Ölkəmizin müasirləşməsi və qadın haqları məsələsi

Bütün dünyada və o cümlədən bizim ölkəmizdə də əhalinin yarısını qadınlar təşkil etməkdədir. Bu qədər nüfusu iqtisadi, siyasi, ictimai və kültür sahələrində aktivləşdirmək tarixdə hər zaman bir problem kimi mövcud olmuşdur.

Qərb ölkələrində renesansla birlikdə insan haqları məsləsi gündəmə gəldiyində qadın haqları mövzusu da sosial problem olaraq ortaya qoyulmuşdur. Lakin qadına qarşı olan yüzillərin, hətta minillərin din anlayışı, törələrin və adət-ənənələrin təzyiqini ortadan qaldırmaq çox da asan iş deyildi. Bu üzdən uzun əsrlər boyu qadın haqları məsələsi sadəcə nəzəriyyədə mövcuda olsa da, əməldə özünü göstərməmişdir.

Avropada modernləşmə dalğaları ilə qadınlar da sosial, siyasi, iqtisadi və mədəni həyata girməyə başladılar. Bir çox Qərb ölkələrində keçən əsrin əvvəllərindən etibarən qadınlara seçib-seçilmə haqqı tanındı. Bu, əslində bəşər tarixində ən böyük mədəni inqilab sayılmalıdır. Çünkü cəmiyyətin yarısını təşkil edən qadın cinsi də artıq topluma yük olmayacaq, öz iqtisadi-sosial və siyasi aqibətini müəyyən etməkdə aktiv olacaqdı.

Bizim ölkəmizdə də qadın haqları məsələsi öncə nəzəriyyədə mövcud olmuş və keçən əsrin əvvəllərindəki ziyalılarımız qadın şəxsiyyətini yüksəltmək üçün əsərlər yazmışlar. Qadını sadəcə ana deyil, sosial bir insan kimi də təsvir edən ziyalılarımız yanlış din anlayışına, qadını gərəksiz və utancverici məxluq olaraq görən adət-ənələrə qarşı bir növ savaş açmışdılar. Kişilərin təhqir edərkən bir-birlərini qadına bənzətmələrinə qarşı intellektual bir mübarizə başlanmış və Şərqin qadın düşmənliyi ənənələri tənqid atəşinə tutulmuşdu.

Bunun hesabına Şərqdə ilk dəfə olaraq qurulan demokratik Azərbaycan Cümhuriyyətində Orta Şərq tarixində birinci dəfə qadınlara seçib-seçilmə haqqı tanındı. Qızların oxuyub aydınlanmalarına imkan yaradıldı. Bu imkan sovetlər zamanında da davam etdi. Ölkəmizdə yazıb-oxumağı olan qadınların sayı digər ölkələrlə müqayisə də çox irəlidədir. Lakin yazıb oxumaq qadınlar üçün yetərlidirmi?

Sovetlər dağıldıqdan və ölkəmiz yenidən öz müstəqilliyinə qovuşduqdan sonra ən müasir konstitusiya ilə ölkəmiz idarə edilməkdədir. Azərbaycan dövləti dini dövlət deyildir və konstitusiyaya görə hər kəs istər qadın, istər kişi olsun, seçib seçilmə haqqına sahibdir, eyni zamanda vicdan və düşüncə azadlığı yenə də qanunlarımıza görə cinsiyyət tanımamaqdadır. Bütün bunlar anayasamızda yazılsa da ölkəmizdə gün aşırı qadın faciələrinə şahid olmaqdayıq. Bunun səbəbləri nədir?

Tarixi təcrübələr göstərir ki, minillərə dayanan adət-ənənələri yazılı hüquqla dəyişdirmək çox da asan iş deyildir. Məsələn, bizim qanunlarda qızların evlənmə çağı 18 yaş olaraq müəyyən edilsə də, daha kiçik yaşlarda qızların uğursuz və bəzən də faciələrlə bitən evliliklərinə şahid oluruq. Bunun səbəblərini necə izah etmək olar?

Ölkənin ən modern konstitusiya ilə idarə olunması, törələrə qarşı çıxıb qadınları azad etmək yetərli deyildir. Bu, sadəcə bizim ölkə üçün deyil, Qərb ölkələri üçün də keçərli olmuşdur. Qadınların azad insan kimi yaşaya bilmələri üçün başqa amillər də lazımdır.

Məsələn, ölkəmizdə qadınların çoxunun konstitusiyada onlarla bağlı hansı haqların tanındığı haqda heç bilgiləri yoxdur. Digər tərəfdən, qadınlar iqtisadi müstəqilliklərinə qovuşmadıqları müdətcə hər zaman onların möhtac olduqaları atanın, qardaşın, ərin əmrinə kölə kimi tabe olmaqdan başqa çarələri olmayacaqdır. Bu üzdən də hər şeydən əvvəl qadınlar iqtisadi azadlıqlarına qovuşmalıdırlar.

Çünkü iqtisadi azadlıqları olmayan ölkələr və millətlər başqalarına tabe olmaq məcburiyyətində olduqları kimi, iqtisadi azadlıqları olmayan qızlar heç bir şəkildə müstəqil insan ola bilməzlər.
Qadınların iqtisadi fəaliyyətlərdə özlərinə yer etmələri üçün ölkənin ümumi inkişafı qaçınılmazdır. Lakin bir də iqtisadi inkişafın yanında həm də mədəni inkişaf da meydana çıxmalıdır.

Hər bir qız və onun ailəsi mədəni qanunlara görə hərəkət edərək ənənələrin qızların həyatı üzərinə qənim kəsilməsinə son verməlidir. ”Qız yükü duz yükü”, ”Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, ”Qızını döyməyən dizini döyər” və digər bu kimi antinsani adət-ənənələr müasir insanın və müsasir toplumun dünyagörüşündə və sosial həyatında özünə yer etməməlidir. Ayrıca, müqəddəs dinimiz adına qadın həyatını sömürən saxta din anlayışına da meydan verilməməlidir.

İslam dinin kitabı Qurandır. Quranın heç bir bilgisi modern qanunlarla qarşı-qarşıya gəlməməkdədir. Hələ yüz il bundan əvvəl ziyalılarımız mollalıq institutu mərkəzli din anlayışına qarşı gələrək onu tənqid etmişlər. Çünkü mollalıq qurumu mərkəzli din anlayışı ”Ölülər” tərbiyə edərək Şeyx Nəsrullahlar timsalında ”Nazlı” kimi kiçik yaşlı qızların həyatını özünə yem etmişdir.

Ölkəmiz dünyəvi və sekulyar qanunlarla idarə edilərkən adət-ənənələrin fərdi həyata müdaxiləsi əngəllənməlidir. Yoxsa bu konstitusiya nə üçündür? Bir fərd olaraq qadının həyatını güvəncə altına almaq üçün müasir konstitusiya mövcuddur.

Modern anayasa bütün dünyada, o cümlədən bizim ölkəmizdə xalqın həyatını törələrin və adət-ənənələrin basqısından xilas edərək hüquqa bağlamaq üçün vardır. Şübhəsiz ki, bu istiqamətdə qanunları ölkəmizdə tətbiq edən dövlətimizin üzərinə böyük məsuliyyət düşməkdədir.

Aysel Abdullazadə…

Dosye.org

COMMENTS