Ötən il Suriyada və İraqda sürətlə böyük ərazilər ələ keçirən, dünyanın ən dəhşətli terrorçu qüvvəsi hesab olunan İŞİD (“İslam Dövləti”) son həftələrdə kürdlərlə döyüşdə ağır məğlubiyyətə uğrayıb.
Virtualaz.org saytı xəbər verir ki, İŞİD Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrinə nəzarəti əldən verib. Kürdlər İŞİD dəstələrini sürətlə geri oturdur və ötən il ələ keçirdiyi kəndlərdən vurub çıxarır.
Xarici KİV-lərin yazdığına görə, təkcə fevralın 10-da İŞİD yaraqlıları Suriyanın şimalında 25 kəndə nəzarəti itirib. Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhəri uğrunda aylarla gedən qanlı döyüşləri uduzan İŞİD hazırda bütün cəbhə boyu geri çəkilir. Özü də İŞİD ələ keçirdiyi ərazilərin bir qismini döyüşsüz təslim edir.
Ötən ilin yayında İŞİD irimiqyaslı hücuma keçərək Suriyanın şimalındakı Kobani kantonunu ələ keçirdi və vilayətin inzibati mərkəzi olan Kobani şəhərinin ətrafına çatdı. Həmin vaxt orada kürd kəndlərindən qaçan 200 minə yaxın qaçqın var idi.
Kobani şəhərini müdafiə edən, PKK-ya bağlı kürd qruplaşmaları YPG və YPJ-nin silahlı dəstələri İŞİD-lə döyüşdə uduzmaq üzrə idilər.
Strateji əhəmiyyətli bu şəhər İŞİD-in nəzarətinə keçmək üzrə idi. O zaman ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-ə qarşı hava zərbələrinə başladı. Kobanidə döyüşən kürdlərin köməyinə İraqın şimalından peşmərgələr və Suriya Azadlıq Ordusunun dəstələri göndərildi.
Əgər Kobani ələ keçirilsəydi, İŞİD orada əsl kürd soyqırımı törədəcəkdi. Belə görünürdü ki, koalisiyanın hava zərbələri də İŞİD-in irəliləməsini dayandıra bilmirdi.
Nəhayət, ötən ilin dekabrında kürdlər döyüşün gedişini dəyişə bildilər və İŞİD dəstələri xarabaya çevrilmiş Kobanidən sıxışdırıldı. Bu il yanvarın 26-da isə Kobaninin ətraf məhəllələri də İŞİD-dən azad olundu. Bu döyüşlərdə İŞİD-in 3500 nəfərdən çox itki verdiyi bildirilir. Kürdlər isə 600-a yaxın döyüşçü itiriblər.
Kobani uğrunda döyüşlərdə məğlub olandan sonra İŞİD bütün istiqamətlərdə geri çəkilməkdədir. Özü də geriləmə sürəti gündən-günə artır. Əvvəlcə İŞİD-çilər müqavimət göstərirdilər, indi isə müqavimətsiz geri çəkilirlər.
Fevralın 6-na qədər kürd yaraqlıları 65 kəndi və xeyli ərazini İŞİD-dən azad edib. Fevralın 10-da isə kürd dəstələri Fərat çayının sahilinə çıxıb.
Doğrudur, beynəlxalq media kürdlərin İŞİD-i sıxışdırdığı haqda xəbərlərə nədənsə geniş yer vermir və bu da kürdlərin narazılığına səbəb olur. Eyni zamanda onlar etiraf edirlər ki, İŞİD-in belə tələsik geri çəkilməsi təkcə döyüşü uduzması ilə bağlı deyil.
İraq Kürdüstanının PUK media agentliyi qeyd edir ki, İŞİD Suriyanın strateji əhəmiyyətli, vaxtilə üsyanın başladığı şəhər olan Deyr-əz-Zoru itirmək təhlükəsi qarşısındadır. Bu şəhəri Suriyanın neft paytaxtı da adlandırırlar, çünki orada zəngin neft yataqları var.
2014-cü ilin sentyabrında şəhərin ətrafında bir neçə mövqeyə nəzarət edən, ancaq mühasirəyə düşən Suriya ordusu hissələri geri çəkilməyə başladılar.
Suriya “spesnaz”ı Fərat çayı üzərindən keçən avtomobil körpüsünü partlatdı və şəhərin mərkəzinə nəzarət edən İŞİD dəstələri təchizat imkanından məhrum oldular. Çünki kifayət qədər enli olan və iti axan Fərat çayından sursat və digər yükləri keçirmək çətindir. Hazırda İŞİD şəhərin mərkəzi kvartallarında mühasirəyə alınıb və ağır küçə döyüşləri gedir.
Bu arada məlumat yayılıb ki, ABŞ ola bilsin İraqın neftlə zəngin Mosul və Kərkük rayonlarında İŞİD-ə qarşı quru əməliyyatına hazırlaşır. İŞİD üçün isə neft əsas gəlir mənbəyidir. Məhz neft yataqlarını ələ keçirəndən sonra İŞİD dünyanın ən varlı terror təşkilatına çevrildi.
Belə görünür ki, İŞİD əsas qüvvələrini Deyr-əz-Zorun və Mosulun müdafiəsinə cəlb edir, kürd kəndlərini ələ keçirib kürdləri qırmaq neftdən daha vacibdir.
COMMENTS