“Neftçi” və “Qarabağ”, BATE-dən nümunə götür!

“Neftçi” və “Qarabağ”, BATE-dən nümunə götür!

Belarus çempionu BATE tarixində üçüncü dəfə Çempionlar Liqasının qrupunda oynamaq hüququ əldə edib.

 

Qol.Az-ın xəbərinə görə, Minsk təmsilçisi bu hüququ dünən Slovakiyanın “Slovan” komandası ilə matçdakı qələbədən (3:0, səfərdəki ilk matçda 1:1) sonra əldə edib.

Beləliklə, 2011/12, 2012/13 mövsümündə öz ölkəsini Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində təmsil etmiş BATE yenidən istəyinə nail olub.

Belarus çempionu bu dəfə ÇL-ə birinci təsnifat mərhələsindən başlayıb.

İlk mərhələdə onlar Albaniyanın “Skenderbeu”, ikinci təsnifat mərhələsində Macarıstanın “Debretsen” və nəhayət, pley-off-da Slovakiyanın “Slovan” klubunu mübarizədən kənarda qoyub.

Qeyd edək ki, Belarus BATE-nin sayəsində Rusiya və Ukraynadan sonra ÇL-in qrup mərhələsində yarışan keçmiş SSRİ-nin üçüncü ölkəsidir.

Bu yerdə qeyd etmək yerinə düşər ki, BATE-nin heyətində ulduz futbolçular yoxdur, komandanın büdcəsi ən azı Avropa kuboklarında yarışan Azərbaycan klublarının büdcəsindən xeyli az olub. Məsələn, Qol.Az saytının Belarus mətbuatında apardığı kiçik araşdırma zamanı məlum olub ki, ötən il bu klubun büdcəsi cəmi yeddi milyon dollar təşkil edib. Bu mövsümün əvvəlində büdcə altı milyon dollara endirilib. Müqayisə üçün deyək ki, bu, Azərbaycan çempionu olmuş komandaların hamısı, o cümlədən son çempion “Qarabağ”ın büdcəsindən ən azı iki dəfə azdır.

Buna baxmayaraq, BATE təkbaşına və məhdud büdcə ilə Avropada Azərbaycanın bütün klublarından daha yaxşı nəticə göstərib.

Yeri gəlmişkən, hələlik ölkəmiz tarixində bir dəfə də olsun nəinki Çempionlar Liqasının qrupunda oynayıb, ümumiyyətlə, bu yarışın heç pley-off mərhələsinə də düşə bilməyib. Yalnız bu il “Qarabağ” pley-off-a və qrupa düşməyə yaxın olub. Amma Ağdam təmsilçisi Bakıda 2:1 hesabı ilə qalib gəldiyi “Zalsburq”a Avstriyada 0:2 hesabı ilə uduzmaqla bu hüququ da itirib.

Hazırda Ağdam təmsilçisi mübarizəni Avroliqanın pley-off-unda davam etdirir. Çempionlar Liqasında “Qarabağ”dan daha çox yarışmasına baxmayaraq, qrup üzünə həsrət qalan “Neftçi” də Avropa Liqasının pley-off-undadır.

“Qarabağ” Hollandiyada “Tvente” (Bakıdakı oyun – 0:0), “Neftçi”isə öz meydanında “Partizan”la (Serbiyadakı oyun 2:3) qarşılaşacaq.

İnanmaq istərdik ki, “Neftçi” və “Qarabağ” ən azı BATE-dən nümunə götürərək istədiyi nəticəni qazanacaq və heç olmasa, Avroliqanın qrupunda oynayacaq.

Hər halda, biz BATE-nin timsalında bir daha gördük ki, müasir futbolda normal nəticəni təkcə pullu klublar və bahalı futbolçular deyil, sıradan komandalar da qazana bilər.

COMMENTS