Azərbaycan Dövlət Neft Fondu 2014-cü ildə dünya birjalarında valyutaların məzənnəsinin dəyişməsindən 2 milyard dollardan artıq pul itirib.
Fins.az-ın məlumatına görə, bu barədə fondun açıqladığı məlumatda bildirilir. Məumatda deyilir ki: «Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 1 milyard 611,9 milyon manat olub».
2014-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 12 milyard 731 milyon manat, büdcə xərcləri isə 10 milyard 117,2 milyon manat təşkil edib. Fondun əsas gəlirləri neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı olub: 12 milyard 343,8 milyon manat. O cümlədən mənfəət neftinin və qazın satışından 12 milyard 319,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 387,2 milyon manata bərabər olmuşdur. Ötən il ARDNF-dən dövlət büdcəsinə 9 milyard 337 milyon manat köçürülüb.
Layihələrə ayrılan vəsait açıqlandı
2014-də fond qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 80,2 milyon manat vəsait ayrılıb. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə isə Neft Fondundan 57,1 milyon manat vəsait yönəldilib. 33,5 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə xərclənib. “Star” neft emalı kompleksinin tikintisi üzrə 223,5 milyon manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 40 milyon manat vəsait ayrılıb.
İtkiləri böyük olub
2014-cü il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri isə 45,9 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 1 milyard 611,9 milyon manat olub. 2015-ci il yanvarın 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 3,42% artaraq 37 104,1 milyon ABŞ dollarına bərabər olub.
COMMENTS