Top.Mail.Ru

“Müxalifətin trolları iqtidarın trollarından güclüdür” – Aqil Abbas

“Müxalifətin trolları iqtidarın trollarından güclüdür” – Aqil Abbas

Son zamanlar insanlar arasında aqressiya pik həddə çatıb. Bu özünü daha çox sosial şəbəkələrdə göstərir. Belə ki, sərt tənqidləri, bəzən isə qarşılıqlı təhqirlərin şahidi oluruq. 

Millət vəkili Aqil Abbas məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, pandemiya dövrüdür, insanlar biraz əsəbi vəziyyətdədir və acıqlarını sosial şəbəkədə çıxırlar:

“Lakin bu tək virusla əlaqədar deyil, sadəcə onun da böyük təsiri olub. Çünki nə qədər adam koronavirus səbəbilə işsiz qalıb. Maddi və psixoloji problemlər insanlarda aqressiya yaradıb. Ürəklərini sosial şəbəkədə boşaldırlar. Yaponiyada fabriklərin qarşısında müdirlərin büstünü yerləşdirirlər. İşçi ona bir-iki sillə vurur, ürəyini elə soyudur. Burada elə şey yoxdur. Müqəvvanı sosial şəbəkə əvəz edir. Yəqin ki, keçib gedəcək”.

Aqil Abbas qeyd edib ki, söyüş söyən sıravi vətəndaşları troll ordusundan fərqləndirmək lazımdır:

“Çünki bəziləri var ki, bunun üstündə xüsusi işləyir. 20 profil açır və hamısından təhqiredici ifadələr yazır. Bunlar kimisə vurmaq üçün işləyirlər. Belə trollar həm iqtidarda, həm də müxalifətdə var. Müxalifətdəkilər daha çoxdur və güclüdür. Türkiyədə bunların qarşısını almaq üçün qanun çıxarıblar. Amma bunun önləmək, qarşısını almaq elə də asan deyil. Burda qadağan edəcəksən, gedib Gürcüstanda profil açıb söyüş yazacaq. Ona ki mane olmaq mümkün olmayacaq. Amma Siyavuş Novruzov fikir səsləndirmişdi ki, hər kəs qeydiyyatdan sənədlə keçsin. Belə olanda həmin şəxslərin işləri çətinləşir, çünki onları tapmaq asan olur. Əslində, belə də hər kəs istəsə, axtarıb tapa bilər, şikayət edilərsə, dövlət bununla bağlı köməklik göstərər, sadəcə ikinci variant biraz uzun çəkir”.

Təhqirlərə məruz qalan şəxslərin susma səbəbinə gəldikdə isə deputat vurğulayıb ki, əksəriyyət təhqir edənin səviyyəsinə enmək istəmir:

“Qarşı tərəf ona görə cavab vermir ki, o, həmin səviyyəyə düşmək istəmir. Məhkəməyə getməyin marağında olmur. Deyirlər, desinlər də.. Nə qədər yazırlar, yazsınlar. Bu şəxslərin yazıb söydükləri şəxs normal adamdırsa, ona fərq etmir, çünki xalq onsuz da onu tanıyır. Kimsə kiminsə alqışı ilə yaranmayıb ki, qarğışı ilə də ölə… O mənada qarşı tərəf susur, əhəmiyyət vermir. Çox nadir hallarda cavab vermə halına rast gəlmək olar”.

DOSYE.ORG

COMMENTS