“Neftçalada qar yağan gündən bəri (10 gündür) kəndlər işıqsız qalıb. Rayonun demək olar ki, 80 faizində işıq yoxdur. Bu səbəbdən 10 gündən çoxdur uşaqlar da dərsə gedə bilmir. Elektrik enerjisinin yoxluğu səbəbindən telefonların batareyası da sönüb”.
Bu sözləri qəzetimizə Neftçala sakinlərindən biri söyləyib. Onun dediyinə görə, Kür çayının sol sahili kəndlərini Bakı ilə birləşdirən körpü uçub-dağılıb: “Demək olar ki, kəndlər sivilizasiyadan tədric olunub. Qaz da yoxdur. Camaat donur”.
Neftçala sakini deyir ki, hazırda elektrik xətləri qırıldığı üçün elektrik verilmir. Camaat şikayətə getsə də, bildiriblər ki, təmir işləri bayrama qədər yekunlaşa bilər: “Bizim rayonun yiyəsi yoxdur, baxımsız qalıb. Şikayətləri vecinə alan yoxdur. Dərəbəylik hökm sürür. Prezident ötən il Kürün sağ sahili kəndlərinin yolunun tikintisinə pul ayırdı. Hələ də başlamayıblar o yolu çəkməyə. Rayonda qaz yataqları var. Qaz çıxarılır. Amma hələ də kəndlərin çoxu qazsızdı. Qazı çıxarıb kəndimizin yanı ilə haralarasa aparırlar. Amma camaata o qazdan vermirlər. Söz veriblər ki, Novruz bayramına kimi işıq problemini həll ediləcək. Deməli, millət hələ 20 gün də işıqsız keçinməlidir”.
COMMENTS