Naxçıvanda döyülən İlqar Nəsibovla bağlı yeni iddialar

Bu günlərdə ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasına qarşı hansı iyrənc oyunlar içində olmalarına şahid oluruq.

 

Onlar arasında maliyyə fırıldaqçılığından tutmuş düşmən Ermənistanla müttəfiqlik içində Azərbaycana qarşı fəaliyyətlər aparanlara qədər müxtəlif qanunsuz əməllərlə məşğul olanlar var və bu fakt olaraq bu gün ortadadır. Bütün bu cinayətkar əməllərə görə ən böyük narahatçılığı isə həmin QHT-lərə qrant adı altında böyük vəsaitlər ayıranlar keçirirlər. Kimdir onlar? Verdikləri reaksiyalardan, keçirdikləri “narahatçılıqdan” belə məlum olur ki : ATƏT daxilindəki bəzi institutlar, “Freedom House”, “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar”, ABŞ, Böyük Britaniya və digər məlum səfirliklər, “humanitar fəaliyyət“ adı altında siyasi maraqlarının baş tutmasını maliyyələşdirən mərkəzlər. Onu da qeyd edək ki, həmin bu təşkilat və səfirliklər bir qayda olarq Azərbaycana qarşı münasibətdə yalnız maliyyələşdirdikləri şəxsin fikirlərini əsas götürürlər.

Bu günə qədər sadalanan həmin qrant mərkəzlərinin isə hədəfi bütün hallarda dəyişməz olaraq qalıb: Azərbaycan Respublikası, onun maraqları, müdafiə qabiliyyəti, ictimai sabitliyin qorunmasına məsul olan güc strukturları. Leyla Yunusun və onun dəstəsinin əməlləri ortaya çıxandan sonra “qrant mərkəzlərinin” beynəlxalq aləmdə media vasitəsi ilə apardıqları qarayaxma kampaniyanın əsas hissəsi olaraq qalır. Bir başqa məqam isə odur ki, qaragüruhçu “demokratlar” sonradan əllərindəki bütün qüvvələrdən, ölkə daxilindəki media qurumlarından, təsadüfi hadisələrdən belə sonuncu şans kimi istifadə edirlər. Yunusların məlum əməllərinin ortaya çıxmasının ardınca Naxçıvanda hüquq müdafiəçisi, QHT-çi İlqar Nəsibovun güya bir qrup şəxs tərəfindən döyülməsi və bununla əlaqədar “Azadlıq” və “Amerikanın səsi” radioları, “Azadlıq” və digər qəzetlərin tirajladıqları materiallar bəziləri üçün maraqlı idi. Lakin, birtərəfli olaraq baş vermiş hadisəni elə ilk andan yerli hakimiyyətin, hüquq mühafizə orqanlarının üstünə yıxan Məlahət Nəsibovanın müsahibələrində səsləndirdiyi fikirlərdəki ziddiyətlər bizi kiçik bir jurnalist araşdırması aparmağa sövq etdi. Həmin kişik araşdırma isə Leyla Yunusun yaxın rəfiqəsi Məlahət Nəsibovanın hansı missiya apardığını üzə çıxardı.

Beləliklə:

Məlahət Nəsibovanın öz əri İlqar Nəsibovun məişət zəminində baş vermiş dava-dalaş zamanı mübahisə etdiyi yaxın dostu, Vətəndaş Həmrəyliyi Partiyasının Naxçıvan təşkilatının sədri Fərid Əsgərovla bir-birlərinə qarşılıqlı bədən xəsarətləri yetirmələrinə siyasi don geyindirib bundan Azərbaycan əleyhinə istifadə etməsi açıq aşkar bir fakt olaraq ortadadır. DİN-in rəsmi məlumatında hadisənin Qeyri Hökumət Təşkilatlarının və Demokratiyanın İnkişaf Mərkəzinin ofisində məişət zəminində baş verdiyi qeyd olunsa da, Məlahət Nəsibova elə ilk günlərdən həmin hadisənin məcrasını niyəsə tamamilə başqa yönə – Azərbaycana təzyiqlər edilməsi üçün siyasi məcraya yönəltməyə çalışıb. Avqustun 21-də sərxoşların dava-dalaşından sonra, ertəsi gün Məlahət Nəsibova əvvəlcə bildirib ki, onun rəhbəri olduğu Qeyri Hökumət Təşkilatlarının və Demokratiyanın İnkişaf Mərkəzinin ofisinə bir qrup şəxs tərəfindən hücum edilib. Amma o, heç bir şəxsin adını çəkmirdi. Görünür həmin vaxt Məlahət Nəsibova əmr aldığı dairələrin hadisə barədə hansı ssenari yazacaqlarını gözləyirdi. Amma növbəti müsahibələrində o, hansısa Fərid haqqında xatırladı. Sanki onu heç tanımır, barəsində bilmirdi. Halbuki, “какой то” Fərid kimi təqdim etdiyi şəxs onların doğmaları imiş. Bunu isə Məlahət Nəsibova DİN-in rəsmi məlumatından sonra xatırladı. Hadisənin ertəsi günü “Azadlq” radiosuna müsahibəsində bildirib: “biz Fərid Əsgərovu dövlətin adamı kimi tanıyırıq. Onun müxalifətlə heç bir əlaqəsi yoxdur”. Avqustun 27-də isə Məlahət Nəsibova “Azadlıq” qəzetinə və “Azadlıq” radiosuna verdiyi müsahibələrdə Fərid adlı şəxs barəsində bildirib ki “F.Əsgərov dəfələrlə Naxçıvanda demokratik qüvvələrin keçirdiyi tədbirlərdə iştirak edib”.

M.Nəsibovanın sözlərinə görə, eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, F.Əsgərovun atası uzun müddətdir ki, Xalq Cəbhəsinin üzvüdür”. “Azadlıq” radiosunun efirində isə əri İlqarın Fərid adlı şəxs üçün ata əvəzi olduğunu deyərkən lap gül vururdu. Onun dediklərinə cavab isə bu dəfə AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoydan gəlib: “F.Əsgərov və atası heç zaman AXCP üzvü olmayıblar. Onlar heç AXCP-nin qərargahının ünvanını bilmirlər. Sadəcə olaraq bir müddət əvvələ qədər Fərid Əsgərov müxalifətin müxtəlif toplantılarına, Rəsulzadə ilə bağlı tədbirlərə qatılıb. Və həmin tədbirlərdə iştirak edən zaman özünü VHP təmsilçisi kimi təqdim edib. Onun və atasının AXCP-yə heç bir aidiyyatı yoxdur. Onlar heç zaman Xalq Cəbhəsinin üzvü olmayıblar».

M.Nəsibovanın bir-birini təkzib edən yalanlarının fonunda isə sosial şəbəkələrdə faktlar yayılıb:

Fərid Əsgərovun onların yaxın adamı olmadığını “sübut” etmək üçün Nəsibovlar hərdən bir yalan uydurublar. İlqar Nəsibov mətbuata verdiyi açıqlamada deyib: ”İzahat yazanda da bildirdim ki, mənə birinci zərbəni Fərid vurdu. Huşumu itirib, ayılandan sonra baxdım ki, ofisdən bir neçə nəfər çıxır. Sonra mənim huşum bir də getdi. Ayıldıqda baxdım ki, heç kim yoxdur”. İlqar Nəsibov əvvəlki müsahibələrində isə bildirib ki, onu döyməkdə ittiham edilən Fərid başını əllərinin arasına alaraq ağlayır və deyirdi: “Onlar sənə nə etdilər, bütün bunları sonra mənim üstümə atacaqlar!”. Döyüldüyü zaman affekt vəziyyətində olduğunu, heç nə xatırlamadığını və huşu özündə olmadığını bildirən İlqar Nəsibov necə oldu ki, Fərid Əsgərovun onun başının üstündə ağladığını və onu bir neçə nəfərin döydüyünü deməsini xatırlayır?

İlqar Nəsibovu tanıyan həmkarları da onun söyüşkən və danışığını bilməyən bir şəxs olduğunu təsdiq ediblər :

Araşdırmamız zamanı Naxçıvanda yaşayan müxalifət partiyalarından birinin üzvü ilə əlaqə saxlayib məsələ barədə soruşduq. Adının açıqlanmasını istəməyən həmin şəxs bizə bildirdi ki, “İlqar Nəsibovla Fərid Əsgərov arasındakı yaxın münasibətin hamımız şahidi olmuşuq. Fərid tək İlqar Nəsibovla yox hamımızla yaxın olub, bütün tədbirlərimizdə VHP üzvü kimi iştirak edib. İlqar içki içən adamdır. Yaxın yoldaşlardan eşitdiyimə görə həqiqətən də Fəridlə İlqar QHT-nin ofisində içki içiblər. Sonradan sözləri çəpləşib, bir-birlərinə vurublar. Səbəb də o olub ki, Fərid İlqardan hansısa problemi barədə xahiş edib, İlqar isə söyüş söyüb. Mən eşitdiyimə görə, polislər İlqarın yoldaşı Məlahətlə ofisə baxış keçirəndə oradan içki şuşələri çıxıb. Davanın ertəsi günü İlqar polisə verdiyi izahatında bildirib ki, onu Fərid vurub. Ondan başqa heç kimi görməyib. Aralarındakı dava dalaşda İlqarla yanaşı Fərid də xəsarət alıb. Onun əlində və ayaq barmağında sınıq olduğunu deyirlər. Camaat arasında gəzən söhbətlərə görə həmin ofisdəki məclislərə qadın da gətirirmişlər. Buna görə ofisin ətrafında yaşayan sakinlər narazılıq edirmişlər”.

Araşdırmamız zamanı o da məlum olub ki, Nəsibovların əvvəl verdikləri müsahibələrdə adını gizlətdikləri və yaxın münasibət saxladıqlarını inkar etdikləri Fərid Əsgərov haqqında verdikləri izahatlarda onunla çox yaxın olduqlarını göstəriblər. Bu yaxınlıq o dərəcədə olub ki, Fərid ailə problemi ilə əlaqədar həmin ofisdə keçirdikləri növbəti məclisdə İlqar Nəsibovdan kömək istəyib. Bu köməyin nədən ibarət olduğu barədə İlqar Nəsibovun açıqlaması isə o olub ki, Fəridin başqa qadınlarla əlaqəsi üzə çıxdığından onun ailəsində problem yaranıb. Fəridin bu problemi ilə əlaqədar İlqarla arasında olan söhbətin ardınca isə təhqirlər səslənməyə başlayıb. Sonluq isə dava ilə nəticələnib.

Görünür, Nəsibovların QHT-lərinin ofisi ətrafindakı sakinlərin oraya qadın gətirilməsi ilə bağlı narahatçılıqları əbəs deyilmiş. Ola bilsin ki, dostların ofisdən həm də başqa məqsədlər üçün istifadə etmələrinin üstünün Fəridə görə açılması İlqar Nəsibovun xoşuna gəlməyib.

İlqar Nəsibov QHT-nin ofisində Fərid Əsgərovla nahar etdiklərini və onun tərəfindən vurulduğunu təsdiqləsə də, sonradan özünün hansısa şəxslər tərəfindən döyüldüyünü idda edib. Maraqlıdır ki, o əvvəlcə bu barədə danışarkən kimlər tərəfindən döyüldüyünü görmədiyini deyib. Bir-neçə gündən sonra isə İlqar Nəsibov öz iddialarına bir az da təəccüblü forma verib. Bu dəfə isə o Fəridin onun başı üstündə durub ağladığını və ofisdən bir neçə adamın çıxdığını dumanlı şəkildə gördüyünü iddia edib. Lakin, Fəriddən başqa hər hansi bir şəxsi barədə heç bir fakt gətirə bilməyib. Belə “dumanlı” görmələr isə bir daha onu təsdiq edir ki, Nəsibovlar məişət zəminində baş vermiş rüsvayçı hadisədən siyasi maraqlar üçün istifadə edirlər. O, da bizə məlum oldu ki, Nəsibovların ofisindəki qan izləri arasında təkcə İlqar Nəsibovun yox, Fərid Əsgərovun da qan izlər olub. Həmin izlərdən nümunələr götürülüb.

Sonda onu qeyd edək ki, böyük məbləğdə qrant hesabina Nəsibovların açdıqları ofisin hər bir şəraiti var və həmin ünvan bəzi xarici ölkə diplomatlarının təşrif buyurduqları məkandır. Hadisədən dərhal sonra Nəsibovlar göz-bəbəkləri kimi qoruduqları ofisin mühafizə kameralarını polis gələnədək söküb yığışdırıblar. Əgər Nəsibovların dedikləri kimi onların ofislərinə hücum olubsa, bəs onda nə üçün mühafizə kameraları yığışdırılıb? Hansı səbəbə görə kameraların görüntülərini gizlədiblər? Görünür həmin görüntülər Nəsibovlara sərf etməyib.

Beləliklə məlum olur ki, “Azadlıq” radiosu, “Azadlıq” qəzeti və digərlərində bir qayda olaraq Nəsibovların ziddiyətli iddialarına yer ayrılması ancaq hakimiyyətə qarşı aparılan kampaniyanın bir hissəsidir. Belə qənaətə gəlmək olur ki, bütün bunlarda məqsəd Nəsibovların tüfeyli həyat tərzinin nəticəsi olaraq baş vermiş adi hadisədən istifadə edərək həm ölkə əleyhinə təbliğat aparmaq, həm onların ofislərindən hansı “tədbirlər” üçün istifadə etdiklərini donorlar və ictimaiyyət qarşısında gizlətmək, həm də yeni qrantlar üçün zəmin hazırlamaqdır.
“Azadlıq” və “Amerikanın səsi” radiolarının Nəsibovları böhtanlarına yer verərək cəmiyyətdə rəy yaratmağa çalışması onların nə dərəcədə qeyri-obyektiv mövqeydə olduqlarını ortaya qoyur. Əslində Yafəz Həsənov kimi keçmişi kriminal əməllərlə, cinayətlərlə dolu şəxslərin “Azadlıq” radiosunda çalışması bu media qrumunun hansı əqidəyə xidmət etdiyini bir daha göstərir.

COMMENTS