Nemtsovun qətlində qurama İslam izi

Qətl zamanı istifadə olunan avtomobil Nemtsovu «Charlie Hebdo» olayından xeyli əvvəl izləməyə başlayıb
Boris Nemtsovun qətlində şübhəli bilinərək həbs edilən şəxslərlə bağlı maraqlı detallar üzə çıxıb. Rusiya hüquq-mühafizə orqanları, eləcə də hökumət bu qətli Parisdəki «Charlie Hebdo» satirik jurnalının redaksiyasında baş verən məlum olayla əlaqələndirməyə çalışır. «Moskovskiy komsomolets» isə yazır ki, bu şəxslər Nemtsovu hələ «Charlie Hebdo»da baş verən hadisədən əvvəl izləməyə başlayıblar. Belə ki, şübhəlilər qətl zamanı istifadə etdikləri avtomobildən ötən ilin sentyabrından istifadə edirlər. Və artıq payız aylarında bu avtomobilin görüntüsü Nemtsovun evinin yaxınlığındakı müşahidə kameralarına düşüb.
Xatırladaq ki, şübhəlilərdən Zaur Dadayev polisə ifadəsində Nemtsovu məlum jurnalın redaksiyasında baş verən olay sonrası müsəlmanlar və İslam dini haqda mənfi fikirlərinə görə öldürdüklərini deyib. «Moskovskiy komsomolets»in üzə çıxardığı məlumat isə bu versiyanın yalan olduğunu ortaya qoyur.
Parisdəki jurnal redaksiyasında terakt bu il yanvarın 7-də baş vermişdi. Hadisə zamanı ikisi polis olmaqla 12 nəfər qətlə yetirilmişdi.

COMMENTS