Müxalifət manat böhranından çıxmağın yollarını göstərdi

Müsavatda iqtisadi böhranla bağlı geniş dinləmələr keçirildi; müzakirələrdə xalqı fəallığa səsləmək, iqtidar-müxalifət dialoquna getməmək kimi təklifləri də səsləndi; həmçinin tezliklə kütləvi aksiyalara başlanılacağın anonsu verildi…

Fevralın 25-də Milli Strateji Düşüncə Mərkəzi Müsavat (MSDM) Partiyasının qərargahında ölkədəki son böhranla bağlı dinləmələr təşkil elədi. “Böhran: səbəblər, nəticələr və çıxış yolları” mövzusundakı tədbirdə məruzəçi MSDM üzvü Mehman Əliyev idi.

Tədbiri giriş sözü ilə açan qurum rəhbəri İsa Qəmbər öncə tədbir iştirakçılarını 26 fevral Xocalı faciəsini ildönümü ilə bağlı bir dəqiqəlik sükuta dəvət etdi. Ardınca tədbirin məramından bəhs edən çıxışçı son toplantıda ölkədəki böhranın müzakirə olunduğunu xatırladaraq, manatın çökməsindən sonra bu istiqamətdə heç bir sual qalmadığını söylədi: “Söhbət iqtisadi yox, siyasi, mənəvi, geopolitik böhrandan gedirdi.

Bu, geniş, detallı müzakirələr davam edirdi. Belə qərara gəlmişdik ki, mediaya açıq tədbir keçirərək birgə çıxış yolları və durumu müzakirə edək. Bu da qəribə detaldır ki, tədbirin günü olaraq ya fevralın 21-i, ya da 28-ni seçməyi planlaşdırsaq da, son olaraq 21-də qərarlaşdıq. Amma məhz 21 fevral günü uzunmüddətli davam edən, dərinləşmiş böhran manatın çökməsi ilə gün işığına çıxdı. Biz uzun illərdir Əliyev rejimi siyasətinin böhrana gətirib çıxaracağını deyirdik. Bu, təkcə neftin qiymətinin düşməsi, Rusiyanın Ukraynaya təcavüzü və digər proseslərlə bağlı deyil.  Azərbaycandakı böhranın əsas səbəbi indiki rejimdir”.

İsa Qəmbər dedi ki, hakimiyyətin heç bir proqrama, viziona sahib olmaması, korrupsionerliyi, rüşvətxorluğu, hər bir sahədə inhisarçılığı, insan haqlarını total şəkildə pozması, Azərbaycanda böhranın ağrılı başlamasını və ağrılı keçəcəyini şərtləndirir. Bu səbəbləri kompleks müzakirə etmək və çıxış yollarını axtarmaq əzmində olduqlarını deyən çıxışçı tədbirin məruzəçisi olaraq Mehman Əliyevə söz verdi.

Mehman Əliyev öncə bildirdi ki, Azərbaycandakı cəmiyyət də, iqtisadiyyat da qapalıdır. Onun sözlərinə görə, axır 10 ildə Azərbaycanın avtoritar totalitarizmə gedən dövlətə çevrilməsi də bu faktın fonunda qabarıq görünür. Məruzəçinin fikrincə, bugünkü problemlər təkcə manatın devalvasiyası deyil: “Bu, birbaşa həmin o sərt yola getməyin nəticəsidir. Hələ 2008-ci ildə Ümumdünya Valyuta Fondu Azərbaycanla bağlı proqnozunu dərc etmişdi. Orda qeyd edilmişdi ki, 2015-ci ildən Azərbaycanda böyük böhran başlayacaq və ən azı 7 il davam edəcək. Onlar bu xəstəliyi görürdülər. Hakimiyyətin bütün sahələrdə götürdüyü siyasətin hansı nəticələrə gətirib çıxaracağı bəlli idi. Neftin qiymətinin aşağı düşməsi prosesləri daha da gərginləşdirirdi”.
 
Məruzəçi Azərbaycanda orta təbəqənin 5-10 faiz olduğunu, 50-60 faizin yoxsul təbəqədən ibarət olduğunu vurğuladı. Onun sözlərinə görə, insanların rifahının yüksək olduğu cəmiyyətlərdə nəhəng şirkətlərin, korporasiyaların gücü artır, iqtisadiyyatın bütün sahələrinə tələbat artır: “Amma Azərbaycanda söz azadlığının, azad seçkilərin olmadığı, inhisarçılığın vüsət aldığını yada salanda görmək mümkündür ki, həmin inkişafdan söhbət gedə bilməz. Əksinə, bundan sonra da proses eyni qaydada davam edəcək. Hakimiyyət çox tələsir ki, yaxın 20-25 ildə burda böyük nailiyyətlər əldə etsin. Hələ 2008-ci ildə bizdə böhran olanda maraqlandım ki, nə qədər uzun çəkə bilər. Ekspertlər dedi ki, bu, 2018-2020-ci illərə qədər davam edəcək. Sonra isə bu vaxta qədər görünməyən islahatlara start veriləcək. Kəmərlər sistemi, Nabukkonun 2018-2020-ci ilə hesablanması da bunun nəticəsidir. Dünya enerji sistemi bu vaxta hazırlanıb”.

M.Əliyev həmçinin dedi ki, dünyada hər dəfə iqtisadi böhran başlamazdan əvvəl qlobal strateji mərkəzlər bundan xəbərdar olur və dərhal müharibə başlayırdı. Çıxışçının sözlərinə görə, bu, onların öz maraqları çərçivəsində idi: “Məqsəd ictimai rəyi bu böhrandan yayındırmaq, inqilabi əhval ruhiyyəni aradan qaldırıb,  xalqı prezident ətrafında birləşdirmək idi. Hər zaman hakim olan bu xəttin bütün hallarda təkrarlanacağı da ciddi ehtimaldır”.

İ.Qəmbər çıxışında dedi ki, bu problemi sırf gündəm xəbərləri kimi müzakirə etmək yox, ona qlobal baxmaq lazımdır. Onun fikrincə, böhranın səbəbi bir qayda olaraq hakimiyyətin, rejimin mahiyyətindən doğur: “Nəticə isə göz qabağındadır. Böhran getdikcə dərinləşir, xalqımız ağır vəziyyət qarşısındadır. Uzun illər vətəndaş cəmiyyəti, bizlər, media ölkəni başqa istiqamətə dəyişdirmək üçün avrointeqrasiya yolunda inkişaf, rəqabətli inkişaf təklif etdik. Neftin üzərində qurulan siyasətin uzunömürlü olmadığını dedik, Əliyevlər rejimi bunu qəbul etmədi. İndi də hakimiyyətin mahiyyətindən doğan hadisələr bir-birini əvəz edir”.

İ.Qəmbər son iki ayda İ.Əliyevin manat və manatın gücü ilə bağlı etdiyi çıxışları yada saldı. Dedi ki, 2 ay əvvəl dövlət başçısı neftin qiymətini düşməsinin ölkə iqtisadiyyatına təsir etməyəcəyini, ardınca manatın çox gücü pul vahidi olduğunu bildirib. Onun sözlərinə görə, İ.Əliyev bunların ardınca dolaşıq şəkildə avroya nisbətən manatın gücsüzləşdiyini bildirərək, nəsə etməyin vacibliyini vurğulayıb. Və nəhayət, manat faciəvi şəkildə çökəndən sonra əhaliyə mesaj verilib ki, dövlət başçısı vəziyyəti dəyişəcək: “Sonra da çıxıb deyir ki, biz daha öncə bunu demişdik. Bu cür məsuliyyətsiz, xalqa davranışa uyğun adekvat söz tapmaq çətindir. Deyir ki, 3-4 gün ərzində 2 milyard dolları kim ala bilər? Praktiki baxımdan bu, mümkün deyil. Valyutadəyişmə məntəqələrinin əksəriyyətində insanları yaxın buraxmırlar. 2 milyard alınıb, amma xalq tərəfindən yox, oliqarxlar tərəfindən. Onlar ziyana düşməmək üçün bir neçə gün ərzində öz pullarını dəyişiblər. Xalqda isə bu pul yoxdur. Çıxış yolları ilə yanaşı, təcili təkliflər paketi təqdim olunmalıdır. Hakimiyyət bunun zərbələrini vətəndaşın üzərinə qoymaq istəyir. Halbuki, dövlət bu oliqarxik rejim üzərində dayanmamalı, real addımlar, qərarlar qəbul edilməlidir”.

İ.Qəmbər gerçək antiböhran komitəsi yaradılmasının vacibliyini bildirdi. Çıxışçının fikrincə, bundan sonra ölkədə demokratik proseslər adına xeyli addımlar atılmalıdır. Bu, siyasi məhbusların azadlığa buraxılması, ölkədə demokratik ab-havaın yaradılmasıdır: “İlham Əliyev demokratiyanın imitasiyasına başlayıb. Amma yaranmış bu vəziyyətin ağırlığını, təhlükəni dərk edirsə, dialoq gerçək siyasi qüvvələrlə olmalıdır”.

Şərq Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Mehman Əliyevin çıxışını optimist adlandırdı. Onun fikrincə, Azərbaycan hakimiyyəti ilə Qərb arasında anlaşmanın olması və bunun müsbət sonuclanacağı ilə bağlı fikirlər real deyil: “Azərbaycan  hakimiyyəti heç nəyə getməyəcək. Əgər bir gecənin içində əhalini 35 faiz aldadırsa, bu məsələ mümkün deyil. Belə bir təbliğat işə salınırsa ki, acgöz işbazlar camaatı aldadır, bu, absurddur. Dünən mənə bir Avstriya şirkəti ilə bağlı müraciət olunub. Həmin şirkəti 4 saat ərzində ölkədən qovublar. Kabinetdən yüksək ranqlı diplomatı qovanlar anlaşmaya gedəcəkmi? Bizim qarşımızda elə bir reallıq durur ki, o, heç nə ilə hesablaşmır. Bunun müqabilində nə görürük? ABŞ dövlət katibinin müavini gəlir, görüş keçirir. Amma sonradan mətbuat konfransında insan haqları ilə bağlı bir kəlmə tənqidi fikir söyləmir. Onun səfəri başa çatıb gedən kimi sərtləşmə davam edir. “Azadlıq” radiosu Bakı bürosunun rəhbərinin ölkədən çıxmasına qadağa qoyurlar və sair”.

Ə.Oruclu dedi ki, bu isə ABŞ və Avropanın Azərbaycana zərrə qədər marağının olmadığını göstərir. Çıxışçı manat krizi ilə bağlı məsələdə Azərbaycan mətbuatının ümumi mövqeyini də tənqid etdi. Dedi ki, hazırda media AzTV təbliğatından fərqli təbliğat aparmır: “Hamı Elman Rüstəmovu hədəfə çıxarır. Mətbuat ticarət şəbəkəsini hədəfə çıxarıb. Ticarət şəbəkəsi kimdir, bu şəbəkə kimindir? Söhbət milli valyutanın devalvasiyasından gedir. Bizim iqtisadçı ekspertlərlə bağlı isə dərin təəssüf keçirirəm. Bir-iki nəfər əxlaqını qorudu. Amma əksəriyyət həqiqətə uyğun olmayan mövqe sərgilədi. Məcbur olmuşuq iqtisadçı olaq, dərin təhlil edək”.

Neft qaz erasının sonu çatdığını deyən Ə.Orucluya görə, neft heç vaxt 5 il əvvəlki rolunu oynamayacaq. Çıxışçı eyni zamanda Qərb diplomatiyasının riyakar olduğunu da iddia etdi. Dedi ki, onlar Azərbaycan haqqında danışanda qorxurlar: “Onlar ölkə daxilində ciddi, alternativ faktor görmürlər. Son 1 ildə keçirdiyim bütün xarici görüşlərdə bir dəfə də olsun mənə müxalifət haqda sual verilməyib. Artıq hesab olunur ki, bu faktor yoxdur. Daha çox Suriyada döyüşən cihadçılar, iqtisadiyyatla maraqlanırlar. Ümumi proqnozum isə budur ki, bircə aydan sonra bütün qiymətlər nizamlanacaq. Hər şey indiki nisbətə uyğun şəkildə tənzimlənəcək. Bundan sonra manatın inflyasiyası prosesi davam edəcək. Əsas məsələ Avropa oyunlarıdır. Avropa da riyakarcasına burda iştirak edəcək. Nəzərə almayacaq ki, bu tədbir əhalinin hansı bəlaları hesabına əldə olunub”.

Ə.Oruclu bu ərəfədə iqtidar-müxalifət dialoqunun da real olmadığını, bunun cəmiyyətdə aqressiya ilə qarşılanacağını dedi. Onun fikrincə, bu, cəmiyyətdəki müqavimət ocaqlarını söndürəcək və müxalifət cəmiyyətin gözündən düşəcək.

Ə.Oruclunun “görüşdüyüm diplomatlar məndən müxalifəti soruşmurlar” fikrinə replika olaraq İ.Qəmbər  dedi ki, diplomatlar onlarla görüşdə də ekspertləri soruşmurlar: “Onlardan mövqe tələb etmək lazımdır, ancaq suallara cavab vermək yox. Mehman bəy də dedi ki, cəmiyyət, vətəndaş fəal olmalıdır. Bizim də mövqeyimiz belədir”.
 
Divan üzvü Elman Fəttah Ə.Oruclunun hakimiyyətin imitasiyaya getməyəcəyi ilə bağlı dediklərinə diqqət çəkdi. Dedi ki, bununla belə ölkədə böhran get-gedə dərinləşəcək və hakimiyyət bir çox şeylərə məcbur olacaq. Onun sözlərinə görə, 2007-ci ilə qədər Beynəlxalq Valyuta Fondu bir çox iqtisadi proseslərdə iştirak etsə də, sözügedən tarixdən sonra o qurumları görmək mümkün deyil: “Mən bir məsələni sual formasında qoymaq istəyirəm: əgər biz iqtisadiyyatın ciddi, hamının razılaşdığı böhran mərhələsinə giririksə, demək həmin qurumların Azərbaycan iqtisadiyyatında iştirakının şahidi olacağıq. Çünki hakimiyyətin maliyyə resursu tükənib”.

Əhrar Partiyasının sədri Vaqif  Hacıbəyli isə çıxışçıların konkret çıxış yolları göstərmədiklərini bildirdi. “Deyirsiz ki, dialoqa getməyək və aktiv olmalıyıq. Bəs çıxış yolları ilə bağlı nə təklif olundu” deyə sual edən çıxışçı artıq Azərbaycan Televiziyasının bunun təbliğatına başladığını vurğuladı: “Müxalifət faktora çevrilmədi deyilirsə, bu, reallıqdır. Bu siyasi proseslərə real təsirimiz olsun deyə neyləməliyik? Hamı birlikdə bunu düşünməlidir. Siyasi partiyalar da ekspertlər də. Azad bazar münasibətləri yoxdur Azərbaycanda. İnhisarçılıq aradan götürülməlidir. “İlham Əliyevin inhisarçılığına son” deyib, etiraz etmək, təkliflər vermək lazımdır”.

Ziyalı Toğrul Cuvarlı isə fərqli mövqe sərgilədi. Dedi ki, dünyada valyuta müharibələri gedir. Hər bir ölkə dolların məzənnəsini salmaqla bazarda rəqabət mühiti yaradır: “Hamı bu oyunu oynadı. Bu oyunun təşəbbüskarı biz deyilik. Ukrayna bu hadisələri daha da çətinləşdirdi.  Bu proses 2006-cı ildən başlanıb. Rayonlar oliqarxlar arasında bölündü. Real nəsə təklif edək. Böhrandı, ölkə dağıldı… bunlar doğrudur Mənim təsəvvürümdə dövlət nə edəcək? 15-20 gün məzənnə oynayacaq. Bu cür artımlar qeyri-mümkündür. Məni yandıran odur ki, bütün bu sahə bir oliqarxın əlindədir. O məsuliyyətli yanaşmalıydı ki, onun sahəsində kriz çıxmasın. Amma onlar yenə də bu basabasda nəsə qazanmağa çalışırlar. Baxmayaraq ki, pulları var  Müəyyən vaxtdan sonra sosial sovqatlar başlanacaq. 10-15 faiz kiminsə məvacibində, təqaüdündə artım olacaq. Sonra məzənnə yenə oynayacaq. Bu yolla iqtisadiyyatı saxlamaq mümkündür. Hami elə bilir ki, dövlət cəmiyyəti aldatmaq istəyirdi. Sadəcə, elə deyil. Uzun müddət dedilər ki, problem olmayacaq. Amma sonra məlum oldu ki, büdcədə problem var. Ona görə məzənnəni oynatdılar. Bu, qaçılmaz idi. Dövlətin hazırkı addımları məntiqlə gedir. Cəmiyyət hərəkətə gəlməmiş böhrandan çıxmaq mümkün deyil”.

Müsavat başqanı Arif Hacılı çıxışında bildirdi ki, cəmiyyəti adətən böhran hərəkət etdirir və bunlar bir-birinə bağlıdır. O, 1998-ci ildəki böhranı indiki ilə müqayisə etməyin yanlışlığını qeyd edlədi. Dedi ki, 1998-ci ildəki böhran iqtisadi, hazırkı isə siyasi proseslərlə bağlı iqtisadi böhrandır: “Manatın devalvasiyası ölkədə gözlənilən siyasi, iqtisadi böhranın anonsudur. Bu, xırda bir məsələdir. Əslində bunun arxasınca ölkədə çox ciddi dəyişikliklərin, regionda siyasi dəyişikliklərin gedəcəyi gözlənilir. Rusiya Ukrayna müharibəsinin nəylə yekunlaçacağını, Putinin necə davranacağını proqnozlaşdırmaq çətindir. Çünki proqnozlaşdırılmayan adamdır”.

A.Hacılının fikrincə, iqtidar-müxalifət dialoqlarına cəhdlər bu böhranın göstəricisidir. Müsavat başqanı hesab edir ki, cəmiyyətin bu illər ərzində hər zamankından fərqli davranışlarının qarşısını almaq üçün irəli sürülən təkliflərin mahiyyəti də budur: “Bu dəyişikliklərin Azərbaycanın xeyrinə olacağını düşünmək mümkün deyil. Bu proseslər gedəcək, ölkədə qlobal dəyişikliklər olacaq. Bizim də vəzifəmiz ondan ibarət olmalıdır ki, bu dəyişiklikləri Azərbaycan  cəmiyyətinin mənafelərinə uyğun istiqamətə yönəldək. Bu böhrandan Azərbaycanın möhkəmlənəcəyi ilə çıxacağı fikrinin səsləndirilməsi reallıqdan uzaqdır. İnsanları ruhlandırmağa çalışmaq, səfərbər etmək lazımdır. Hakimiyyətin demokratiya imitasiyası prosesinə qayıtması da çətindir. 2010-cu ildə demokratiyanın imitasiyası tamamən yekunlaşdı. Bütün bu çətinliklərin olacağını bilərək, hakimiyyət  2005-ci ildəki mövqeyinə qayıtmaq istəmir. Biz ona nail olmalıyıq, cəmiyyəti o şəkildə yönləndirməliyik ki, hakimiyyət demokratik islahatlar keçirmək xəttinə dönməyə məcbur olsun”.

“Hakimiyyət insanlara maliyyə vəsaitlərinin olmasını istəmir” deyən başqanın fikrincə, müxalifət indiki ərəfədə Azərbaycan cəmiyyətini fəallaşdırmalıdır. A.Hacılı bildirdi ki, müxalifət əvvəlcə hakimiyyətə opponent olan qüvvələrin fəaliyyətinin uzlaşdırılmasına nail olmalıdır: “Bu uzlaşdırmaya nail olandan, mübarizənin nəticəsinin olacağına inandırandan sonra hakimiyyəti demokratik islahatlara məcbur etmək lazımdır. Martın sonundan, aprelin əvvəlindən kütləvi aksiyalara başlayıb, aktivliyi bərpa etmək lazımdır”.

İ.Qəmbər isə tədbiri yekunlaşdıraraq dedi ki, burada səslənən tədbirləri ümumiləşdirib ən qısa müddətdə cəmiyyətə təqdim etmək lazımdır. Onun sözlərinə görə, gəlinən nəticə dövlətin aliliyi təmin edilmədən, azad rəqabətə hər cür şərait yaradılmadan böhrandan çıxmağın mümkün olmayacağı ilə bağlıdır: “Təcili sosial tədbirlər görülməli, insanlar, əhalinin az gəlirli hissəsi böhranın zərbələrindən qorunmalı, cəmiyyətin gücü toparlanmalıdır. Siyasilərin potensialından istifadə olunmalıdır. Hətta bizim yetərli hesab etmədiyimiz vətəndaş cəmiyyəti də hakimiyyəti  narahat edir. Mediadan da çox şey gözləyirik. Bu prosesdə salnaməçiliyi yox, baş verən proseslərin cəmiyyətə real çatdırılmasını istəyirik”. (musavat.com)

COMMENTS