Muxtar Babayevin müəmmalı SÜKUTU… – AXI NİYƏ?

Muxtar Babayevin müəmmalı SÜKUTU… – AXI NİYƏ?

Məlum olduğu kimi ətraf mühit dedikdə ilk növbədə təmiz hava, təmiz su, təmiz ekologiya yada düşür. Ekologiyanın təmiz olması üçün də ilk növbədə yaşılıqların qorunması lazımdır. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş Azərbaycanda yaşıl dünyamız necə qorunur? Son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeçiliyində olan Masallı, Yardımlı, Cəlilabad rayonlarında meşələrin kütləvi şəkildə qırılması, meşə fonduna aid olan torpaqların ayrı ayrı şəxslərə satılması ilə bağlı geniş məlumatlar yayılmaqdıdır.

Ötən ilin noyabrın 15-də 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyadan kəsilən işçilərin bəziləri fəhlə kimi işə yenidən götürülüb. Bu barədə Cumhuriyyet.net-ə daxil olan məlumatlarda deyilir ki, mərkəzin direktoru Nəsimi Nəsibov və müavini Rahib Ağayev attestasiyada lazimi bal toplamayıb işdən çıxarılan Əliyev Elman Arif oglunu fəhlə kimi işə qaytarıb.Məlumatlarda iddia olunur ki, Elman Əliyevin işə götürülməsində Rahib Ağayev xüsusi fəallıq göstərib. Elman Əliyev isə bunun üçün 2 min manatından keçib. Bununla bağlı cumhuriyyet.net-ə daxil olan məlumata görə, Rahib Ağayev səhhətini bəhanə edərək noyabrda keçirilən attestasiyada iştirak etməmişdi. Əsl səbəb isə imtahan suallarını bilməməsi olub. İşçilərin sözlərinə görə, istər direktor Nəsimi Nəsibov, istərsə də Rahib Ağayev meşəçilikdən uzaq adamlardır. İxtisas təhsilləri belə yoxdur.

İnternet resurslarında 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov barədə qanunsuz ağac qırıntıları, meşə torpaqlarının satılması halları və s. ilə bağlı kifayət qədər faktlar mövcuddur. Onun meşəyə şəxsi biznesi kimi baxdığı yayılan məlumatlar sırasındadır.

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində meşələrin kütləvi şəkildə məhv edilməsi ənənə halını alıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, ekofəal Məhəmməd Adiyev Cəlilabad rayonu Göytəpə meşəbəyliyinin 11 və 13 saylı dolaylarında ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı yeni görüntülər paylaşıb. Maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göytəpə meşələrində baş verən kütləvi qırıntılarla bağlı heç bir yoxlama təşkil etməyib.

COMMENTS