Ordumuzun Fərrux dağında mövqe tutması tam qanunidir

Ordumuzun Fərrux dağında mövqe tutması tam qanunidir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bölmələrinin öz mövqelərini dəqiqləşdirmələri, Qarabağ regionunun Fərrux dağında mövqe tutmaları nədənsə bəzi dövlətləri və qüvvələri narahat edib və yersiz bəyanat veriblər.

Ermənistanın mövqeyi bəllidir. Ermənistan hər zaman Azərbaycana qarşı qeyri-konstruktiv, yalançı iddialarla çıxış edib, eyni zamanda, dünya dövlətlərinə yaranmış reallıqları başqa istiqamətlərə yönəltmək üçün həqiqətə uyğun olmayan məlumatlar verməyə çalışıb.

Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı ATƏT in Minsk qrupunu yenidən proseslərə qoşmaq niyyəti güdürlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışında qeyd edib ki, Qarabağa hər hansı statusun verilməsi haqqında heç bir söhbət gedə bilməz. Ermənistan və onu müdafiə etmək istəyən dövlətlər də bilməlidilər ki, Azərbaycan ərazisində yalnız Qarabağ iqtisadi zonası mövcuddur. Minsk qrupu da çoxdan ölmüş və dəfn olmuş bir qurumdur.

Azərbaycan hərbçilərinin Fərrux kəndində və dağında mövqe tutması tam qanunidir. Fərrux dağı strateji cəhətdən elə bir ərazidə yerləşir ki, burada Ağdam rayonunun bəzi kəndlərinə gələcəkdə buraya köçürüləcək sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün və Əsgərandan Xankəndinə gedən yola nəzarət etmək baxımından çox əhəmiyyətlidir. Azərbaycan Silahlı Qüvvələrinin bu mövqedə yerləşməsi ilə bağlı Rusiya Federasiyasının Müdafiə Nazirliyinin bəyanatı və Rusiya Sülhməramlı Qüvvələrinin hərəkəti başa düşülən deyil.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vaxtında və qətiyyətli şəkildə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin bəyanatına cavab verdi. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bilməlidir ki, 2020 ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyannamənin 4-cü bəndinə əsasən Ermənistan ordusu və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinin ən əsas vəzifələrindən biri bu silahlı dəstələrin Qarabağdan tam çıxarılmasını təmin etməkdir. Təəssüf ki, bu vəzifə hələlik icra edilməmişdir. Digər tərəfdən 2022-ci il fevralın 22-də “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanmışdır. Bəyannamənin 1-ci bəndində qeyd edilib ki, Rusiya ilə Azərbaycan öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurulur.

Bəyannamənin 18-ci maddəsində də göstərilir ki, Rusiya və  Azərbaycan terrorçuluğa, separatçılığa qarşı birgə mübarizəni özündə ehtiva edir. Rusiya Federasiyasının Müdafiə Nazirliyi və Sülhməramlı Qüvvələri, Rusiya Federasiyasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanının üçtərəfli və ikitərəfli Bəyannamələrindəki imzasına hörmət etməlidirlər.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Ermənistanla sülh sazişi bağlamağa hazır olduğunu bəyan edib. Bununla bağlı Azərbaycan tərəfi Ermənistana mehriban qonşuluq və qarşılıqlı hörməti özündə ehtiva edən şərtləri təqdim edib. Ermənistan tərəfi bu fürsətdən yararlanmalıdır. Əgər Ermənistan tərəfi başqa fikirlərə düşərsə, Azərbaycan masa üzərindən bu şərtləri geri çəkəcəyi halda onları hansı aqibət gözləyəcəyini başa düşməlidir.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

COMMENTS