Azərbaycan oliqarxlarının ölkəmizə gətirib, leqallaşdırdığı futbol qumarı “Topaz” vasitəsi ilə həyata keçirilir. Şəhərin ən mərkəzi, ən görkəmli yerlərində ofislər quran “Topaz” artıq cəmiyyətin ən dərinliklərinə qədər işləməkdə, insanları qumara alışdırmaqda, minlərlə ailəni müflis və bədbəxt etməkdədir.
Maralıdır ki, bu qumarı Azərbaycana gətirən şəriklər indi bir çox sahələrdə ayrılıblar və artıq bir-birilərinə düşməndirlər. Nəqliyyat naziri Ziya Məmmədov, onun oğlu Anar Məmmədov, bir zamanlar onu özünə ata sayan, lakin indi düşmən olan “Hafka” ləqəbli Hafiz Məmmədov, Türkiyəli ortaqlar və daha bir neçə kiçik şəriklər hər iki dünyada ən böyük günah sayılan qumardan milyardlar qazanmaqda, öz mənfəətləri üçünsə xalqın əxlaqını pozmaqdadırlar.
Azərbaycan qanunlarına görə istənilən mərc, qumar oyunları oynamaq, təşkil etmək qadağandır. Lakin oliqarxlar bu qadağa və qanunların yanından keçərək, özlərinə rahat biznes təşkil etmişlər.
Oyunların təşkili, mərclərin ödənişindən tutmuş, qanuna müvafiq qaydada vergi ödənməsi də ciddi problemlərlə müşayiət olunmaqdadır.
“Yeni Müsavat” qəzeti “Topaz” qumarxanalarının fəaliyyəti və cəmiyyətin ona qarşı yüksələn səsi ilə bağlı dəfələrlə yazı dərc edib. İnsanları səfalətə, fəlakətə və intihara sürükləyən bu qumarın təşkilatçıları özlərini “aynada” olduğu kimi görüb, yəqin ki, öz simalarından qorxublar. Lakin görünən budur ki, qəzet yazıları bu illətin yığışdırılması üçün bəs etmir.
Buna hakimiyyətin siyasi iradəsi lazımdır və biz dövləti vəzifəsini icra etməyə çağırırıq.
“Yeni Müsavat”
COMMENTS