Müxalifət parlament seçkilərinə qatılacaqmı?

Müxalifət parlament seçkilərinə qatılacaqmı?

Artıq növbədənkənar seçkilərin keçiriləcəyi gün müəyyənləşib. Prezident İlham Əliyev dekabrın 5-də Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb və növbədənkənar parlament seçkilərinin keçirilməsi 2020-ci ilin 9 fevral tarixinə təyin edib.

Bir gün əvvəl isə Konstitusiya Məhkəməsi parlamentin buraxılmasını Konstitusiyaya uyğun hesab edib.

Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciət edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərə hazır olduğunu bəyan edib. Hətta YAP-ın icra katibinin müavini Siyavuş Novruzov artıq namizədlərin də müəyyənləşdirilidiyini bildirib. Bəs müxalifət düşərgəsində vəziyyət necədir?

Hələlik yalnız Respublikaçı Alternativ Partiyası (REAL) parlament seçkilərinə qatılacağını açıqlayıb. REAL sədri İlqar Məmmədov bildirib ki, hətta minimum şərtlərlə belə, seçkiyə gedilməlidir. Seçkilərlər bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın olur ki, REAL ölkədə dəyişiklik üçün seçkilərdə iştirakı ən optimal variant kimi görür və prosesə qatılmayanları hakimiyyətin əlinə oynamaqda ittiham edir.

Müsavat Partiyası hələlik mövqeyini açıqlamayıb. Partiyanın seçkidə iştirak edəcəyi yoxsa boykot taktikasına üstünlük verəcəyi bu günlərdə bəlli olacaq. Siyasi şərhçilər hesab edir ki, Müsavat seçkidə iştirak qərarı verə bilər. Çünki hələ də Müsavat Partiyasına təsir imkanları olan partiyanın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər boykot taktikasını məqbul hesab etmir.

AXCP-nin liderlik etdiyi Milli Şura isə seçkidə iştirak etmək niyyətində görünmür. Milli Şuranın bəyanatında hakimiyyətdən seçki islahatları tələb edilir. Bu islahatlar həyata keçirilməyəcəyi təqdirdə isə Milli Şuranın seçkiləri boykot edəcəyi bəyan olunur. Hakimiyyətin bu tələbləri yerinə yetirəcəyi inandırıcı görünmür. Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov Milli Şuranın məlum bəyanatına verdiyi reaksiya belə deməyə əsas verir. “Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri “şərtlər zərfi” bunu aydın sübuta yetirir”, – deyə YAP yetkilisi bildirib.

DOSYE.ORG

COMMENTS