“Nömrəmi sizə kim verib”

Ötən il mayın 2-də Bakıda qətlə yetirilmiş Almaniya vətəndaşı Vüsal Şilderin anası Mətanət Əzizova-Şilderin dünənki müraciəti böyük ictimai rezonans doğurmaqla yanaşı yeni suallara aydınlıq gətirmək zərurəti də yaradıb.

 

Qeyd edək ki, Mətanət Şilder oğlunun qətlinin təşkilində prezidentin sabiq köməkçisi Tariyel Ağayevi, onun kürəkəni Xəyal Əlizadəni, habelə T.Ağayevə yaxın digər şəxsləri, o cümlədən DİN-in əməkdaşı İlham Məmmədovu günahlandırır.

Hazırda Almaniyada yaşayan Mətanət Şilder virtualaz.org saytına bugünkü açıqlamasında bəyan edib ki, oğlunun qətlinin birbaşa təşkilatçısı T.Ağayevin kürəkəni, hal-hazırda Dubay şəhərində gizlənən Xəyal Əlizadədir.

M.Şilder T.Ağayevin kiçik qızı Lalənin (mərhum oğlu Vüsalın sevgilisi) ifadələrinə əsaslanaraq iddia edir ki, Lalə Ağayeva Baş Prokurorluqda verdiyi şahid ifadələrində bu qətlin sifarişçilərinin və icraçılarının adlarını konkret və birmənalı olaraq göstərib.

Qeyd edək ki, X.Əlizadə formal olaraq beynəlxalq axtarışa verilsə də onu hələ də heç kim cidd-cəhdlə axtarmır. X.Əlizadə bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da girov müqabilində azadlığa çıxa bilib.

M.Şilder deyir ki, X.Əlizadə indi öz həyat yoldaşı Vəfanın telefonundan ona təhdid və şantaj dolu SMS-lər göndərir. X.Əlizadə öz SMS-lərində (onların mətni dünən virtualaz.org saytında dərc olunub) M.Şilderi hədələyib bildirir ki, əgər o, qətlin sirafişçilərinin və icraçılarının həbsində israr etməkdə davam etsə, ona divan tutacaq.

M.Şilder virtualaz.org saytının müxbiri ilə bugünkü telefon söhbətində Xəyal Əlizadənin telefon nömrəsini redaksiyaya təqdim etdi. Bizsə öz növbəmizdə hay-küylü qətldə şübhəli bilinən şəxslə telefon əlaqəsi yaradıb ondan bəzi məqamlara aydınlıq gətirməsini istəyirdik.

Xəyal Əlizadənin +971509495949 nömrəsinə zəng vurduq. Telefonu kişi qaldırdı:

-Sizi eşidirəm.

-Salam.

-Salam.

-Sizi virtualaz.org saytının redaksiyasından narahat edirik. Biz dünən sizin telefonunuzdan Vüsal Şilderin anasına göndərilən SMS-ləri dərc etmişik. Siz Xəyal Əlizadəsinizmi?

-Mənim nömrəmi sizə kim verib?

-Qətlə yetirilən Vüsal Şilderin anası Mətanət. Siz indi Dubaydasınız?

-Yox. Avstraliyadayam.

-Siz bu ailəni təqib etməkdə niyə davam edirsiniz? Bundan əlavə, sizə daha bir neçə sualımız var…

Amma elə bunu demişdik ki, beynəlxalq axtarışda ola-ola heç bir problem olmadan dünyanın gəzən X.Əlizadə dəstəyi asdı.

Saytlar bu mövzunu diqqətdə saxlamağı düşünürlər.

COMMENTS