Neftçala həkimlərin məsüliyyətsizliyi rayonda narazılıq yaradır

“Avqustun 8-də Neftçala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qardaşımın yeni doğulan körpəsi həkimlərin səhlənkarlığı ucbatından müəmmalı şəkildə ölüb”.

 

.Şikayətçinin sözlərinə görə, sağlam və normal şəkildə dünyaya gələn qardaşı oğlu doğulduqdan 40 dəqiqə sonra ölüb:

 

“Növbədə olan İlhamə adlı həkim iş yerində olmadığı üçün onu şöbə müdiri əvəz etdi. Körpə öləndən 40 dəqiqə sonra növbədə olan həkim gəlib çıxa bildi. Xəstəxanaya gəlməzdən əvvəl Doğum Şöbəsinin müdiri Sveta Cəfərova ilə telefon əlaqəsi saxlayıb onun şöbəyə gəlməsini tələb etdim. Xəstəxanada doğuşa hazırlığın necə aparılmasını şöbə müdirindən soruşduqda o, məni əmin etdi ki, hər şey yaxşı olacaq.

 

Hətta uşaq həkimlərinin hər şeyi nəzarətə götürdüyünü deyən Sveta Cəfərovaya razılığımı bildirib, özümüzlə gətirdiyimiz son tibbi müayinə kağızlarını həkimə təqdim edib, xəstəxananın həyətində gözləməli olduq”.

 

Şikayətçi deyir ki, hamilə xanıma vurulması nəzərdə tutulan iynələri də həkimlər vurmaq istəmirdi:

“Mütəmadi olaraq anam xəstəmizlə əlaqə saxlayırdı. Doğuş öncəsi xəstəyə vurulacaq iynələri həkimlər anam pəncərədən baxdıqdan sonra vururdular.

 

Anamın pəncərədən baxdığını görməsəydilər, heç onu da vurmayacaqdılar. Normal doğuş həyata keçdi. Uşaq dünyaya gələndə ağlamaq səsini də eşidib sevindik. Elə həmin dəqiqə şöbə müdiri tibb bacılarına səsləndi, uşaq həkiminə zəng edib çağırmağı tapşırdı”.

Doğumdan 35-40 dəqiqə sonra həkim palataya daxil olub körpənin öldüyünü bildirdi. Lakin ölüm səbəbi ilə bağlı ailəyə bir kəlmə də söz deyilməyib:

 

“Anam nə baş verdiyini öyrənmək üçün doğum şöbəsinə daxil oldu. Sonra ağlaya-ağlaya geri qayıdıb körpəmizi həkimlərin öldürdüyünü dedi. Hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün üçün Doğum şöbəsinin müdirini giriş qapısına çağırdım. Şöbə müdiri Sveta Cəfərova ailəmizin qarşısına çıxmaqdan boyun qaçırdı.

 

Yeni doğulan körpəsini itirən ailə ölüm faktı ilə əlaqədar Neftçala rayon Prokurorluğuna ərizə ilə müraciət edib:

“Hadisənin hüquqi çərçivədə araşdırılmasını istəyirik. Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov prokurorluğa gələrək mənə dedi ki, şikayət etməyim. Sağlam dünyaya gələn qardaşım övladının “cəlladlar” tərəfindən öldürülməsini ailəmiz həzm edə bilmir.

 

Ailəmizin arzusunu ürəyində qoyanları cənab səhiyyə naziri Oqtay Şirəliyevin tezliklə cəzalandıracağına ümid edirik. Çünki bizimlə bərabər onlarla neftçalalı ailə bu bədbəxt hadisənin qurbanı olub. Rayon xəstəxanasının baş həkimi bir çox rayon sakininə haqqımızı maddi yollarla boğacağını bildirib”.

 

Ailə günahkarların cəzalandırılması üçün hüquq mühafizə orqanlarına və aidiyyəti üzrə qurumlara müraciətlər edib.

Qeyd edək ki, hadisənin səbəbləri Doğuşa Yardım Komissiyası və Tibbi Ekspertiza tərəfindən araşdırılır.

COMMENTS