Nazir müavini ali məktəbləri təhsil haqlarını qaldırmamağa çağırdı

“Ödənişli əsaslarla təhsil aparan müəssisələr dövlət tərəfindən tənzimlənən təhsil haqqını yüksək etməməlidir”. Modern.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib. O qeyd edib ki, təhsil haqları ilə bağlı dövlətin hər hansı tənzimləmə mexanizmi bu gün mövcud deyil.

“Burada əsas məsələ rəqabət, tələb və təklif əsasında formalaşır. Təhsil Nazirliyi olaraq ali təhsil müəssisələrinə tövsiyəmiz ondan ibarətdir ki, tələbələr üçün daha geniş təhsil imkanları yaratmaq baxımından təhsil haqlarını yüksək etməsinlər. Təbii ki, Təhsil Nazirliyi olaraq biz bunu tələb yox, ancaq tövsiyə edə bilərik”. Heç bir yerdə ödənişsiz təhsil olmadığını deyən nazir müavini qeyd edib ki, təhsilin hamısı ödənişlidir.

“Sadəcə, dövlət sifarişi ilə yüksək nəticələr əldə edən tələbələrin ödənişi dövlət tərəfindən tənzimlənir. Dövlət tərəfindən ödənilən təhsil haqlarının qiymətləri tənzimlənir, qiymətlər hökumətin müvafiq qərarına əsasən ixtisas və ali təhsil müəssisələrindən asılı olaraq formalaşdırılır. Bunu da tələbə və onun ailəsi hiss etmir ki, bunu dövlət ödəyir. Tələbələrin öz vəsaitləri hesabına ödədikləri təhsil haqlarına gəlincə, bugünkü mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali təhsil müəssisələri tərəfindən müəyyən edilir”. 

C.Bayramov bildirib ki, Azərbaycanda hər bir ali təhsil müəssisəsi sağlamlıq imkanları məhdud tələbələrin təhsil ala bilməsi üçün xüsusi şəraitin yaradılması məsələsinə ciddi diqqət yetirməlidir.

“Təhsil Nazirliyi universitetlərin akkreditasiyası aparılan zaman bu məsələlərə diqqət yetirir və bundan sonra da yetirəcək. “Sağlamlıq imkanları məhdud uşaqlar, tələbələr üçün təhsil müəssisələrində xüsusi şəraitlər yaradılmalıdır. Yeni tikintilər aparıldıqda, təmir işləri görüldükdə bu məsələlərin nəzərə alınması dövlətin diqqətindədir”.

COMMENTS