Müdafiə Nazirliyinin rəhbər heyəti 2025-ci ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən komanda-qərargah təlimini izləyib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Xəritə üzərində tapşırıqlar dəqiqləşdirildikdən sonra komandir heyətinin qərarlara dair müvafiq məruzələri dinlənilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, plana uyğun olaraq, “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb. Döyüşə hazırolma vəziyyətinə gətirilmə üzrə ərazidə maskalanma və mühafizənin təşkilinə dair fəaliyyətləri yerinə yetirən bölmələr, həmçinin müasir üsul və vasitələrin tətbiqi ilə döyüşaparma və özünümüdafiə üzrə məşğələləri icra ediblər.
Müdafiə naziri bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin qərar qəbuletmə və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, qərargahlar və bölmələr arasında qarşılıqlı əlaqənin təmin olunması məqsədilə keçirilən təlimin gedişatını müsbət qiymətləndirib.
General-polkovnik Z.Həsənov şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Sıradan bir hazırlıq olsa da, regionda artan gərginliklər fonunda diqqət çəkir.
DOSYE.ORG xəbər verir ki, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, hərbi təlimlər öncədən qəbul edilmiş plan üzrə və zərurət olanda plandankənar həyata keçirilir. Bu günlərdə keçirilən komanda-qərargah təlimləri adi və öncədən tərtib olunmuş plana əsasən keçirilən təlimlərdir: “Qoşunların döyüş hazırlığının yüksək səviyyədə olması daim yoxlanmalıdır və qiymətləndirilməlidir. Bütün bölmələr üzrə yoxlanılır və hər birinin qarşısında konkret tapşırıqlar qoyulur. Güman etmirəm ki, haqqında söhbət etdiyimiz komanda-qərargah təlimləri sırf hazırda regionda müşahidə olunan gərginliklərə görə keçirilir”.
COMMENTS