Nərimanov rayonunda yüksək bal toplamış tələbələrlə görüş keçirilib

Sentyabrın 17-də Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında rayon təhsil müəssisələrinin 2013-2014-cü tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

 

Tədbirə Milli Məclisin deputatları, təhsil müəssisələrinin müəllimləri və tələbə adını qazanmış gənclər, valideynlər, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər qatılıblar. Nərimanov

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını Bilik günü, yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Qeyd edilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür.

Vurğulanıb ki, 2013-2014-cü tədris ili ərəfəsində Nərimanov rayonunda yerləşən 47 nömrəli tam orta məktəb əsaslı təmir olunub və 207 nömrəli tam orta məktəbin isə 280 yerlik 14 sinif otağı, kitabxana, akt və idman zalı olan 4-mərtəbəli əlavə korpusu tikilib. İcra başçısı bildirib ki, qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. 2013-2014-cü tədris ilində məktəbi bitirənlərin sayı 3971 nəfər olub. 5 nəfər şagird məktəbi qızıl medalla bitirib. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 65 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı 17 nəfər olub. 2 nəfər tələbə Prezident təqaüdünə layiq görülüb.

Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov qeyd ediblər ki, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görülüb.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

COMMENTS