Özəl liseylərdə bazar qiymətləri göstərilir

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb və məktəblərə birinci sinfə qəbul demək olar ki, yekunlaşmaq ərəfəsindədir.

 

Lakin bəzi valideynlər dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxumasını istəyirlər. Həmin məktəblərdə təhsilin səviyyəsi yüksək olsa da, qiymətlər heç də ürəkaçan deyil. İllik xərclər orta aylıq əmək haqqımızdan 10 dəfə, bəlkə də 20 dəfə çoxdur.

Azvision.az bunu nəzərə alaraq, Bakıda məşhur olan bir sıra özəl məktəblərin illik təhsil xərcləri ilə bağlı araşdırmalar aparıb.

Od tutub yanan qiymət – “TİSA- İnternational School of Azerbaijan”

Bu məktəbdə bağçaların təhsil haqqı 30 min dollar, orta məktəbin təhsil haqqı isə 40 min dollardır. Məktəb digər orta təhsil müəssisələrindən fərqli olaraq, 12 illikdir. Təhsil haqqını ildə 3 dəfəyə ödəmək olar. Ancaq 40 min dolların qarşılığında məktəbin nə avtobus servisi var, nə də uşaqlar yeməklə təmin olunur.

“British School”

Bu məktəbdə qiymətlər biraz fərqlidir. Belə ki, 1-6-ci siniflərdə yerli müəllimlərlə dərs il ərzində 15 min, xarici müəllimlər isə 17 min manata başa gəlir.

6-cı sinifdən sonra isə yerli müəllimlərlə dərslər 17 min manata, xarici müəllimlərlə 19 min manatadır.

“XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”- 8 000-10 000 manat

Bu məktəbdə Azərbaycan-rus bölməsi üçün illik təhsil haqqı 8000, ingilis dili bölməsi üçün isə 10 min manatdır. Dərslər saat 9-dan 6-ya qədər davam edir. Bu müddət ərzində isə şagirdlər gündə 3 dəfə yeməklə təmin olunur. Avtobus servisi isə yoxdur. Məktəbə qəbul olunarkən şagird onun məktəbə hazırlığını müəyyən edən test imtahanından keçir.

“İdrak” liseyi

“İdrak” liseyində təhsil haqqı 5500 manatdır. Bu qiymətə servis daxil olmasa da, gündə 3 dəfə yemək daxildir. Şagirdlər günün 10 saatını burada keçirirlər. Bu vaxtda keçilən dərslərdən əlavə, ev tapşırıqları hazırlanır, fənlər üzrə əlavə məşğələlər təşkil olunur.

“Dünya” Məktəbi

Xəzər universitetinin tərkibində olan “Dünya” məktəbinin illik haqqı 5000 manatdır. Bu qiymətə daşıma servisi də daxildir. Məktəbə qəbul şagirdlər bilik və bacarıqlarını müəyyən edən imtahan və müsahibə yolu ilə həyata keçirilir. İmtahanda uğur qazana bilməyən şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.

“Kaspi” liseyi

“Kaspi” təhsil şirkətinin təsis etdiyi bu özəl orta məktəbdə illik təhsil haqqı 4500 manat təşkil edir. Burada şagirdlər 1-ci sinifdən başlayaraq, 11-ci sinfə qədər təhsil alırlar. Bundan başqa, liseydə məktəbəqədər bölmə də fəaliyyət göstərir. İllik təhsil haqqı doqquz ay ərzində ödənilə bilər. Bu məbləğə məktəbli forması, kitablar, günorta yeməyi, şagirdlərin məktəbə gətirilib-aparılması, dərsdən sonra müəllimlərin uşaqlarla məşğul olmasına aid xərclər daxildir. Səhər saat 9-da dərs başlayır, saat 17-18-də qurtarır.

Qərb Universitetinin nəzdində ora məktəb

Qərb Universitetinin nəzdində olan orta məktəbdə dərslər bazar günündən başqa hər gün saat 9:00-da başlayır və saat 16:00-dək davam edir. Şənbə günü 10:00-dan 14:00-dək əlavə dərslər keçirilir.

Məktəbdə təhsil haqqı 4000 manatdır. əgər servis xidməti də əlavə edilsə, o zaman bu qiymət 4800 manat olacaq. Təhsil haqqına yemək də daxildir.

Əksər valideynlərin üstünlük verdiyi “Avropa litseyində”isə təhsil ödənişsizdir. Eləcə də S.C. Pişəvəri adına Humanitar fənlər gimnaziyasında da təhsil pulsuzdur.

P.S. liseylərin bir çoxundan təhsil haqqı olmasa da, əldə etdiyimiz məlumata görə, məktəbə qəbul üçün valideynlər ən azı 500 manat ödəməlidirlər

COMMENTS