“Albert Səlimov əvvəllər Avropa və dünya çempionu olmuş, təcrübəli boksçudu”. Bu sözləri apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan yığmasının məşqçisi Nəriman Abdullayev deyib.
I Avropa Oyunlarında 60 kq çəki dərəcəsində boks yarışlarında təmsilçimiz Albert Səlimov ilk görüşdən qələbə ilə ayrılıb. Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla qarşılaşan təcrübəli idmançımız rəqibinə şans verməyərək, hər 3 raundda qalib gəlib.
Bu görüşlə bağlı danışan Abdullayev idmançımızın layiqli qələbə qazandığını qeyd edib.
O bildirib ki, Gürcüstan boksçusu döyüş ərzində bir neçə dəfə qaydaları pozub: “Birinci görüş çətin oldu. Çünki Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyan kifayət qədər aqressiv idi və qaydaları pozurdu. Ancaq gördüyünüz kimi, Albert qələbə qazandı. Ümumiyyətlə, komandamız bu yarışa çox ciddi hazırlaşıb. İdmançılarımız güclü olduqlarını isbatlayacaqlar”.
COMMENTS