“Onlar ölkəyə rəhbərlik etsələr, sevmədiklərini küçədəcə öldürərlər”

Satiraçı – şair özünə qarşı mənəvi terror kampaniyasının aparılmasından şikayət edir: “Mənim iradım o idi ki, xalqın adından yalançı bəyanatlar verməyin”

Hazırda Belçikada mühacirətdə olan satiraçı-şair Mirzə Sakit sosial şəbəkədəki statuslarında özünə qarşı mənəvi terror kampaniyasının aparılmasından şikayətlənir. Bu terrorun detallarını və müəlliflərini öyrənmək məqsədilə onunla virtual söhbət etdik. Müsahibimizdən öncə problemin hardan və necə qaynaqlandığını soruşduq. O dedi:

– Əslində hamımızın bir problemimiz var və o problemlərimizi də hər gün qabardırıq. Həmin problemlərin konkret ünvanlarını çoxsaylı insanlar kimi mən də göstərirəm və hamı kimi bu haqda mən də yazıram. Necə olur ki, başqaları bu haqda yazanda demokratik hesab olunur, amma mən yazanda qan düşür.
 
Əgər bu problem bir nəfərin şəxsi problemi hesab olunursa heç kim bu haqda bir kəlmə də olsa yazmaz və deyərlər ki, insanın şəxsi işlərinə müdaxilə etmək olmaz…

Mən də öz növbəmdə həmin bu ümumi problemlərimiz haqda yeganə tribunam olan sosial-şəbəkələrdə yazmışam. Məsələnin görünən tərəfi budur ki, bu problemlərin yaranma səbəblərinin mənbəyi bu hakimiyyətdirsə, eyni zamanda müxalifətin də burada öz payı var, vətəndaşların da… Zaman-zaman Əli Kərimlini də, İsa Qəmbəri də haqlı olaraq tənqid etmişəm və bu davamlı da olacaq… (Hələ Arif Hacılıya “bismillah” etməmişəm).
Mən də vətəndaş olaraq, öz suç payımı da etiraf edirəm. Cəmiyyətdə yaranmış bütün bu arzuolunmaz halların baiskarları hər birimizik. Bunun daha çox qabarıq hissəsi siyasi fəaliyyətlə məşğul olan insanların payına düşür. Mən də bunları deyəndə nədənsə əyrilərin gözündə çox əcaib görünürəm… Necə ki:

“Bir sözümə düz papağım yan düşür,

Ay həzərat, mən nə desəm qan düşür”…

– Yəni tənqidlərinizi yazandan sonra nələr baş verib, nələr yaşanıb?

– Mənim tənqidi yazılar yazmağım yeni iş deyil və bunu facebook üzərindən etməmişəm, ilk tənqidi yazılarım bu gün mənimlə dartışan adamların məhz öz qəzetlərinin səhifələrindən başlayıb. O zaman “Eşq olsunlar”ın ağuşunda itib-batırdım, indi də həmin adamların “Lənət olsun” mükafatlarının daim qonağıyam. Məni tanıyanların hər biri gözəl bilirlər ki, mənim üçün tənqid etmə məhdudiyyəti yoxdur; kimi istəsəm tənqid edirəm, hətta dostumu da, qohumumu da, özümü də… Milli Şura yaranmamışdan öncə İctimai Palata deyilən bir qurum var idi, mən də o qurumun üzvü idim və buna baxmayaraq həmin qurumun yararsız olduğunu hər zaman tənqid edirdim. Gördüyünüz kimi də o qurum iflasa uğrayaraq öz yerini başqa bir ölü qurum olan Milli Şuraya verdi. Milli Şuranın da ömrü lap az oldu. Son prezident seçkilərindən dərhal sonra Milli Şura öz ömrünə əlvida deyərək əbədiyyətə qovuşdu. Bu gün  Şura adı altında keçirilən mitinqlərin o Şuraya qətiyyən dəxli yoxdu. Onu da deyim ki, həmin Milli Şuranın arxitektoru, hörmətli rejissorumuz cənab Rüstəm İbrahimbəyov zamanında öz missiyasını başa vurub, Şuradakılara İctimai Palata kimi əlvida deyərək çıxıb getdi və sonradan “Gözlə gələcəyəm qurbanın olum” , –  desə də, fakt budur ki, gəlmədi. Ona görə gəlmədi ki, bu adam Azərbaycandakı anti-demokratik idarəetmənin köklü şəkildə dəyişməsində qətiyyən maraqlı olan şəxs deyil. Onun bu hakimiyyətdən xırda bir “dost incikliyi” vardı, o incikliyin səbəbindən də Milli Şura doğuldu. Doğulan kimi də yeni doğulan “körpə” ana bətnində olarkən kəllə-beyin travması aldığından, yuxarıda dediyim kimi, dünyasını dəyişdi. Bu bir.

İkincisi, Milli Şuranın ətəyindən yapışıb əlində dəstəvuz edən “Yurd” adlı təşkilat öz acı taleyinin ömrünü bir az da uzatmaq üçün Milli Şura adından yararlanmağa çalışdı. Yeri gəlmişkən, Azərbaycanda AXCP adında partiya yoxdur, bu partiyanın adından spekulyasiya edən insanlar var. AXCP-ni mərhum Əbülfəz Elçibəy özü ilə götürüb apardı. Ona görə apardı ki, o bilirdi onu ən çox söyən, özü də ağır təhqirlərlə söyənlər “Yurd” əcinnə-şəyatinləridi. O da fikirləşdi ki, söyürlərsə heç olmasa məni söysünlər partiyanı yox… “Yurd”çuları tənqid etməyimi heç vaxt gizlətməmişəm, necə ki, bu hakimiyyəti açıq tənqid etdiyim kimi onları da hər zaman açıqca tənqid etmişəm.

Gerizəkalı insanlar bəzən mənə deyirlər ki, sən o adamlarla şəxsi ədavət aparırsan. Onların bu ittihamı kökündən yanlışdır, mən şəxsi ədavət aparmıram, onlar mənə yamanlıq edən vaxtlar mən tək deyildim, ailə üzvlərimin sayı yeddi nəfər idi, yeddi nəfər insanın bu cəmiyyətin üzvləri olduğunu nəzərə alsaq, deməli, onlar yeddi nəfər Azərbaycan vətəndaşlarına qarşı çox böyük günah işlədiblər.

– Mirzə, konkret problemin hansı situasiyadan sonra yenidən alovlandığına qayıda bilərikmi?

– Bu yaxınlarda rəhmətlik Milli Şuranın funksionerlərindən biri  Eldəniz Quliyev cənabları öz facebook səhifəsində mənim haqqımda çox təhqirli məzmunda bir neçə statuslar paylaşdı. Mən də onun öz yazdığı statusları “kopyalayıb” öz səhifəmdə paylaşaraq, insanlara təqdim etdim. Və yazdım ki, baxın, özünü ziyalı adlandıran bir şəxsin yazdığı təhqirlərə fikir verin. Hətta o yazılarında mənim valideynlərimi də təhqir etməkdən çəkinməmişdi. Mənimsə iradım o idi ki, xalqın adından yalançı bəyanatlar verməyin. Çünki Milli Şura bəyan edərək demişdi ki, “Xalq mitinq tələb edir”…

Mən demirəm ki, bu xalq bu hakimiyyəti sevir… Mən deyirəm ki, bu xalq bu hakimiyyəti sevmir, amma qorxur. Sənə də inanmır, çünki güvənci yoxdur sənə. Ona görə də xalqın adından yalançı bəyanatlar vermək xalqa qarşı böhtan deməkdir.  Bax, mən bunu demişdim. Amma buna görə məni təhqir etmək, özü də bu təhqirlərin məhz özünü “ziyalı” adlandıran bir kəs tərəfindən səslənməsi Milli Şuranın vəfatının ildönümünə təsadüf etdi. Bir də ki, cənab Eldəniz Quliyev orda yazır ki, guya mən Cəmil Həsənlini və Rüstəm İbrahimbəyovu təhqir etmişəm. Bu, tamamilə yalandır. Mən onun məni təhqir etməsindən sonra baxmışam ki, onun yazdığı statusun altında Əli Kərimlinin başdanxarab bir əmisi oğlu var, İnqilab Kərimov. O adamın orda mənə hansı söyüşləri yağdırmasından sonra belə qərara gəldim ki, İnqilab Kərimov “Yurd” təşkilatının üzvü yox, “Əmoğlu partiyası”nın üzvüdür…

Ona görə də orda mən İnqilab Kərimovun, Eldəniz Quliyevin, Əli Kərimlinin adını çəkmişəm… Ən acınacaqlısı isə o idi ki, Eldəniz Quliyevin məni söyüşlərə qərq etdiyi statusu “Yurd” təşkilatının rəhbərlərindən Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və o biri funksionerləri də sevincək “layk” etmişdilər. Amma birinin də vicdanı çatıb orda yazmamışdılar ki, adamı təhqir edirsinizsə də, valideynləri ilə nə işiniz var…

– Adını çəkdiyiniz şəxslərdən başqa sizinlə ədavət aparan başqa kimlər var?

– Bundan başqa hazırda Hollandiyada yaşayan dostum Fikrət Hüseynli lap “gül vurdu”.  Deməli, Fikrət bəy Eldəniz Quliyevi önləməyi bacardı. O məni təhqir etmə yarışının qalibi oldu. Yenə də Gözəl Bayramlı, Fuad və onların əcinnə-şəyatin dəstələri Fikrət bəyin statusunun altına qondular. Eybi yox, təhqir etsinlər. Bu təhqirlər və yamanlamalarla məni susdurmaq fikrindədirlərsə, yazıq adamlardılar. Mənə qəribə gələn o oldu ki, axı bu Fikrət bəy özü bir neçə il bundan öncə Avropa şəhərlərinin birində gecə vaxtı küçədə dəli kimi öz-özünə “Ay Əli Kərimli heeeeyyyy…” (bu hissə qeyri-etik olduğundan, ifadələri yazmırıq – S.T.) deyəndə və mən ona irad bildirib deyəndə ki, ay qardaş adamın özünü söyürsənsə dədəsi ilə nə işin var axı. O da “məhz elə onun dədəsi söyülməlidi ki, belə bir ”mrazı” əkib başımıza bəla edib”,  deməsi idi… Bundan başqa, təxminən üç ay öncə Fikrət bəy Cəmil Həsənlini kukla və Milli Şuranı da kukla teatrı adlandırıb, indi də kimlərəsə xoş gəlmək üçün yazdığı o statusu görəndən sonra bir daha “Yurd” virusunun insanlar üçün necə qorxulu bir xəstəlik olduğuna əmin oldum…

– Bunun arxasında AXCP rəhbərliyinin ola biləcəyinimi düşünürsüz?

– Özünüz əmin olmaq üçün dediyim adamların facebook səhifələrindəki təhqirli statusları izləsəniz həmin “laykovşikləri”n “Yurd” rəhbərliyi olduğunu əyani şəkildə görə bilərsiniz.
Bu rəhbərlik bu ağılla, bu təfəkkürləmi ölkəyə rəhbərlik etmək iddiasındadır? Bu adamları yaxından tanıdığıma görə sizi əmin edib bildirirəm ki, bu əcinnələr çox yox, ikicə həftəlik ölkəyə rəhbərlik etsələr, xoşlarına gəlməyən adamları qətiyyən həbsxanalara atmazlar. Ona görə ki, sevmədiklərini küçədəcə təpikləyib öldürərlər, həbsxanaya da ehtiyac olmaz.

Tanrımdan isə bir təvəqqem var: “Dəvəyə qanad, ”Yurd” əcinnələrinə hakimiyyət, Mirzəyə də qələmsizliyi qismət etməsin “. Amin…

P.S. Yazıda adları çəkilən hər bir kəsi dinləməyə və onların da mövqelərini dərc etməyə hazırıq.

COMMENTS