Ölkə başçısının kürəkəni özünü asdı

Nazarbayevin keçmiş kürəkəni intihar edib
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev çərşənbə axşamı səhəri Vyanada “Josefstadt” hədsxanasının birnəfərlik kamerasında ölü tapılıb.

ANS PRESS-in məlumatına görə, məhkəmə nümayəndəsi, Rahat Əliyevin ehtimal olunduğu kimi, özünü asaraq intihar etdiyini bildirib.

Avstriya KİV-nin məlumatına görə, o, paltar üçün qarmaqdan özünü asıb. Əliyev bir neçə həftə bundan əvvəl üç nəfər saxlanılan kameradan birnəfərlik kameraya köçürülüb.

Ötən il dekabrda Rahat Əliyev 2007-ci ildə iki yüksək rütbəli bank menecerini qətlə yetirməkdə ittiham olunub. Bu işlə əlaqədar Qazaxıstan dəfələrlə onun ekstradisiyasını tələb edib.

Daha əvvəl Avstriyada Qazaxıstan səfiri olmuş Əliyev ona qarşı cinayət işinin siyasi motivlərlə qaldırıldığını iddia etmişdi. O, könüllü olaraq Avstriya hakimiyyətinə təslim olunduğu 2014-cü ildən bəri həbsdə olub.

Əliyev Nursultan Nazarbayevin böyük qızı Dariğa ilə 1983-cü ildə evlənib.

1980-ci illərdə Rahat Əliyev 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləyib.

Qazaxıstanda onun karyerası 1990-cı illərin əvvəlində inkişaf etməyə başlayıb.

O, Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrini tutub.

Rahat Əliyevin 2002-ci ildə Avstriyaya səfir təyin olunması fəxri sürgün kimi qiymətləndirilirdi.

2005-ci ildə vətənə qayıtdıqdan sonra Rahat Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirib, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. Məhz o zaman ölkənin ən iri kredit idarələrindən biri olan Nurbankla qalmaqal qızışmağa başlamışdı.

Özü də Nurbank-ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin – oğurlanmasında ittiham ediblər.

Əliyev Dariğa Nazarbayeva ilə hələ 2007-ci ilin iyununda – özünün vətənə təhvil verilməməsi xahişilə Avstriya hakimiyyətinə müraciət etdikdən sonra qiyabi boşanmışdı.

Cinayət işi açıldıqdan sonra Rahat Əliyev Nazarbayevə müxalif mövqeyə keçdiyini bəyan edib.

2008-ci ildə Rahat Əliyev hakimiyyət zəbtini hazırlamaq və insan oğurluğu ilə məşğul olan cinayətkar qrup təşkil etmək ittihamı ilə vətənində qiyabi surətdə ümumən 40 il müddətinə həbsə məhkum edilib.

Vyana məhkəməsi 2011-ci ildə Əliyevi Qazaxıstana ekstradisiya etməkdən imtina edib. Avstriya hakimiyyəti Əliyevə qarşı öz araşdırmasını başlamışdı.

2014-cü ilin yanvarında Qazaxıstan prokurorluğu Əliyevin və sabiq MTK başçısı Alnur Musayevin müxalifətçi Altınbek Sarsenbayevin, onun sürücüsü və mühafizəçisinin qətllərinin hazırlanmasında əlləri olduğunu yoxlamaq üçün onlara qarşı cinayət işi açmaq haqqında vəsatət verib.

COMMENTS