Müxalifət yenidən birlikdə

Birləşmiş Hüquq Müdafiə Mərkəzi siyasi məhbuslar problemini müzakirə edəcəkMüxalifətin təsis etdiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzi növbəti toplantıya hazırlaşır.

 

Avqustun 29-da siyasi partiyalar bir araya gələrək siyasi məhbusların müdafiəsi istiqamətində müzakirələr aparacaq.

 

KXCP sədrinin müavini Xəzər Teyyublunun sözlərinə görə, hər həftənin cümə günləri partiyaların bir yerə toplaşaraq bu problemi müzakirə etməsi qərara alınıb.
KXCP funksioneri fəaliyyətin intensivləşdirilməsinin tərəfdarıdır. X.Teyyublu bildirdi ki, bu ayın 29-u, saat 16:00-da KXCP qərargahında siyasi məhbuslar və son həbslər müzakirə ediləcək.

 

“Ötən ayın 22-də geniş müzakirələr aparıldı. Silsilə toplantılar keçirilməsi nəzərdə tutulub. Aksiyalar məsələsi gündəlikdədir. Fləşmoblar, aksiyalar keçirilməsi ilə bağlı hər hansı qərar verilməyib. Lakin müzakirələrdən asılı olaraq qərar verilə bilər,”- deyə KXCP rəsmisi qeyd etdi.

X.Teyyublu bu mərkəzdə partiyaların birləşməsini müxalifətin gələcək perspektivi üçün uğurlu hesab edir: “Hər halda, partiyaların geniş tərkibdə toplanması xoş haldır. Burada 15-dən çox partiya nümayəndəsi təmsil olunur.

Əgər siyasi proseslərin gedişatı diktə edəcəksə, müxalifətin birliyi yaranacaq. Təbii ki, siyasi həbslər, regionda baş verənlər, Gömrük İttifaqı məsələsi tələb edir ki, müxalifət bir araya gəlsin. Xalqa müxalifətin birliyi hava-su kimi lazımdır. Odur ki, demokratik düşərgənin birliyi vacibdir”.

Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müdafiə işini təkmilləşdirmək üçün sistemləşdirmək lazım olduğunu vurğulayıb:

“Sistemləşərkən artıq daha dəqiq addımlar atmaq olar. Hələlik müdafiə dağınıq və bir qədər də bəyanatdan o tərəfə keçməyən səviyyədədir. Güman edirəm ki, siyasi partiyalar yığışıbsa, artıq bütün parametrləri müzakirə etmək olar”.

COMMENTS