Neft yenə ucuzlaşır: Qiymətin tezliklə 30 dollara düşəcəyi proqnozlaşdırılır

Səbəb kimi isə neft anbarlarının dolması göstərilir, qiymətin 2019-cu ilədək 70 dollara qədər arta biləcəyi də ehtimal edilir

Nyu-York və London birjalarında neft fyuçerslərinin qiyməti ucuzlaşıb. Amerikanın yüngül WTI markalı neftinin fyuçers qiyməti Nyu-Yorkun NYMEX birjasında 0,45 dollar düşüb.

Bununla da onun qiyməti 1 barelə görə 49,31 dollar səviyyəsinə enib. Şimal dənizindən olan Brent markalı neftin fyuçerslərinin qiyməti isə Londonun ICE birjasında 0,51 dollar azalıb. Bununla da onun qiyməti 1 barelə görə 62,07 dollar təşkil edib.

Neftin qiyməti ilə bağlı proqnozlar fərqli olsa da, əksəriyyəti nikbin deyil. İraqın neft naziri Adil Abdil Mehdi isə dünya miqyasında neft bazarının sağalma mərhələsinə girdiyini söyləyib və “qara qızıl”ın bir barelinin qiymətinin 65 dollara qalxacağını proqnozlaşdırıb.

Bağdadda keçirilən bir konfransda çıxış edən A.A.Mehdi “Qitmətlərin daha əvvəlki səviyyələrə qayıdacağını düşünmürəm. Amma neftin bir barelinin 64-65 dollara qalxacağını görürəm”, – deyə bildirib.

Ümumilikdə neftin dünya qiyməti ilə bağlı proqnozlar əməlli-başlı təşvişə səbəb olur. Yaxın həftələrdə Brent və WTI markalı neftin 30 dollara qədər ucuzlaşacağı barədə də xəbərlər yayılıb. Səbəb kimi də neft anbarlarının dolması göstərilir.

Belə bir proqnozla “Bank of America”nın ekspertləri çıxış ediblər. Bu bankın rəhbər şəxslərindən olan Fransisko Blanş qeyd edib ki, gündəlik tələbat təxminən 1,4 milyon bareldir. Onun sözlərinə görə, anbarlarda yer olsa, bu dərhal qiymətə təsir edəcək.

Amerikanın Neft İnstitutunun məlumatına görə, ABŞ-ın neft ehtiyatları son bir həftədə 8,9 milyon barel artaraq, 437 milyona çatıb. Qeyd edək ki, neftin qiyməti ötən ilin yayından bəri 50 faiz aşağı düşüb.

Bu, son 20 ildə ən uzunmüddətli qiymət enişidir. Səbəb olaraq göstərilir ki, ABŞ-ın şist neftinin istehsalı çoxalıb və Liviya nefti bazarlara qayıdıb, təchizat artıb, Çin və Avropa iqtisadiyyatlarında yavaşıma tələbatı azaldıb.

Həmçinin, ABŞ dollarının güclənməsi neft istehsalını bahalı prosesə çevirib. Ekspertlərin fikrincə, ABŞ-da şist sənayesinin çiçəklənməsi nəticəsində neftin qiymətlərindəki eniş bir xeyli müddət davam edəcək.

Boston Consulting qrupu direktorunun müavini Philip Vhittaker bildirib ki, belə vaxtlarda adətən, OPEC istehsalı azaldaraq, neftin qiymətlərini sabitləşdirməyə çarə tapardı: “OPEC bunu əvvəllər çox edib. Ona görə də bazarlar gözləyirdi ki, OPEC yenə də müdaxilə edəcək. Amma bu dəfə etmədi. OPEC indi dünya neftinin 30 faizini təmin edir. Eyni zamanda, Səudiyyə rəqibləri çiçəkləndiyi bir vaxtda bazardakı payını qurban verməyə hazır deyil. Bu neft ölkəsi yaxşı bilir ki, növbəti on ilin ən azı yarısını ən aşağı neft qiymətləri ilə keçirə bilər. Ona görə də, indi çəkilib, bir kənarda durub”.

Onun sözlərinə görə, OPEC neftin qiymətini süni şəkildə qaldırmasa və qlobal iqtisadiyyatın artımı ləngiməyə davam etsə, neftin qiyməti də gələn illər ərzində bir barel üçün 100 dollardan yuxarı qalxmayacaq. Fyuçers bazarları – neft üzrə gələcək alış-veriş müqavilələri göstərir ki, neftin qiyməti 2019-cu ilədək 70 dollara qalxacaq.

Bəzi ekspertlər hesab edirlər ki, neftin qiyməti gələn il 40-80 dollar arasında olacaq. Belə qiymətlərlə bir çox nəhəng neft quyuları da sərfəsiz ola bilər.

Həmçinin, o da bildirilir ki, ucuz neft qiymətlərinin enerji sənayesi daxilində birbaşa təsiri geniş yayılan və dərindir: qiymətlər düşür, istehsal azalır, təchizat azalır, qiymətlər qalxır…

COMMENTS