Oğuz İH-dən münasibət: “Əməkdaşımız məsuliyyətsizlik edib”

Oktyabr ayının 17-də Aktual.az-da “İH-lərin internet saytları niyə işləmir? – FAKTLAR+SİYAHI” məqalə dərc olunmuşdu. Yazıda Oğuz rayon İcra Hakimiyyətinin də saytının fəaliyyətsizliyi qeyd olunurdu.

 

Həmçinin xəbərdə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3-cü maddəsinin 3.1.21 bəndinə də istinad edilərək qeyd olunurdu:

“Yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı yerli icra hakimiyyətinin fəaliyyətinə dair hesabatı dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır”.

Oğuz İH baçsının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski məsələ ilə bağlı Aktual.az-a açıqlamasında bildirib ki, saytın fəaliyyətsizliyi bu işlərə baxan əməkdaşın məsuliyyətsizliyinin nəticəsidir:

“Mən işçimizi çağırıb danlamışam. Tezliklə saytın fəaliyyəti bərpa olunacaq. İctimaiyyət üçün lazımi informasiyalar saytda yerləşdiriləcək”.

Xatırladaq ki, Aktual.az-ın məqaləsində qeyd olunurdu ki, Oğuz rayon İH-nin saytında 2013-cü ildən heç bir informasiya yerləşdirilməyib.

COMMENTS