Onu tanıyan hər kəs  bilir ki…

Onu tanıyan hər kəs bilir ki…

Bu günlərdə facebook sosial şəbəkəsində ADAU-nun rektoru, professor İbrahim Cəfərovun yazdığı bir status diqqətimi cəlb etdi.

Həmin statusda İbrahim Cəfərov yazmışdı: “Dəyərli tələbələrim, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyinin fəaliyyəti Sizi qane edirmi?” Burada yüzlərlə insanın, ən çox da tələbələrin  yazdığı şərhlər  bu suala tam cavab verir. Ona görə mən də bir ziyalı kimi  öz fikirlərimi yazmaq qərarına gəldim.

Ölkənin təhsil məkanında Azərbaycan Dövlət Aqrar Universitetinin xüsusi çəkisi və yeri var. Ölkənin iqtisadi qüdrətinin artırılmasında,  ərzaq məsələlərinin həllində mühüm rol oynadığına görə bu təhsil müəssisəsi həyati əhəmiyyət daşıyır. Elə bu səbəbdən də aqrar sahəyə göstərilən dövlət qayğısı ilbəil artır.

Məlumdur ki, aqrar sahənin dinamik  inkişafı ilk olaraq aqrar təhsilin inkişafından  keçir. Ona görə də  keyfiyyətli təhsil mühiti və təhsil şəraiti yaradılmalıdır. Bu missiyanı isə ölkəmizdə yeganə aqrar təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universiteti həyata keçirir. Əminliklə demək olar ki, bu gün Azərbaycan Dövlət Aqrar Universitetində keyfiyyətli kadr hazırlığı üçün hər  bir şərait yaradılıb, aqrar təhsili tədris edən kifayət qədər bacarıqlı professor-müəllim heyəti formalaşıb. Tədris korpusları dünya standartlarına uyğun qurulub, lazımi  maddi-texniki baza ilə təmin olunub. İbrahim Cəfərovun  rektor  işlədiyi  son  illərdə universitetin təhsil şəraitində tək ölkə mütəxəssislərini deyil, Avropa mütəxəssislərini də heyrətə gətirəcək işlər görülüb.
Keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları yalnız  ADAU-da həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir. Elmi Şuranın  qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilir.
ADAU-nun tələbə yataqxanaları, tədris binaları tam təmirlidir, maddi-texniki bazası çox yüksək səviyyədədir və müasir tələbləri  ödəyir. Tədris binalarının  həyəti yaşıllığa bürünüb, qədim və əzəmətli çinarlarla, eləcə də müxtəlif ağaclarla əhatə olunub. Təkcə “Mühəndislik” fakültəsi yerləşən binanın  həyətində bu tədris ilinin başlanğıcında universitet əməkdaşlarının zəhməti hesabına istifadəyə verilən tələbə parkı tələbələrin və universitet əməkdaşlarının  ən sevimli istirahət yeridir. Rəngbərəng güllər ilin bütün fəslində göz oxşayır. Bütün bunlar isə tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə  böyük təsir göstərir. Burada şəhidlərimizin xatirəsinə abidə ucaldılıb, park ərazisində velosiped yolu salınıb, istirahət zonaları abadlaşdırılıb,fiqurlardan ibarət kompozisiyalar quraşdırılıb.
ADAU-ya  2013-cü ildən  AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov rəhbərlik edir. Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rektordur. O, həm rektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimli müəllimi olub. Məhz buna görə də professor İbrahim Cəfərov dəfələrlə “ilin ən yaxşı rektoru” adlı sosial tələbə sorğusunda qalib olub. Onun peşəkar rəhbərliyi sayəsində ADAU-da keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilib. İbrahim Cəfərov  öz peşəkarlığı, qayğıkeşliyi ilə ad-san çıxaran, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edən bir rektordur. Onu tanıyan hər kəs  bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə çoxlarından  fərqlənir. O, rəhbərlik etdiyi kollektivin əməkdaşlarına,eləcə də tələbələrə  maksimum diqqət və qayğıyla yanaşır, problemlərini həll edir, onların dövlətimizə və Prezidentimizə inamını artırır.
İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təkliflərini dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır.
Bu insan bu günədək bir dəfə də olsun tədris etdiyi dərsdən qalmayıb və ya onun yerinə bu dərsi basqası tədris etməyib. Sosial şəbəkələr onun keçdiyi dərslərin videoyazıları ilə doludur. Tələbələrlə çox səmimi münasibətdədir. Vaxtaşırı həm tədris korpuslarında, həm də tələbə evlərində onların arasında olur, problemlərini dinləyir, qayğıya, diqqətə ehtiyacı olana tək rektor kimi yox, öz doğması kimi isti münasıbətini əsirgəmir. Bu da tələbə ilə rektor arasında olan qarşılıqlı  hörmətin olması və  nəticə etibarı ilə uğura gedən yolun başlanğıcı deməkdir.
Bir sözlə, ADAU-nun son  illərdə imza atdığı bütün uğurlar onun rektorluq dövrünə düşür. Bütün bu göstəricilər onu təsdiq edir ki, həqiqətən də Azərbaycan Dövlət Aqrar Universitetində tədris və təlim çox yüksək səviyyədə təşkil edilib. Tələbələrə dərs deyən müəllimlər mütəmadi olaraq təhsildəki yenilikləri və müasir texnologiyaları çox bacarıqla dərs zamanı tətbiq edirlər.
Lakin, son günlərdə  bəzi saytlarda Azərbaycan Dövlət Aqrar Universitetinin və onun rəhbərliyinin fəaliyyətinin gözdən salınması, nüfuzuna xələl gətirilməsi məqsədilə böhtan xarakterli silsilə yazılar verilir. Lakin, kimin kim olmağını hər kəs yaxşı bilir, çünki görməyə  göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun.
Bir daha ADAU  ilə əlaqələrim olduğuna görə  bildirmək istəyirəm  ki, verilmiş yazılar həqiqəti əks etdirmir, real faktlara əsaslanmır. Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında İbrahim müəllimin böyük zəhməti vardır. İ.Cəfərovun rəhbərliyi ilə görülmüş işlər nəticəsində  bu gün ADAU  ölkənin ən qabaqcıl və nümunəvi təhsil ocaqları sırasına daxil edilib.
İmtahan sessiyasında yaradılmış obyektivliyin nəticəsidir ki, mənim həmin universitetə bu il qəbul olmuş oğlum bütün imtahanları əla qiymətlərlə başa vurdu. Belə şərait yaratdığına görə İbrahim Cəfərova  bir valideyn kimi, bir ziyalı kimi öz təşəkkürümü bildirirəm. Bu  çətin və şərəfli işində İbrahim müəllimə, eyni zamanda  bütün kollektivə gələcək işlərində uğurlar arzulayıram.
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin kafedra müdiri, dosent

COMMENTS