Nazir Şəkidə vətəndaşları qəbul edib

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Şəki Şəhər (Rayon) Polis Şöbəsində vətəndaşların növbəti qəbulunu keçirib.

DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarından olan 45 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti öz həllini yerində tapıb, digərlərinin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, KİV-də öncədən verilmiş elana uyğun olaraq həmin rayonlar üzrə qəbulda, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 59 nəfər də iştirak edib. Nazir Ramil Usubov onların arasından xidmətə yararlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.

COMMENTS