Mollaların erməni qeyrəti: İran Azərbaycana qarşı həddini aşır

Mollaların erməni qeyrəti: İran Azərbaycana qarşı həddini aşır

Son günlər İrandan Azərbaycana qarşı açıq təhdidlər səsləndirilir. Molla rejiminə bağlı media və jurnalistlər rəsmi Bakını təhdid edir, SEPAH isə videobloger fəaliyyətinə davam edərək, Arazın sahilində kino çıxarmaqla məşğuldur.

Qoca SEPAH generallarının video çəkmək işində peşəkarlaşdıqları bəllidir. Yaxın Şərqdə İsrail ordusunun zərbələri qarşısında aciz qalan İranın edə biləcəyi yalnız Arazın sahilində “sionist” axtarmaq və Azərbaycanı hədələməkdir. Azərbaycan cənubdan gələn boş hədələri ciddiyə almır, lakin hər şeyin də bir həddi var. Son günlər mollalar bu həddi artıq keçib:

– SEPAH hazırladığı videorolikdə Arazın sahili üzərindən Azərbaycana doğru uçan dronları əks etdirir, Bakının təhdid edir;
– İran Hərbi Hava Qüvvələrinin Azərbaycanla sərhəddə patrul xidməti aparmaq üçün döyüş hazırlığı vəziyyətinə gətirdiyi haqda məlumatlar yayılır;
– Tehran rejiminə yaxın media və jurnalistlər təhdid ritorikasını getdikcə genişləndirir;
– Rejimə bağlı jurnalist Rza Abbasi İran dronlarının Xəzər dənizinə doğru uçuşunu təsvir edən foto paylaşaraq, Azərbaycan Prezidentini “Əliyev və himayədarlarına aydın mesajımız: Bir gün gələcəyik…” sözləri ilə təhdid edib;
– SEPAH teleqram kanalında “Sünik (Zəngəzur) canımızın bir parçasıdır” paylaşımları edir və yenə Azərbaycanı təhdid edir;

Və belə demək mümkünsə, rəsmi Bakı cənubdan gələn hay-küyə fikir vermədikcə, mollalar daha da aqressivləşir və təhdidlərinin miqyasını artırırlar.

Artıq İrandan Azərbaycana hərbi müdaxilə çağırışları da edilir. Ki, bunun molla rejimi üçün sözün gerçək mənasında intihar ola biləcəyi göz önündədir:

– Azərbaycanın ölkə sərhədlərinin təhlükəsizliyini müdafiə edə biləcək və istənilən təhdidi aradan qaldıracaq güclü ordusu var: İran rejiminin Araz sahilində keçirdiyi təlimlərlə ordumuzun cavab təlimlərini müqayisə edəndə istər peşəkarlıq, istər hərbi texnika baxımından fərq aydın görünürdü;
– Azərbaycana müdaxilə Türkiyəyə müdaxilə deməkdir və molla rejimi qarşısında təkcə Bakını yox, həm də Ankaranı görəcək;
– Belə bir addım beynəlxalq müstəvidə İrana qarşı ciddi təzyiq dalğası yaradacaq;
– Və Cənubi Azərbaycandakı soydaşlarımız molla rejiminin önündə canlı sipər olacaqlar, o cümlədən, İran ordusu daxilində milli ruh daşıyan azərbaycanlı hərbçilər silahlarını rejimə qarşı çevirəcəklər;

Normal məntiq bu mənzərə fonunda Azərbaycana qarşı təhdidin faydasız olduğunu göstərir, amma söhbət mollalardan gedirsə, onların normal məntiqdən çox uzaq düşdüyünü deyə bilərik, addımları və irəli sürdükləri təhdidlər də bunu təsdiq edir. Və görünür, qəflət yuxusundan hələ də oyanmayan, ya da oyanmaq istəməyən mollalar hesab edirlər ki, Azərbaycanı təhdidlə yolundan döndərmək mümkün olacaq, yaxud istəyəndə müdaxil edə bilərlər.

Misal üçün, SEPAH-ın Telegram kanalı “Sepah_pasdaran” “İran Azərbaycanla niyə müharibə etməlidir?” sörlövhəli məqalə hazırlayıb və iddia edir ki, Azərbaycan guya İranın Rusiya və Avropa ilə quru əlaqəsini kəsmək məqsədilə Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək və beləliklə Tehrana iqtisadi zərbə vurmaq istəyir.

“Bundan əlavə, İsrailin İrana qarşı törətdiyi qətllər və vandalizm aktlarında Bakının rolu ortadadır… Son illər Bakı İsrailin əsas müttəfiqinə çevrilib və Tel-Əviv Bakının infrastrukturundan İran xalqına qarşı istifa edir”, – məqalədə iddia olunur.

SEPAH-a bağlı təxribatçı “azariha” saytının isə “İran Qafqaza niyə hərbi müdaxilə etməlidir?” sərlövhəli məqaləsində Azərbaycana hərbi müdaxilədən bəhs edilir və bu təhlükəli akt “NATO-nun Turan dəhlizi” olaraq adlandırdıqları Zəngəzur dəhlizi ilə əsaslandırılır. Və bu layihəyə müdaxilə çağırışı edilir.

İran indi niyə həddini aşmağa başladı?

Cavab da bəllidir, erməni qeyrətləri yenə oyanıb və bu dəfə “erməni müdafiəçiləri” olduqlarını daha əyani formada göstərməyə çalışırlar. Çünki son dövrlər Ermənistandan Azərbaycana qarşı iki istiqamətdə təxribatlar davam edir.

Birincisi, Qarabağda: İrəvan qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazisindən çıxarmamaqla 10 noyabr razılaşmasında götürdüyü öhdəliyi yerinə yetirmir, əksinə separatçı-terrorçuları silahlandırır, bölgəyə yenidən canlı qüvvə göndərir;

İkincisi, sərhəddə: Avropa İttifaqının missiyasını bölgəyə gətirən İrəvan təxribatlarla Azərbaycanı yeni eskalasiyaya cəlb etmək və avropalıların “gözündə” “təcavüzkar” kimi göstərməyə çalışır; buna paralel olaraq, Naxçıvana “maneəsiz keçid” vermək öhdəliyini yerinə yetirmədiyi kimi, Laçın yolunun Azərbaycan-Ermənistan sərhədindəki başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulmasına qarşı da çıxır;

Hər iki istiqamətdə törədilən təxribatlar Azərbaycanın səbrini tükəndirir və rəsmi Bakı cavab addımlarının olacağı xəbərdarlıqlarını edir. Bu mənzərə fonunda ermənilərdən daha çox, İran “qeyrətə gəlib”, özünü bölgənin “ağası” kimi aparmağa çalışır və İslam düşməni olan Ermənistanı yox, müsəlman Azərbaycanı təhdid edir, Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın dövrdə, 44 günlük müharibədə və sonrasında etdikləri kimi. Çünki İran adlanan ölkənin adından İslam sözü olsa da, əməlləri ilə sübut edir ki, onun nə Allaha, nə Peyğəmbərə, nə də Əhli-Beytə heç bir aidiyyəti yoxdur. Bu, İslamı da, onun Peyğəmbərini də, Əhli-Beyti də öz siyasi maraqlarına alət edən bir rejimdir. Qeyrətləri də İslama görə yox, İslam düşməni olan ermənilərə görə oyanıb.

Amma bu rejimin baniləri olan mollalar anlamırlar ki, çirkin niyyətləri baş tutmayacaq, heç bir qüvvə Azərbaycan və Türkiyənin gücü qarşısında duruş gətirə bilməz və onlara qalan yalnız erməni rəzilliyi olacaq. Yəqin ki, başlarına qoyduqları əmmamə beyinlərinə oksigen getməsinin qarşısını aldığı üçün reallıqdan uzaq xülyalalara qapılır, özlərini belə gülünc vəziyyətə salırlar.

Asif Nərimanlı

COMMENTS