“Neft və məmur-oliqarxlar erası qurtardı”

Mehman Əliyev: “Beynəlxalq Valyuta Fondu hələ 2008-də proqnoz vermişdi ki…”

Son günlər hakim komandada bir sıra struktur islahatların həyata keçirilməsi, komanda üzlərinin yerdəyişməsi ilə bağlı prezident sərəncamlarına fərqli yanaşmalar var. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizdə “Hakimiyyətdə nə baş verir” sualına cavab axtarmağa çalışdıq. 2015-ci ili hələ ötən ildən ciddi islahatlar ili kimi xarakterizə edən həmsöhbətimiz indiki situasiyaya maraqlı və orijinal şərh verdi.

– Mehman bəy, komandadakı sonuncu yerdəyişmələr, bəzi qurumların ləğvi, birləşdirilməsini necə şərh etmək olar? İslahatlarla bağlı gözləntiləriniz vardı, ilkin addımlar sayıla bilərmi?

– Bu, ilkin addımlardır. Buna hələ islahat demək olmaz. Amma söhbət “Azərenerji” və “Bakıelektrikşəbəkə”dən gedirsə, burda beynəlxalq standarta uyğunlaşdırma prosesi gedir. Beynəlxalq standartlar tələb edir ki, enerjini istehsal edən və onun satışı ilə məşğul olan eyni qurum olmamalıdır.

Yəni istehsalçı ilə satıcı arasında tamam başqa şirkətlər olmalıdır. Ona görə də indi “Azərenerji” istehsalla, “Azərişıq” isə elektrik enerjisinin satışı ilə məşğul olacaq. Çünki bu vaxta qədər “Bakıelektrikşəbəkə” ayrıca bir qurum kimi fəaliyyət göstərirdi, regionlardakı paylayıcı şirkətlər isə birbaşa “Azərenerji”yə bağlı idi. Artıq vacib bir məsələ baş verir. İkincisi, gələcəkdə bu sahə üçün investisiyalarla bağlı yolun açılmasını gözləmək lazımdır. Məncə, gələcəkdə ayrı-ayrı şirkətlərin yaranması və xidmət göstərməsini gözləmək olar. Çünki bu, investisiyaların da daxil olmasına gətirə bilər. O cümlədən başqa sahələrdə bu, baş verə bilər.

– “Azəryolserviz” ASC-nin sədri Cavid Qurbanovun “Dəmir Yolları” QSC-yə rəhbər təyin olunması nə ilə əlaqədardır? Bu qərarla nəqliyyat naziri Ziya Məmmədov faktoru arasında hansısa rabitə varmı?

– Burda, sadəcə olaraq, kadr rotasiyası baş verir. Əlbəttə ki, gələcəkdə yeni planlar da həyata keçiriləcək. Nəqliyyat nazirinin özünün dəyişməsi məsələsi də gündəmdə ola bilər və olmalıdır.

– Bu, bir informasiyadır?

– Olmalıdır. Çünki artıq eyni postda çox oturublar. Ümumilikdə Nazirlər Kabinetində ciddi dəyişikliklər olmalıdır, artıq bunun vaxtı çatıb. Yeni biliklərə malik və yeni tələblərə cavab verən kadrlar olmalıdır. Artıq vəziyyət tamamilə dəyişir. Neft erası qurtardı və indi işləmək lazımdır. Bununçün də müasir iş bacarığına malik olan adamlar lazımdır. Tamam başqa vəziyyət yaranıb. Bir də ki, nazir-oliqarxlar erası da qurtarır. Onların yerinə sırf işlək nazirlərin təyin olunması tələb olunur ki, yalnız dövlət işi ilə məşğul olsunlar. Mən İlham Əliyevin 2004-cü ilin aprelində verdiyi anonsunu yada salmaq istəyirəm. O vaxt iş adamları ilə görüşəndə məmurlara dedi ki, kim dövlətçiliklə məşğul olmaq istəyir, dövlətə xidmət eləsin, kim bizneslə məşğul olmaq istəyir, getsin bizneslə məşğul olsun, kim də siyasətlə məşğul olmaq istəyir, getsin siyasətin ardınca. Onda nazirlərə dedi ki, mən sizə 1 ay vaxt verirəm. Ancaq bu bir ay 10 il çəkdi, çox uzandı. Təəssüflər olsun ki, bizdə nazirlər siyasətlə də, bizneslə də məşğuldurlar, dövlət xidmətində də çalışırlar. Bu da çox pis fəsadlar verir.

– Dövlət qurumlarının birləşdirilməsini antiböhran tədbirlərinin tərkib hissəsi saymaq mümkündürmü?

– Prinsipcə, əlbəttə ki, birləşdirmələrdə müəyyən dərəcədə idarəetmənin optimallaşdırılması var. Digər tərəfdən, bundan sonra da müəyyən ixtisarları gözləmək lazımdır. Çünki bəzi qurumlarda işçilərin sayı həddən artıqdır. Amma bütövlükdə bu, hazırlıq mərhələsidir. Yəni növbəti mərhələdə mütləq bu sferaya investisiyaların, texnologiyanın gətirilməsi lazımdır. Vaxtilə “Simens” şirkəti Bakı və Sumqayıtın elektrik şəbəkə sistemini götürmək istəyirdi, ancaq qoymadılar, “Barmek”ə verdilər. Düzdür, elektrik sistemində vəziyyət xeyli yaxşılaşıb, amma beynəlxalq standartlara tam uyğun deyil. Bu problem bizdə qalır.

– Yəni ümumilikdə götürəndə neftin dünya bazarında qiymətdən düşməsi də atılan bu addımlarda öz sözünü deyir, belədirmi?

– Mən o vaxt bununla bağlı bir yazı da yazmışdım. Beynəlxalq Valyuta Fonduna istinad etmişdim, ancaq biz özümüz də bunu görürdük. Fond hələ 2008-də proqnoz vermişdi ki, 2015-ci ildə Azərbaycanda böhran başlayacaq və bu böhran azı 7-8 il gedəcək. Yəni onlar neftin qiymətini hesablamamışdılar. Təəssüflər olsun ki, biz buna o qədər də hazır olmadıq və belə olacağını qəbul etmədik. Bəlkə hakimiyyət daha çox neftin qiymətinə əsaslanırdı. 2005-ci ildə bp və digər şirkətlər xəbər yaymışdı ki, neftin qiyməti daha heç vaxt 100 dollardan aşağı düşməyəcək. Çoxları da buna inandı. Amma vəziyyət onu göstərir ki, hakimiyyət qiymətlərin bu dərəcədə düşməsinə hazır deyilmiş. Hətta neftin qiymətinin büdcədə 90 dollardan hesablanması da burdan irəli gəlirdi. Qubad İbadoğlunun təşkil etdiyi konfransda Vahid Əhmədov da bildirmişdi ki, biz hökumətə deyəndə ki, 90 dollar çoxdur, onlar bildirdilər ən aşağı qiymət 70 olacaq, bu da təhlükəli deyil. Təbii ki, neftin qiymətinin son addımlara təsiri var. Amma böhrana getdiyimiz məlum idi. Azərbaycan hökuməti həmişə fərəhlə ÜDM-dən danışırdı. 2006-cı ildə ümumi daxili məhsulda 35 faiz artım olmuşdu. Sonra düşməyə başladı. Əvvəl 25-ə, sonra 10-a düşdü, hətta sıfıra endi. Bu il də 1,8 faiz göstərilir. Bu proses gedirdi, sadəcə, hökumət bunu böyük pulların hesabına ört-basdır edirdi.

– Bu vəziyyət sizin proqnozlaşdırdığınız islahatları tormozlaya bilərmi?

– İslahatlar qaçılmazdır. İqtisadi, struktur islahatlar qaçılmazdır, siyasi islahatlar da olacaq. Çünki bütün məsələlər bir-birinə bağlıdır. Xeyli məsələləri dondurulmuş vəziyyətdə saxladıq, bu, bizim çox böyük səhvimiz oldu. İndi də tələsik şəkildə gərək vəziyyət dəyişsin, başqa çıxış yolumuz yoxdur. Addımlar atılmasa, onda vəziyyət gərginləşməyə doğru gedəcək və bu, sosial partlayışlara gətirib çıxara bilər. Məsələn, bu gün bütün idarələrdə “konvert”ləri ləğv ediblər. Şöbə, departament müdirləri və s. o pullara öyrəşmişdilər. İndi quru maaşla yaşamaq onlar üçün faciəvi vəziyyət yaradır. Rəsmi maaşdan 10 qat artığını “paket”də alırdılar. Yeganə “paket”ləri vergilərdə saxlayıblar. Bizdən pul yığırlar, ancaq özlərinə “konvert”lərdə pul verirlər. Heç olmasa, Gürcüstanda islahatlar gedəndə İvanişvili “Soros” Fondunun xətti ilə hökumətdəki hər bir məmura maaşdan artıq mükafat verirdi, bu da rəsmi, açıq, şəffaf idi. Azərbaycanda da bunu etmək lazımdır. Nə qədər gizli, vergidən yayınmaqla maaş vermək olar?

– İslahatlar gözlədiyiniz ilin ikinci ayında yenə də nikbinsiniz?

– Mən demişəm ki, bu il idarəolunan demokratiyanın başlanğıc ilidir. Yəni birdən-birə ilk gündən nəsə etmək mümkün deyil. İkincisi də hökumət o qədər də buna hazır deyildi, yavaş-yavaş nəsə etmək istəyirdi. Ancaq neft qiymətlərinin qəfil düşməsi bunları çevik hərəkətə vadar edir. Bir şeyi qeyd edim. Bu, Azərbaycan xalqı və dövləti üçün faciədir ki, bizdə İqtisadi İnkişaf, Maliyyə, Energetika nazirlikləri, Neft Şirkəti, İqtisad İnstitutu, prezidentin iqtisadi müşaviri var, ancaq heç kəs bu vəziyyəti görməyib. Strateji analiz onu göstərir ki, Azərbaycan hakimiyyəti çox böyük problemlə üzləşib.

– Qərib Məmmədovun rəhbərlik etdiyi qurumsayağı hansısa digər təşkilatların da ləğvi gözləniləndirmi?

– Təbii ki. Ancaq bunlar hamısı birdən-birə baş vermədi. Bu islahatlar hazırlanırdı. Sadəcə, neftlə bağlı dünyada gedən tendensiyanı tuta bilmədilər, bunlar üçün gözlənilməz oldu. Ramiz Mehdiyev demişdi ki, ciddi kadr problemi var. Amma məncə, bizdə gənc, savadlı kadrlar var, onların gətirilməsi günün tələbatıdır.

– Hesab etmək olarmı ki, bu gün bir çox məmurlar səksəkə içindədirlər?

– Bəli. Ancaq getməlidirlər də. Bəziləri vəzifəsindən sevinə-sevinə gedəcək, o qədər pul yığıblar ki. Amma bəziləri əlbəttə, kürsüyə o qədər vərdiş edib, onunçün getmək faciədir.

– Pullu məmurun kənarda olması hakimiyyətə təhlükə də sayılır…

– Baxır kənarda necə qalır. Yəni siyasətə qarışma, get yaşa…(musavat.com)

COMMENTS