Nazir: “Düşmən dəyirmanına su tökməyək”

“Bu gün jurnalistikanın əsas məqsədi Azərbaycan xalqına, onun milli mənafeyinə xidmət etməkdir. Sensasiya yaratmaq xətrinə yalan məlumat yaymaq olmaz. Biz düşmənin dəyirmanına su tökməməliyik”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Nazir müharibə şəraitində yaşayan Azərbaycan mətbuatının həssas olmalı olduğunu da vurğulayıb.

Onun sözlərinə görə, dünya ölkələri Azərbaycana ikili standartlardan yanaşırlar. Halbuki, indi Azərbaycanda yüzlərlə mətbuat orqanı var. Onlardan yalnız 5-6 faizi dövlət orqanlarının nəşrləridir.

Ə.Qarayev indi Azərbaycanın ən ucqar yerinə istənilən məlumatı göndərməyin mümkün olduğunu deyib.

O, nazirliyin yeni layihə həyata keçirdiyini də bildirib. Nazirin sözlərinə görə, hal-hazırda Mədəniyyət və Turizm Nazirliyi “Bərpa nəşr” adlı layihə həyata keçirir. Bu layihə çərçivəsində pis vəziyyətdə olan, məhv olmaq həddinə çatan kitablar, nəşrlər bərpa edilərək yenidən çap edilib kitabxanalara göndəriləcək.

Qeyd edək ki, tədbir Milli Mətbuat günü ərəfəsində baş tutub. Bu il Azərbaycan mətbuatı 140 illiyini qeyd edəcək.

COMMENTS