“Norveçlə açıq futbol oynamaq ağılsızlıq olar” – Aslan Kərimov

“Norveçlə açıq futbol oynamaq ağılsızlıq olar” – Aslan Kərimov

Milli komandamızın məşqçisi Aslan Kərimov Qol.Az saytına müsahibəsində U-21 yığmamızla keçirilən yoldaşlıq oyunundan (4:2), “Avro-2016”nın seçmə mərhələsində Bakıda Norveçlə keçiriləcək görüşdən və digər məsələlərdən danışıb

 

– Yığmamızın U-21 millisi ilə yoldaşlıq görüşü haqda fikirlərinizi bilmək istərdik.

 

– Noyabrın 4-dən milli komandamız hazırlığa başlayıb. Yoldaşlıq oyunu keçirməkdə məqsəd o idi ki, görək, bu qısa müddətdə nə edə bilmişik. Heyətdə olan yeni, gənc futbolçuları da sınaqdan keçirdik. Sözsüz ki, burada nəticə əhəmiyyət daşımır. Futbolçuları yoxladıq və düşünülmüş bəzi taktiki gedişləri sınaqdan keçirdik.

 

– Sınaq necə nəticə verdi?

 

– Əlbəttə ki, qısa müddətdə millimizdə böyük dəyişiklik etmək mümkün deyil. Çünki cəmi beş gün məşq etmişik. Üstəlik, komanda tam şəkildə hazırlıq keçə bilmir. “Qarabağ”ın futbolçuları iki məşqdə iştirak edə bilmişdi. Bəzi istədiyimiz dəyişiklikləri gördük, ancaq çatımazlıqlar da var.

 

– Türkiyə klublarında çıxış edən bütün futbolçular milliyə qoşulub?

 

– Rəhman Hacıyev və Mahiş Şükürov dünəndən komadaya qoşulub. Vaqif Cavadov bu gün düşərgəmizə gəlib. Cavid İmamverdiyev də də bu gün Bakıya gələcək. Noyabrın 12-də artıq bütün heyətlə məşqlərə davam edəcəyik.

 

– Noyabrın 12-də Norveçlə oyuna dörd gün qalacaq. Tam heyətlə dörd gün məşq etmək az deyil?

 

– Əslində hazırkı vəziyyətdə bizə bir ay da azdır. Çünki komandaya yeni baş məşqçi gələndə ona müəyyən vaxt lazım olur. Təbii ki, Mahmud müəllimin də öz futbol fəlsəfəsi var. O da nələrisə dəyişmək istəyir. Qısa zamanda bunu etmək çətindir. Ancaq çalışacağıq ki, xırda dəyişikliklər edək.

 

– Yəni həmin dəyişikliklərə ehtiyac var?

 

– Təbii ki, komandaya yeni məşqçi gələndə əlini-qolunu sallayıb, qıraqdan baxmır. Mütləq hansısa dəyişikliklər olur. Hamı bilir ki, öz futbol fəlsəfəni komandaya yeritmək üçün uzun müddət tələb olunur. Mahmud Qurbanovla birlikdə millimizi cəmi bir oyuna çıxarmalıyıq. Bizdən əsas tələb olunan komandadakı psixoloji durumu yaxşılaşdırmaq olacaq. Həmçinin, xırda nüanslar var ki, onları istədyimizin kimi həyata keçirməliyik. Komandamız sırf yerli futbolçulardan ibartətdir. Yalnız Dmitri Nazarova dəvət göndərilib. O isə son oyunlarda bizim etimadımızı qazanıb.

 

– Milliyə ilk dəfə dəvət alan gənc futbolçular özlərini necə göstərir?

 

– Hər biri gənc futbolçudur. Həqiqətən hamısı özlərini məşqlərdə yaxşı göstərir. Qarşıda daha 3-4 məşqimiz var. Bu məşqlərdə hansı futbolçunun əsas heyətdə yer alacağına qərar verəcəyik.

 

– Norveçlə oyundan nə gözləmək olar?

 

– Norveçin Bolqarıstanla oyununu Mahmud müəllim özü izləmişdi. Mən isə noyabrın 12-də rəqibimizin Estoniya ilə görüşünü izləyəcəm. Onu deyə bilərəm ki, Norveç millisi əvvəl bildiyimiz komanda deyil. İndi onlar əvvəlki kimi ancaq uzun ötürmələrlə oynamır. Düzdür, indi də heyətlətində başla yaxşı oynayan, ucaboy futbolçuları var. Bildiyiniz kimi, cari seçmə mərhələdə buraxdımızın qolların əksəriyyəti standart vəziyyətlərdən olub. Bu baxımdan işimiz çətin olacaq. Ən çətini isə odur ki, artıq Norveç millisi eyni stildə oynamır. Heyətlərində çevik futbolçular da var. Hansı ki, onların sayəsində kombinasiyalı oyuna da üstünlük verirlər. Bu cür komandalarla oynamq çətindir. Təbii ki, analiz etdikdən sonra hiss olunur ki, onların da çatışmayan cəhətləri var. Həmin çatışmazlıqlardan istifadə etməyə çalışacağıq.

 

– Foqtsun baş məşqçiliyi dövründə millimiz qorxaq futbol oynaması ilə tənqid olunurdu. Ola bilərmi dəyişikliklərdən biri də yığmamızın hücum futbolu göstərməsi olacaq?

 

– Biz də çalışacağıq ki, balansı qoruyaq. Yəni nə qədər ürəkdən istəsək də, bizim futbolumuzun səviyyəsi aşağıdır. Bunu qəbul etməliyik. Yuxarı səviyyəli komandalarla qarşılaşmada, eləcə də Norveçlə açıq futbol oynamq ağılsızlıq olardı. Ancaq qabağa getmək düzgün olmaz. Çalışacağıq ki, futbolçularmız həm hücumda, həm də müdafiədə yaxşı çıxış etsinlər.

 

– Sonda, “Qarabağ”ın Avropa Liqasının qrup mərhəlsəində Bakıda “Dnepr”ə uduzduğu oyun (1:2) və komandamızın qrupdan çıxmaq şansları haqda fikirlərinizi öyrənək.

 

– Hələ oyundan əvvəl demişdim ki, “Dnepr” “Sent Etyen”dən daha güclü rəqibdir. Bəziləri mənimlə razılaşmırdı. Düşündüyüm kimi oldu. Həqiqətən “Dnepr” çox güclü komandadır. Ancaq “Qarabağ”ın kifayət qədər şansları var idi ki, ən azından heç-heçə etsinlər. Qalib də gələ bilərdilər. Bəzi qol epizodları var idi ki, onları reallaşdırmaq lazım idi. Hər dəfə yüksək səviyyəli oyun nümayiş etdirmək olmur. “Qarabağ”ın qrupdan çıxmaq şansı heç də azalmayıb. Sözsüz ki, “İnter” qrup liderliyini qoruyacaq. Digər üç komandanın isə qrup ikincisi olmaq şansı eynidir. Məncə, komandamız Fransada “Sent Etyen”dən ən azı bir xal ala bilər. Hələ heç nə itirilməyib.

COMMENTS