Zardablı qoca YAP-çı mətbuata müraciət etdiyinə görə icra başçısı onu polislə hədələyib
Ötən günlərdə Zərdab rayonunun Çallı kənd sakini, 62 yaşlı YAP üzvü Sovqat Zamanov JAM.AZ-a müraciət edərək, rayonun icra başçısı və birinci müavini ondan 3000 manat pul istəyir. Səbəbi də budur ki, həmin pulun müqabilində qanuni torpaq sahəsini əhatələdiyi hasarı sökməsinlər.
Bu açıqlamasından sonra Sovqat Zamanova təzyiqlər edilib. Bu barədə JAM.AZ-a açıqlama verən Zərdab sakini bildirib ki, icra başçısı Lütfəli Babayev onu həbs etdirəcəyi ilə hədələyib. «Mətbuatda müraciətim dərc olunandan Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev evimə polis əməkdaşları göndərib. Mənə hədə -qorxu gəlib ki, niyə mətbuatda çıxış etmisən. Məndən Zərdab Rayon Çallı bələdiyyəsinin verdiyi arayışı istədilər. Hansı ki, həmin arayışda hasar çəkdirdiyim torpağın mənə məxsus olduğu qeyd edilib ki, bu sənəd Lütvəli Babayevin hasarımın qanunsuz sökdürdüyünü təsdiq edir. Mən isə bələdiyyənin arayışını polislərə vermədim. Mənə icra başçının ismarıcını çatdırdılar ki, elə etməsin ki, nəinki, torpağına, hətda evinə, ailəsinə həsrət qalacaq. Mənası isə budur ki, mənidə şərlətdirib həbs etdirəcək. İcra başçısı Lütvəli Babayev belə işlərdə artıq peşəkarlaşıb».
Sovqat Zamanov bildirir ki, artıq 3 gündür stresdən xəstələnib, hazırda isə Bakı şəhərində müalıcə olunur. «Özümü çox pis hiss edirəm. Əgər ölsəm, bunun səbəbkarı icra başçısı Lütvəli Babayev olacaq. Mənim 62 yaşım var, bu yaşıma kimi indiyə qədər görmədiyim qanunsuzluqla üzləşmişəm. Hələdə özümə gələ bilmirəm».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
COMMENTS