Ordumuz İrəvana girə bilərmi? – Politoloq DETALLARI AÇDI

Ordumuz İrəvana girə bilərmi? – Politoloq DETALLARI AÇDI

Rusiyalı ekspertlər, konkret olaraq Aleksey Xlopotov hesab edir ki, Ermənistan Bakını problemin güc yolu ilə həllinə məcbur edəcək. Rus ekspert düşünür ki, 5 ildən sonra müharibə qaçılmazdır və budəfəki müharibə daha qlobal şəkildə olacaq.

Xlopotovun fikrincə, Bakı Qarabağı ermənilərdən tamamilə təmizləməyə, hətta Ermənistan ərazisində bir sıra əməliyyatlar keçirməyə məcbur qalacaq. Rusiyalı hərbi ekspert düşünür ki, Azərbaycan Ordusu İrəvanı ələ keçirdikdən sonra siyasi yenidənqurma haqqında razılığa gəlməlidir.

Azərbaycan İrəvana daxil ola bilərmi? İndiki və ya 5 il sonrakı proseslərdə bu mümkündürmü?

Politoloq Elxan Şahinoğlu  açıqlamasında söyləyib ki, hazırda Azərbaycanın qarşısında duran bir neçə məsələ var:

“Onlardan birincisi Qarabağda yerdə qalan hədəflərə çatmaqdır. Biz bu istiqamətdə ümumilikdə 85% məsələləri həll etmişik. Biz Xankəndiyə, Şuşanın kəndlərinə, Xocalıya qayıtmalıyıq. Digər ərazilər bizim nəzarətimizə keçməlidir. Bu kimi məsələləri həll etməliyik. Oradakı separatçılar tərk-silah olunmalıdır. Ermənistan-Azərbaycan sərhədini tam nəzarət altına götürməliyik. Birinci mərhələdə bu işlər görülməlidir”.

Politoloqun fikrincə, bununla paralel olaraq, ikinci mərhələdəki fəaliyyətimiz Zəngəzur dəhlizinin açılmasıdır:

“Ermənilər bu məsələni yubatmağa çalışırlar. Biz isə bu məsələni sürətləndirməliyik. Bu nüans bəyanatlarda da yer alıb. Sonrakı mərhələdə bizim İrəvana, Ermənistanın digər ərazilərinə iddialarımızla bağlı işlər görməliyik. Həmin ərazilər bizim tarixi torpaqlarımızdır. Zaman-zaman bu kimi məsələlərlə bağlı müzakirələr aparırıq. Dediyim kimi, bizim qarşımızda əsas iki hədəf var və biz bu hədəflərə çatmalıyıq. Əgər Ermənistan təxribatlarına ara verməsə, biz psixoloji təzyiqlərimizi davam etdirməliyik. Azərbaycanın tarixi torpaqları məsələsi gündəmə gətirilməlidir. Artıq ermənilər Qarabağı unudublar. İndi demək olar ki, Qarabağ məsələsindən danışmırlar”.

Elxan Şahinoğlu düşünür ki, ermənilərin hazırda danışdıqları yeganə mövzu Zəngəzurdur:

“Bu, bizim maraqlarımız baxımından çox doğru taktikadır. Çünki onları məcbur edirik ki, bu mövzuları da beyinlərində saxlasınlar. Biz izah edirik ki, əgər Ermənistan bizim şərtlərimizə əməl etməsə, o zaman Zəngəzuru da nəzarət altına ala bilərik. Fikrimcə, bu, strateji baxımdan çox doğru strategiyadır”.

Ermənistan Zəngəzur dəhlizini açmasa, Azərbaycan güc tətbiq edə bilərmi? – sualına cavab verən Elxan Şahinoğlu söyləyib ki, bu məsələdə rəsmi Bakı ilk növbədə Kremlə müraciət etməlidir: “Rusiya zəhmət çəkib Ermənistanı başa salmalıdır. Çünki 10 noyabr bəyanatı məhz Rusiyanın həmmüəllifliyi ilə hazırlanıb və imzalanıb. Rusiya nökərinə təzyiq edib onu bu məsələdə sürətləndirməlidir. Əgər bu məsələ Rusiyanın vasitəçiliyi ilə həll olunmazsa, indiki mərhələdə bizim də əlimizdə bir alət var. Laçın dəhlizini ermənilərə qapada bilərik”.

Politoloq qeyd edib ki, Türkiyə də davamlı olaraq bizə öz dəstəyini verməkdədir: “Rusiya Ermənistan tərəfdən bizə hansısa təzyiq etmək istəsə, Türkiyə müdaxilə edə bilər. Bu kontekstdə sərhəd və digər məsələləri nəzərdə tuturam. Belə olan halda Türkiyənin Azərbaycana dəstəyi daha da artacaq. Bu, şübhəsizdir”.

COMMENTS