Ölkədə futbol dayandırılacaq

Milli komandamızın “Avro-2016”da İtaliya (10 oktyabr) və Xorvatiyaya (13 oktyabr) qarşı keçirəcəyi rəsmi oyunlarla əlaqədar Azərbaycan Premyer Liqasında uzunmüddətli fasilə yaranacaq.

 

Qol.Az-ın xəbərinə görə, Premyer Liqada sentyabrın 28-də yeddinci tura yekun vurulduqdan sonra millinin təlim-məşq toplanışı başlanacaq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az-a açıqlamasında hələlik millinin hazırlıq proqramının təsdiqlənmədiyi üçün məşqlərin nə vaxt başlanacağı haqda məlumat verməyib.

Amma, əvvəlki təcrübədən çıxış edərək güman etmək olar ki, millinin təlim-məşq toplanışı yeddinci tur başa çatdıqdan 1-2 gün sonra başlanacaq və futbolçular oktyabrın 13-ü Xorvatiya ilə səfərdəki matç bitənə qədər millinin düşərgəsində olacaq.

Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın milli komandamıza dəvət olunacaq futbolçuları isə təlim-məşq toplanışının ilk günlərində hazırlığa qoşulmayacaqlar. Bu, Ağdam klubunun üzvlərinin oktyabrın 2-də səfərdə İtaliya “İnter”i ilə qarşılaşmasına görədir. “Qarabağ”lı oyunçular böyük ehtimalla oktyabrın 4-ü millinin düşərgəsində olacaqlar.

Azərbaycandan fərqli olaraq, Avropanın bir çox ölkəsinin milli çempionatında oktyabrın 4-5-i aralığında, həftəsonu oyunlar təxirə düşməyib. Ölkəmizdə isə milli komandanın oyunları səbəbindən Peşəkar Futbol Liqası səkkizinci turun matçlarını oktyabrın ilk beş gününə deyil, millinin Xorvatiya ilə son matçından sonraya təyin edib.

Konkret olaraq, PFL-in təsdiq etdiyi kimi, Premyer Liqamızda səkkizinci tura oktyabrın 17-də start veriləcək. Bu isə o deməkdir ki, yeddinci tur başa çatdıqdan (sentyabrın 28-i) sonra Azərbaycan çempionatının yüksək liqasında üç həftəyə yaxın, düz 19 gün oyun olmayacaq.

Bu müddətdə klublarımızdan bəziləri Azərbaycanda, bəziləri isə xaricdə təlim-məşq toplanışı keçirməyi nəzərdə tutub.

COMMENTS