Müxalifət Siyavuş Novruzovun qanvermə çağırışına CAVAB VERDİ: “YAP gecikib”

Müxalifət Siyavuş Novruzovun qanvermə çağırışına CAVAB VERDİ: “YAP gecikib”

Sentyabrın 6-da hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib.

Partiyanın İcra Katibliyində təşkil olunan aksiyada Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri və Abşeron rayon təşkilatlarının üzvləri iştirak ediblər.

Qanvermə aksiyasının humanist xarakterli tədbir olduğunu deyən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiya üzvlərinin bu təşəbbüslə nümunə göstərdiklərini qeyd edib. S.Novruzov müxalifət nümayəndələrini də bu aksiyaya dəvət edib:

“Onlar indiyə qədər nə qanvermə, nə ağacəkmə, nə də digər xeyirxah tədbirlər keçirib. Əksinə,  görülən müsbət işlərə kölgə salmağa çalışıblar, öz fəaliyyətlərini, söyüş, təhqir, böhtan  üzərində qurublar. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər qan versinlər”.

Bəs müxalif siyasi partiyaların YAP-çı deputatın dediklərinə münasibəti necədir?

.
Modern.az saytı bu sualla YAP-ın rəqiblərinə müraciət edib.

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib ki, müsavatçılar yalnız məhərrəmlikdə deyil, zaman-zaman qanvermə aksiyalarına qoşulurlar:

“Bəzi hallarda köməyə ehtiyacı olan şəxslər üçün aksiyalar da təşkil edirik. Sadəcə bu kimi işlərdən siyasi məqsədlər üçün istifadə etmirik. Siyasi partiyalar belə məsələləri şouya çevirməməlidir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Siyavuş Novruzovun çağırışını qeyri-səmimilik adlandırıb. Hətta vətəndaşlara məsləhət görüb ki, YAP nümayəndələrinin verdiyi qanlardan istifadə etməsinlər:

“Azərbaycan cəmiyyətində mənəvi deqredasiya elementləri məhz bu partiya sayəsində formalaşıb. İndi hansısa qanvermə aksiyası ilə özü barədə humanist obraz yaratması istehza doğurur”.

Bununla yanaşı, F.Qəhrəmanlı deyib ki, bu tip aksiyalarda iştirak etmək AXCP üzvlərinin fərdi qaydada istəyinə əsaslanır:

“Biz milli mənəvi məsələlərdən sui-istifadə edib, bunu siyasi kampaniyaya çevirmək niyyətində deyilik. YAP-dan fərqimiz odur ki, bu kimi məsələlərə hər hansı siyasi, ictimai təmənna güdmədən yanaşırıq”.

ReAl Partiyası İdarə Heyətinin üzvü Natiq Cəfərli isə vurğulayıb ki, YAP çox gecikib:

“Aprel döyüşlərindən sonra ReAl Partiyası çağırış etdi və öz üzvlərimizlə birlikdə səhv etmirəmsə, gün ərzində 243 nəfər müxtəlif qanvermə məntəqələrində Azərbaycan ordusunun yaralanan əsgərləri üçün qan verdilər.

Əslində YAP və deputatların bu aksiyası təqdirəlayiq addımdır. Amma səhiyyə sistemi elə qurulmalıdır ki, belə aksiyalara ehtiyac qalmasın. Çünki səhiyyə sisteminin fəaliyyəti düzgün olsa, belə problemlər baş qaldırmaz. Baxın, sosial şəbəkələrdə tez-tez elan verirlər ki, hansısa vətəndaşa təcili qan lazımdır.  Biz belə çağırışlara da qoşuluruq, sadəcə reklam etmədən, vətəndaş mövqeyimizi ortaya qoyuruq”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə dinin dövlətdən ayrı olduğunu xatırladıb:

“Məntiqlə götürdükdə, məhərrəmlik şiə təriqətinə aid edilən matəm ayıdır. Bir sözlə, bu ayda həyata keçirilən qanvermə aksiyası dini mahiyyət daşıyır. Azərbaycanda isə din dövlətdən ayrıdır. Ona görə, buna siyasi don geyindirmək, dindən siyasi vasitə kimi istifadə etmək yolverilməzdir. Çünki din daha yüksək dəyərlər sistemidir.

Düzdür, qanvermə humanist aksiyadır. Amma bunu həyata keçirmək üçün mütləq məhərrəmliyi gözləməyə ehtiyac yoxdur. Əgər doğrudan da digər insanların həyatını xilas etmək niyətilə bunu edirlərsə, ilin istənilən vaxtı, istənilən günündə qan verə bilərlər. Kampaniyaçılıq isə Kommunist Partiyasının üsullarından biridir. Elə Şeyxülislamlıq da bu partiyanın üslubu idi”.

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu isə AMİP-in illər əvvəl belə aksiyalar keçirdiyini söyləyib:

“YAP son illərdə bu cür qanvermə aksiyaları keçirir. AMİP isə müharibənin şiddətli, qızğın vaxtında könüllü qanvermə kampaniyaları həyata keçirib. 30 il sonra YAP bizim elədiyimizi təkraralayır. Hətta bunu da insanlara minnət kimi qoyurlar. Biz keçirdiyimiz aksiyaların heç birini təbliğ etməyi, cəmiyyətə minnət kimi qəbul etdirməyi düşünmədik. Yenə də edirlərsə, hər halda yaxşı addımdır. YAP-ın 700 min üzvü var, onlardan tək 500 mini qan versə, böyük bir qan bankı yaranar”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə bu cür aksiyaları dəstəkləyib:

“Kimin dəvət etməsindən asılı olmayaraq, belə kampaniyalarda hər kəsin iştirak etməyi vacibdir”.

DOSYE.ORG

COMMENTS