elə bir ölkə yoxdur ki, onun valyutası gün ərzində dəyişməsin. Azərbaycanda hökumət süni yolla manatı sabit saxlayırdı. İndi isə neft gəlirlərinin azalması səbəbindən hökumət bunu davam etdirə bilmədi. Manatın devalvasiyası hələ normal həddə deyil. Manatın məzənnəsi 1 dollar 2-3 manat həddinə qədər düşəcək. Hökumətin qiymətlərə nəzarət etməsi də yanlışdır. Bu, ölkəyə idxalın azalmasına və qıtlığa səbəb ola bilər. Çünki sahibkar baha aldığı malı ucuz satmağa məcbur edilə bilməz. Hökumət qiymətləri sabit buraxmalı, əvəzində isə insanların minimum əməkhaqqını artırmalıdır ki, sosial böhran yaranmasın”.
Hökumətin verdiyi hesabata münasibət bildirən partiya sədri bunun formal xarakter daşıdığını qeyd etdi: “Azərbaycan prezidentli respublika olduğu üçün baş nazir postu formal xarakter daşıyır və Artur Rəsizadə də baş nazir kimi heç bir səlahiyyətə malik deyil. Çünki bizdə ali icra hakimiyyətinin başçısı prezidentdir. Bu baxımdan, bu anlaşılmazlıq da tezliklə aradan qaldırılmalıdır. Baş nazirin heç bir səlahiyyəti olmadığına görə onun Milli Məclisdə hesabat verməsinin heç bir mənası yoxdur. Hökumətin fəaliyyəti ilə bağlı hesabata gəlincə, bu, o zaman hesabat sayıla bilər ki, Milli Məclis ona qiymət versin və parlamentin Nazirlər Kabinetinin fəaliyyətinə təsir gücü olsun. Bu, formal bir hesabatdır, Milli Məclisin rəyi ümumiyyətlə, nəzərə alınmır”.(musavat.com)
COMMENTS