Ötən il universitetlərdən nə qədər tələbə xaric olunub?

Bu gün ali məktəblərə qəbul olanların qeydiyyat prosesi başa çatır. Sentyabr ayında universitetlər yeni tələbələri qarşılayacaqlar. Müxtəlif səbəblərdən tələbələrin bəziləri vaxtından əvvəl ali təhsil ocağını tərk edir.

 

Modern.az universitetlər arasında sorğu keçirib. Ötən tədris ilində (2013-2014) universitetdən nə qədər tələbə xaric olunub? Xaric olma səbəbləri arasında nələr üstünlük təşkil edir?

 

Mədəniyyət və İncəsənət Universitetinin tədris şöbəsinin müdiri Fəxriyyə Kərimova: “Ötən tədris ilində İncəsənət Universitetindən akademik borca görə 13 nəfər, öz xahişi ilə 4 nəfər xaric olunub. İki nəfər də vəfat edib”.

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev: “Qafqaz Universitetindən 2013-2014 tədris ilində 1 nəfər tələbə öz istəyi ilə ayrılıb. Həmin tədris ilində isə 6 nəfər yerli və xarici təhsil müəssisələrindən Qafqaz Universitetinə köçürülüb”.

 

İqtisad Universitetinin mətbuat xidməti: “2013-2014-cü tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetindən 121 tələbə bu səbəblərdən xaric olunub: Normadan artıq dərs buraxdığı üçün I semestr ərzində əyani şöbədən – 39 tələbə; akademik borca görə I semestr ərzində qiyabi şöbədən – 34 tələbə; öz xahişi ilə – 26 tələbə, öz arzusu ilə xaricdə təhsil üçün – 16 tələbə; xarici universitetlərə köçürülmə ilə bağlı – 3 tələbə; akademik məzuniyyətdən qayıtmadığı üçün – 2 tələbə; Səhhəti ilə əlaqədar – 1 tələbə.”

 

Tibb Universitetinin tədris hissə müdiri Nəsimi Qasımov: “2013-2014-cü tədris ilində Tibb Universitetindən 21 yerli tələbə, 45 xarici tələbə xaric olunub. Xaric olunma səbəblərindən birincisi tələbələr qrant udub dövlət xətti ilə təhsilini dünyanın daha qabaqcıl ali təhsil müəssisəsində davam etdirmək üçün xaricə gedirlər, ikincisi ailə xaricə inteqrasiya edir, üçüncüsü tələbələr xarici ölkələrdə institutlara daxil olurlar. Hamısı da öz ərizəsi ilə xaric olunub”.

COMMENTS